{category-title}
Məşhur Məmmədov: Heydər Əliyev siyasi kursu xalqımızın birmənalı seçimidir
Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.
Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan iqtidarların idarəetmədə buraxdıqları kobud səhvlər nəticəsində ölkədə yaranmış ağır siyasi və sosial-iqtisadi gərginlik yaxşı yadımızdadır. Məhz bunun nəticəsi idi ki, son dərəcə təhlükəli həddə çatan separatçılıq meyilləri və cəbhədəki uğursuzluqlar Azərbaycanın bir dövlət kimi gələcəyini sual altına qoymuşdu. Nəinki müstəqilliyimiz əldən gedirdi, həm də ölkəmiz parçalanmaq təhlükəsi ilə üzləşmişdi.
O ağır günlərdə ölkəni ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə bütün Azərbaycan xalqı qəlbən inanırdı. 1993-cü il iyunun 9-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Binə hava limanında yerə endi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndər Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Bakıya gəldikdən sonra Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Bu mahir siyasətçinin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaratdı. Şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi. Sonradan bu səfər zamanı onun fiziki məhvi barədə cəhdlərin olması faktları aşkarlandı. Ancaq böyük siyasətçini xalqın sonsuz məhəbbəti hifz edirdi.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün ulu öndər parlamentin tarixi iclasında Ali Sovetin Sədri kimi xalqımızın tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi. Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış, obyektiv zərurət, sosial sifariş, xalqın istək və arzularının ifadəsi idi. Ulu öndər tarixin gedişinə güclü təsir göstərən əzəməti və qüdrəti ilə 1993-cü ilin iyununda bir daha sübuta yetirdi ki, dövründən asılı olmayaraq tarixin həqiqi yaradıcısı məhz nəhəng şəxsiyyətlərdir.
Heydər Əliyevin xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin səhifəsinə şanlı bir gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycanın milli qurtuluşu ilə dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daşı qoyuldu. Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Milli Qurtuluş yeni, yüksək intibaha açılan qapı kimi tariximizi şərəfləndirdi. Xalq bu qapıdan keçərək özünə gəldi. Dahi öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Azərbaycanın indiki sürətli inkişaf strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar da öz başlanğıcını Milli Qurtuluşdan götürdü.
1993-cü ildən sonra cərəyan edən siyasi-ictimai, iqtisadi proseslər, bütün sahələrdə inkişafa doğru dönüş yaradılması həqiqətən də ölkəmizə milli mənafelərimizi əldə rəhbər tutan xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etməsindən xəbər verirdi. O siyasətçidən ki, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı. Heydər Əliyevin Prezident seçilməsi isə Azərbaycanda tamamilə yeni bir siyasi-ictimai münasibətlər sisteminin bərqərar edilməsinə, nəhayət ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu, xalqın özünə inamını, sabaha nikbin baxışlarını bərpa etdi, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını qoydu. Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi, beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsindən sovuşdu, dünya dövlətləri arasında özünə layiqli yer qazandı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, sivil və hüquqi dövlət quruculuğunun əsası qoyuldu. Beləliklə, XX əsrin sonlarına doğru Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün oldu.
Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin bir neçə aspektinə diqqət yetirməklə onun Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə Prezident İlham Əliyev ulu öndərin başladığı yeni neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tblisi-Ərzurum neft qaz kəmərlərinin inşasının başa çatdırılması ilə cənab İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Başa çatmaqda olan Bakı-Tbilisi-Qars layihəsi isə regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Bütün bunlar həm də Azərbaycanın iqtisadi müstəqilliyini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.
Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi ilk növbədə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir. Ölkəmizin bu qələbəsini məhz Prezident İlham Əliyev təmin etmişdir. Çünki beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, əks mövqelər hazırlamaq, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsinin, mövqeyinin, siyasi dəst-xəttinin nəticələridir. Odur ki, Azərbaycanın bu posta seçilməsi Prezident İlham Əliyevin indiyədək apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi sonluğudur.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvü olmuşdur. Belə ki, bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılmışdır. Bu nailiyyət ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramlarının reallaşdırılması sayəsində əldə olunmuşdur. Cənab Prezidentin qeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.
Təbii ki, Azərbaycanın beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən biri ölkəmizin dinamik inkişafıdır. Həyata keçirilən dövlət proqramları bütün bölgələrin tarazlı inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinə, abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açıb. Bütün bunlar deputat seçildiyim Bakının Sabunçu rayonunda yaxından hiss olunur. Son illərdə əhalisinin sayına və həm də iqtisadi potensialına görə şəhərimizin ən böyük rayonlarından olan Sabunçuda həm "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində, həm də müxtəlif maliyyə mənbələri hesabına rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin icrası, magistral və daxili yolların tikintisi, əhalinin elektrik enerjisi, qaz, su təchizatının yaxşılaşdırılması, yeni istehsal müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial əhəmiyyətli obyektlərin tikintisi, təmiri, müasir tələblərə uyğun yenidən qurulması, küçə və parkların, yaşayış massivlərinin abadlaşdırılması üzrə böyük işlər görülmüşdür. Bütün bu işlər rayon əhalisi tərəfindən böyük razılıqla qarşılanır. Seçicilərimlə hər görüşümdə onlar dövlət başçısına dərin minnətdarlıqlarını ifadə edirlər.
Bir məsələni də qeyd etmək yerinə düşərdi. Məlum olduğu kimi, bu yaxınlarda ABŞ-ın ayrı-ayrı ştatlarının qanunvericilik orqanlarından 300-dən artıq konqresmen Azərbaycana gəlmişdi. Onların, demək olar ki, hamısı Azərbaycana heyran qalmışdı. Bakıya gələnə qədər onların təsəvvürü başqa olub. Yəni Azərbaycanı geridə qalmış bir ölkə kimi təsəvvür edirmişlər. Amma Bakıda tamamilə başqa bir mənzərə ilə qarşılaşıblar. Ona görə də hər biri Azərbaycandakı inkişafa, sabitliyə, yüksək vətəndaş cəmiyyətinə heyran olmuşdu.
Bütün bu uğurların kökündə dayanan əsas amil 1993-cü ildən sonra Azərbaycanda formalaşmış yeni siyasi kursdur. Azərbaycan cəmiyyəti ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu kursu ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə çalışan Prezidentdir. Yeni Azərbaycan Partiyasının bu günlərdə keçirilən V qurutlayında Prezident İlham Əliyev deyib: "Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir. Ulu öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir və son 10 il ərzində çalışmışam ki, bütün istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafını təmin edim".
Reallıq göstərir ki, Prezident İlham Əliyev ötən 10 il ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımları atıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ötən 10 ilə yaxın dövrdə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin isə təxminən 20 dəfə artmasının təmin edilməsi, bir milyondan artıq yeni iş yerinin açılması və yoxsulluq səviyyəsinin 50 faizdən 6 faizə düşməsi bunun bariz təsdiqidir. Bütün bu uğurlar Prezident İlham Əliyevə ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib və ona görə bu siyasətin davamı cəmiyyətin bütün təbəqələrinin istək və arzusudur. Məhz bu istək və arzudan irəli gələrək YAP-ın V qurutlayında cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Son dövrlərdə ölkəmizdə cərəyan edən proseslər təsdiq edir ki, Azərbaycan xalqının mütləq əksəriyyətinin seçkiqabağı ovqatı bütünlüklə cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənib. Artıq indiyə kimi ayrı-ayrı ictimai qurumlar cənab İlham Əliyevin namizədliyini dəstəkləyən qərarlar qəbul ediblər. Çünki məhz İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın müasir gücünün və qüdrətinin həlledici ifadəsini görməkdədir. Ona görə də YAP-ın qərarı təkcə partiya üzvlərinin deyil, bütün Azərbaycan xalqının iradəsini ifadə edir.
Prezident İlham Əliyevin YAP-ın qurultayındakı proqram xarakterli çıxışı inkişafımızın növbəti hədəflərini müəyyən etməklə ölkəmizi qarşıdakı beş ildə gözləyən yeni, daha əzəmətli uğurlara hamımızın inamını artırır. Prezidentin qarşıya qoyulan vəzifələr və onların yerinə yetirilməsi ilə əlaqədar fikirləri onun bariz ifadəsidir ki, cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. Bu mənada cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirən, atdığı hər addımda Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə yönələn bir siyasi kursun daşıyıcısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin bu ilin payızında keçiriləcək növbəti prezident seçkilərində də xalqın etimadını qazanacağı şübhəsizdir.
Məşhur Məmmədov
“