{category-title}

Gündəm / Olkə
6.08.2026, 15:12
Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

Bu ilin birinci yarısında Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı 97 milyon barel təşkil edib, bu da ötən ilin eyni dövrünün göstəricisindən 8,5 % azdır.
Bu barədə terminalın operatoru olan "BP-Azerbaijan" şirkətinin yanvar–iyun ayları üzrə fəaliyyətinin yekunlarına dair hesabatında əks olunub.
"Hesabat dövründə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan neftin, eləcə də "Şahdəniz" yatağından kondensatın və təbii qazın yola salınması adi rejimdə həyata keçirilib. Terminaldan Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə nəql olunan təxminən 97 milyon barel neft və kondensat ixrac edilib", - hesabatda qeyd olunub.
İlk 6 ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 611 milyon standart kubfut) Şahdəniz qazı göndərilib ki, bu da ötən ilin birinci yarısının göstəricisi ilə eynidir.
Şirkətdən qeyd edilib ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qeyd edək ki, Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft-qaz sənayesinin ən mühüm obyektlərindən biridir, təxminən 550 hektar sahəni əhatə edir, bu da onu dünyanın ən böyük neft-qaz terminallarından birinə çevirir. O, Xəzər hövzəsində "BP plc" tərəfindən istismar olunan bütün mövcud dəniz yataqlarından neft və qazın qəbulu, emalı, saxlanması və ixracı üçün layihələndirilib və genişləndirilmə potensialına malikdir.
