{category-title}
Tovuzda səhiyyə sistemi ÖLÜM SAÇIR... - TƏHLÜKƏ
Azərbaycan səhiyyəsində həkim səhlənkarlığı daha bir ananın ölümünə səbəb oldu. Neçə illərdir ki, KİV nümayəndələri Tovuz səhiyyəsinindəki “bezpredel idarəçilik”lə bağlı həyacan təbili çalmaqdadırlar. Buna baxmayaraq, bu gün də rayonun səhiyyə müəssisələrində yaşanan acınacaqlı durum aradan qaldırılmır ki, qaldırılmır. Belə bir səbəblər üzündən də, səhiyyə müəssisələrinə müayinə və müalicə olunmaq, eyni zamanda digər məqsədlər üçün üz tutan sakinlərin narazılıqları “pik nöqtə”yə çatıb və sanki sakinlər arasında Tovuz səhiyyəsinə qarşı inamsızlıq hissi də formalaşıb. Hələ bunlar azmış kimi, Deryaz.az-ın əldə etdiyi məlumatlara görə rayonun səhiyyə müəssisələrində baş verən ara-sıra ölüm faktlarının varlığı da, artıq vəziyyətin dözülməz olmasından xəbər verir. Qeyd etdiyimiz belə bir faktların varlığına baxmayaraq, bugünə kimi bir kimsə eşitməyib ki, baş verən hadisələrlə bağlı rəhbər vəzifə sahiblərindən bir kimsə cəzalandırılsın. Sanki, süstlük, yenə də süstlük! Adicə bir faktı qeyd edək ki, ötən il ilan vurması səbəbindən zəhərlənən şəxsin problemini aradan qaldırmaq üçün MRX-da zərdabın tapılmaması və belə bir səbəb üzündən də, həmin şəxsin ilk əvvəl Gəncə şəhərinə, az sonra Bakı şəhərinə gətirilməsi onu söyləməyə əsas verir ki, Paşa Muradovun rəhbərlik etdiyi Tovuz səhiyyəsi “bataqlıq içindədir”.
Bu ilin iyun ayının 7-də baş verən növbəti faciəli olay da onu göstərir ki, artıq Tovuz səhiyyəsi idarəolunmaz vəziyyətə gəlib çatıb. Belə ki, bölgə müxbirimizin redaksiyamıza çatdırdığı məlumatda qeyd olunur ki, 7 iyin 2019-cu il tarixdə, saat təqribən 7-8 radələrində, rayonun İbrahim Hacılı kənd sakini Tağıyeva Aytac Fəzail qızı doğuş zamanı dünyasını dəyişir. Ölümlə nəticələnən bu faciəli hadisə diqqətimizi cəlb etdiyindən, mərhumənin yaxınları ilə əlaqə saxlamağı, faciənin hansı səbəbdən baş verməsini aydınlaşdırmaq üçün, Aytac Tağıyevanın yaxınları ilə əlaqə saxladıq. İlk suallarımızı cavablandıran Tovuz rayonu, İbrahim Hacılı kənd sakini, mərhumənin qaynənəsi Məmmədova Məlahət Abbasəli qızı oldu. Adı çəkilən xanım ünvanladığımız suallara cavabında bildirdi ki, “Aytacı hamiləliyinin ilk günlərindən Tovuz MRX-ı, doğum şöbəsinin baş həkimi, ixtisasca mama-ginekoloq olan Xatirə Quliyevanın yanına aparırdıq. Yəni, o, Aytacı 15 gündənbir aparatdan keçirirdi və bu yöndə atdığı addımına görə, hər dəfə bizdən 20 manat pul alırdı. Sonuncu dəfə 31 mayda onun yanında olduq və Xatirə Quliyeva əvvəllər aparatdan keçirdiyi kağızlara, verdiyimiz analizlərin cavablarına baxıb “aparat doğuşun 23 iyunda olacağını göstərir, buna baxmayaraq 10 iyunda bir daha gəlin, təkrar baxacağam” dedi. 6 iyunda, təqribən axşam saat 18-19 radələrində Aytacın səhhətində müəyyən problem əmələ gəldiyindən, onu təcili Xatirə Quliyevanın yanına çatdırdıq. O, teztələsik Aytacı palataya yerləşdirdi və bizi 12 saat gözlətdikdən sonra “indi təbii doğuş olacaq, dilinin alt hissəsinə bir tabletka qoymuşam” dedi. Biz bir saat gözlədik, vaxt keçdi, amma heç bir xəbər çıxmadı. Az sonra o, “bir saat da gözləyin, hər şey yaxşı olacaq” dedi. Yenə bir xəbər çıxmad. Bir qədər vaxt keçdikdən sonra şöbə üdiri bizə “bəlkə cərrahiyyə yolu ilə uşağı götürək” dedi və tez zəng edib cərrah çağırdı. O halda biz əvvəllər tanıdığımız Cəlal həkimin, yaxud da Xanoğlan həkimin cərrahiyyə əməliyyatını həyata keçirmələrini ondan xahiş etsək də, Xatirə Quliyeva bizimlə razı olmadı. “Elə Çingiz həkim burdadır” deyib, Aytacı doğum şöbəsinin 3-cü mərtəbəsinə qaldırdılar. Onu da bildirim ki, bizdən belə bir haqq-hesablara görə, üstüstə 1200 manat pul aldılar. Cərrahiyyə əməliyyatından sonra Aytac dedi “mənim qarın hissəmdə bərk ağrılar baş verir”. Saat 11-də əməliyyat olunan Aytac, həmin günün axşam saatlarınadək bərk ağrıdı. Belə olan halda zəng edib cərrah çağırdıq. Düzdür, cərrah zəngimiz əsasında gəlib çıxdı və xəstəyə 10 ədəd sistem qoşdular. Həmin vaxtlarda mən də palatada idim və gecə saatlarında aparatla Aytacın təzyiqini ölçdüm. O halda gördüm ki, onun təzyiqi 60-a düşüb. Gecə saatları olduğundan hər kəs yatmışdı, yalnız bir tibb bacısı və bir də “narkoz” həkimi Şahin adlı şəxs şöbədə idi. Biz ikinci gecə idi ki, orada idik və cərrah da arabir gəlib gedirdi. Elə ki, gördüm sistem Aytacın bədəninə keçmir, o halda məcbur olub cərrahı çağırdım. Hətta, xəstənin tempraturunun qalxıb düşdüyünü də hiss etdim. Belə olan halda 7 iyunda səhər saat 6 radələrində Aytacı təkrar cərrahiyyə otağına qaldırdılar. Sən demə həmin gün səhər saat 7-8 radələrində Aytac dünyasını dəyişir və onlar baş verən faciəni bir neçə saat bizdən gizlətməyə məcbur olurlar. Onlar saat 11 radələrində bizə “xəstə dünyasını dəyişib” deyə bəd xəbəri çatdırdılar. Bütün bunlara səbəb, yalnız və yalnız həkim səhlənkarlığı səbəb oldu. Oğlum Məmmədov Fərid Fəzail oğlu 2016-cı ilin aprelində keçirilən “Lələtəpə” döyüşlərində yaxından iştirak edən şəxs olub və hal-hazırda onun bədəninin müxtəlif yerlərində neçə-neçə qəlpə yaraları var. Mən bu gün Mehriban xanım Əliyevadan, Qənirə xanımdan köməklik istəyirəm. Gəlinim Aytac Tağıyeva həkim səhlənkarlığının qurbanı oldu. Istəyirəm ki, heç olmazsa bu işdə günahı olan hər kəs lazımi cəzasını alsın. Ölüm faciəsi baş verdi, baş həkim Paşa Muradov və onun müavinləri bu işlə bağlı heç maraqlanmadılar və özlərini heç bir hadisə baş verməmiş kimi apardılar. Elə ki, kəskin iradımızı bildirdik, o halda onlar mənə “yaxşı həkim deyildisə, niyə gəlininizi onun yanına aparmışdınız” deyə cavab verdilər. Ümumiyyətlə, Tovuz MRX-nın doğum şöbəsində indiyə kimi neçə-neçə ölüm hadisələri baş verib, hər dəfə Paşa Muradov başda olmaqla, ölüm faktlarına cavabdehlik daşıyanlar faktları gizlətməyə çalışıblar. İndi Xatirə Quliyeva bizə hədə-qorxu gəlir, biz onu heç cür başa düşə bilmirik. Ölüm hadisəsinə səbəb olan odur, bu gün isə o, qabaqdan gəlmişlik edir. Yayılan söz-söhbətə görə dünən də ana və uşaq ölümü ilə nəticələnən növbəti hadisə baş verib”.
Deryaz.az-ın əldə etdiyi belə bir məlumatlar onu sübut edir ki, hal-hazırda Tovuz səhiyyəsi, ələlxüsus MRX-nın doğum şöbəsi insan həyatına “qənim kəsilən” bir ünvana çevrildiyindən, həmçinin rəhbərlik tərəfindən yarıtmaz idarəçilik həyata keçirildiyindən, sanki insan ölümü adi məişət məsələlərindən birinə çevrilib. Bəli, bu gün rayonun səhiyyə müəssisələrində çalışanları insanların taleyi deyil, daha çox var-dövlət əldə etmək istəyi düşündürür. Çünki bir anlığa diqqət yetirək ki, Tovuz rayonunun İbrahim Hacılı kənd sakini Tağıyeva Aytac Fəzail qızı doğuş zamanı dünyasını dəyişir, rəhbərlikdən bir kimsə bu işlə maraqlanmır. Yaxud da, mərhumənin yaxınlarından üzrxahlıq edib, bu işdə günahı olan hər kəsin cəzalandırılacağına vəd də vermirlər. Deməli, Paşa Muradovun rəhbərlik etdiyi Tovuz səhiyyəsinin öz qanunları, öz maraq dairələri olduğundan, bu gün belə bir olaylar yaşanmaqdadır. Düşünürük ki, məqalənin dərcindən sonra, “Lələtəpə” döyüşlərində yaxından iştirak edən və həyat yoldaşı Aytac Tağıyevanı erkən yaşlarında itirməsi səbəbindən, həyatın ağır sınağı ilə üz-üzə qalan Fərid Məmmədovun haqq səsinə “səs veriləcək” və günahkarlar qanun qarşısında da cəzalandırılacaqlar.
Bu və ya digər məsələlərlə bağlı Tovuz RMX-nın baş həkimi Paşa Muradovdan mövqe öyrənmək istəsək də, təəssüf hissi ilə qeyd edək ki, o, etdiyimiz telefon zənglərimizin heç birinə cavab vermədi. Baş həkimin müalicə məsələləri üzrə müavini Mahirə xanımın mövqeyinə gəldikdə isə o, “Bəli, ölüm hadisəsi baş verib və hal-hazırda hadisə ilə bağlı lazımi araşdırmalar aparılır. Odur ki, bir qədər gözləyək” deyə cavab verdi. Amma, sakinlər onu iddia edirlər ki, hər gün günorta saatlarından sonra xəstəxanada həkim tapmaq müşkül məsələyə çevrilir. Baş həkim isə, ən “prestijnı” ünvanlarda yeyib-içməkdə olur. P.S. Hörmətli oxucuar! Bu yöndə araşdırmamızı davam etdirib, bəzi gizlinləri üzə çıxarmaqla, çox yaxın günlərdə hər kəsi daha ətraflı məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Deryaz.az