pressxeber.info
pressxeber.info

Fazil Mustafa İran səfiri ilə görüşünün detallarını açıqladı

49 dəfə baxılıb 15-08-2019, 14:00

Fazil Mustafa İran səfiri ilə görüşünün detallarını açıqladı

“Fikirlərimin haqlı olduğu zaman-zaman özünü göstərəcək…”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Qurban bayramından öncə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb. Görüş səfirin dəvəti ilə baş tutub. F.Mustafanın Şah İsmayıl Xətai adına medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqalın getdiyi günlərə təsadüf etməsi kifayət qədər maraq doğurub. Deputatla görüşün detalları barədə söhbət etdik.

– Fazil bəy, səfir tərəfindən görüş dəvəti sizin üçün gözlənilməz olmadı?

– Xeyr. İran səfiri kifayət qədər istiqanlı, səfirlər içərisində diskussiyalara açıq bir şəxsdir. İndiyə qədər ki, İran səfirlərindən fərqli olaraq, Azərbaycan cəmiyyətinə həssaslığı olan, hansısa bir prosesləri açıq şəkildə həyata keçirən səfirdir. Ona görə də bu İran səfirinə qarşı münasibətim normaldır. Özü də çox savadlı insandır. Bölgədəki durumla bağlı açıqlamalarım olmuşdu. Mən sırf Azərbaycan maraqlarından bu problemə yanaşıram. Hesab edirəm ki, hər hansı bir şəkildə bölgədə gərginliyin artmasından ən böyük ziyanı biz çəkə bilərik. Olası bir müharibə təhlükəsində Azərbaycan qaçqınlar problemi, iqtisadi çətinliklər yaşaya bilər. Təsəvvür edin ki, yolun bağlanması Naxçıvanla əlaqədə yaşayacağımız problemi, gediş-gəlişdə nə qədər problemlər yaşayacağımızı indidən proqnozlaşdırmağa əsas verir. Səfirlə daha çox bu istiqamətlərdə söhbətimiz oldu.

Azərbaycan cəmiyyətində insanlar anlamalıdırlar ki, bizim, ümumiyyətlə, hər hansı bir dövlətə qarşı düşmənçiliyimiz yoxdur. Ölkəmizdə zehniyyətə qarşı çıxış edərkən konkret dövləti suçlamırıq. Biz öz vətəndaşlarımızın problemi kimi məsələyə baxırıq. Məsələn, İran olimpiadada, biri qızıl olmaqla, üç medal qazanırsa, Azərbaycan da qazana bilmirsə, bu bizim üçün düşündürücüdür ki, bizim çox vaxt bəyənmədiyimiz İranın elmi, xüsusilə informatika, riyaziyyat, fizika sahəsinə irəliləyişi bizdən üstündür. Bunun üçün də biz qonşu ölkələrdən nəyisə öyrənməyə çalışmalıyıq. Neqativ məsələlər varsa, bunu da dilə gətirməkdən çəkinməməliyik. Mənim İranla bağlı səsləndirdiyimiz hər hansı bir fikirlər düşmənçilik xarakteri daşımır. İran Ermənistana yardım edir, bu bizim İrana qarşı münasibətimizdə kifayət qədər təsirli rol oynayır. Çünki mənim düşüncəmə görə, İran düşmən ölkəyə yardım etməsə, Azərbaycanla ən yaxın müttəfiq bir qonşu ölkə kimi münasibətlər qura bilər. Bunu hər dəfə görüşlərdə dilə gətiririk. Görüşlərə, fikirlərimizə onların da maraq göstərməsi onu göstərir ki, fikirlərimizi dəyərləndirirlər. Bunun ictimai rəyə təsir göstərdiyini hər halda özləri də söyləyirlər. Bizim əsas məqsədimiz odur ki, Azərbaycan maraqlarının necə qorunması istiqamətində qonşu ölkələrlə əlaqələrimizi daha da inkişaf etdirə bilək. Mənim Türkiyə və digər ölkələrin səfirləri ilə də görüşlərim olur. Rusiya səfirliyinin də tədbirlərində iştirak edirəm. Hər üç ölkənin işçi qrupunun üzvüyəm. Bəzi mətbuat orqanlarında yazılır ki, Fazil Mustafa kimisi hansısa dünyagörüşü müdafiə edən şəxsləri hansısa ölkənin agenti adlandırır. Amma bu qətiyyən belə deyil. Hamını ucdantutma agent adlandıra bilmərəm. Çünki hərənin öz düşüncəsi, dünyagörüşü var. Kimsə fikirlərimizi qəbul etməyə də bilər. Biz öz fikirlərimizi kiminsə düşüncələrini dəyişmək üçün səsləndirmirik. Azərbaycan cəmiyyətində hər doğrunu anındaca qəbul etsəydilər, niyə erməniyə uduzurduq ki? Vaxtilə kimsə Qarabağla bağlı hansısa addımlar atmağı açıq şəkildə söyləyəndə az qala televiziyadan, tribunadan düşürməyə çalışırdılar. Nə olsun? Sonra uduzan kim oldu? Soyuqqanlı şəkildə qaldırılan məsələləri müzakirə etmək lazımdır. Fikir söyləyirəm, kimsə qəbul etməsin. Amma fikirləri top-tüfənglə qarşılamağın adı nədir?

 

– Xətai ilə bağlı dartışmaların getdiyi günlərə görüş təsadüf etdi. Bu barədə nə deyə bilərsiniz?

– Görüşün bu məsələ ilə bağlı heç bir əlaqəsi yox idi. Açığı, bu mövzuda heç söhbət olmadı. Axı bu mövzu iranlıları maraqlandırmır. İranlıları nə maraqlandırır ki, Azərbaycanda kimsə X əsrdə qalacaq, kimsə də XXI əsrə gedəcək. Əsas müzakirə o oldu ki, bölgədə hansı addımlar atılsın ki, müharibə riskləri olmasın. Bizim üçün də maraqlı idi ki, İranın hansı addımları bu istiqamətdə nəzərdə tutulub.

– Sizin hər zaman anti-şiə mövqedə olduğunuz bildirilir. İran səfiri ilə görüşdə dinlə bağlı fikirləriniz də müzakirə edildimi?

– Mənim anti-şiə mövqeyim yoxdur. Cahillik harada varsa, sadəcə, ona qarşı çıxış edirəm. Şiələrin içərisində kifayət qədər ağıllı, savadlı insanlar var. Onlar mənim dostlarımdır, hətta onlarla ibadət də birlikdə edirəm. Sadəcə, bəzi çevrələr belə fikirlər formalaşdırır ki, guya mən anti-şiə mövqeyindəyəm. Mın cəhalətin ölkədə yayılmasının əleyhinəyəm. Bu cəhaləti təkcə şiə yaymır ki? Əhli-sünnə olanlardan cəhalət yayanların sayı qat-qat çoxdur… Bir PKK-çının Azərbaycan siyasətinə sırıdığı bir nəfər bizi müəyyən təriqətlərə bağlamağa çalışır. Baxırsan ki, adam savadsızdır. Nə olsun ki, Qurandan 30 cild təsfir yazdığını deyir. Ərəb dili, Quran bilicisi olan Fəxrəddin Razi 23 cilddən o tərəfə getməyib. Digərləri də həmçinin. Dində mən heç kimə qarşı deyiləm, nə də kiminləsə dostam. Dində öz anlayışım var. Kimsə qəbul etmirsə, özü bilər. Mən Həsən bəy Zərdabi, Mirzə Cəlil, Axundov və bu tipli digər şəxslərdən daha böyük düşüncə adamı kimi özümü təqdim etmirəm ki? Sadəcə, deyirəm ki, XXI əsrdə də Azərbaycanda heç nə dəyişməyib. Məsələn, bu gün Saleh Məmmədov mənim üçün Novruzəlidir. Onun bir yazısı bunu sübut etdi. İnsanları parta arxasına təzədən otuzdurub, savad verəsi deyilik ki. Açığı, bu tipli məsələlərdə təkrar mübahisə açmağın tərəfdarı deyiləm. Fikirlərimin haqlı olduğu zaman-zaman özünü göstərəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi