{category-title}

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH


ABŞ Hərbi Hava Qüvvələri iyunun 28-də İranın hərbi hədəflərinə zərbələr endirib. Bildirilib ki, Ştatların hərbi təyyarələri İranın hərbi kəşfiyyat infrastrukturu, rabitə sistemləri, HHM obyektləri, pilotsuz uçuş aparatlarının anbarları, eləcə də minadöşəmə imkanlarını hədəf alıb.

Məlumata görə, bir gün öncə İran dronla göyərtəsində iki milyon bareldən çox neft olan, Panama bayrağı altında üzən "M/T Kiku" tankerinə hücum edib. Bunun ardınca İran İslam İnqilabı Keşikçiləri Qvardiyası (Sepah) ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına kütləvi raket və dron zərbələri endirib.

İyunun 15-də imzalanmış qarşılıqlı anlaşma memorandumunun şərtlərinə əsasən, gəmilərin Hörmüz boğazından sərbəst keçməsi təmin edilməlidir.

Bəhs etdiyimiz zərbə mübadiləsindən sonra Vaşinqton və Tehran hücumları dayandırmaq barədə razılığa gəliblər. Razılaşmaya əsasən, tərəflər iyunun 30-da Qətərdə Hörmüz boğazında gəmilərin hərəkəti, memorandumda nəzərdə tutulan başqa maddələrin texniki müzakirəsini keçirəcək.

Hazırda boğaz qismən açıqdır və İran gəmilərdən marşrutlarını ölkənin hərbi rəhbərliyi ilə razılaşdırmağı tələb edir.

İran Qərb ölkələrinə Hörmüzün minalardan tam təmizlənməsinə imkan yaratmayıb. Məlumatlara əsasən, buna görə gəmilər akvatoriyada yalnız iki dar marşrutla hərəkət edə bilirlər. Halbuki ABŞ Prezidenti Donald Tramp boğazın tam açıq olduğuna dair məlumat da yaymışdı.


BMT, Beynəlxalq Dənizçilik Təşkilatı (BDT) və Omanın birgə fəaliyyəti ilə Hörmüz boğazında gəmilərin müvəqqəti tranzit dəhlizi açılıb. Keçid rüsum tutulmadan həyata keçiriləcək. Sultanlığın Xarici İşlər Nazirliyi bildirib ki, bu, Omanın Hörmüz boğazına görə daşıdığı məsuliyyətdən irəli gəlir. Qurum bu addımın ABŞ ilə İran arasında əldə edilmiş razılaşmalar çərçivəsində atıldığını vurğulayıb. Yeni marşrut üzrə boğazdan keçmək istəyən gəmilər öz fəaliyyətlərini təşkilat və Oman hakimiyyəti tərəfindən müəyyən edilmiş koordinatlara uyğun olaraq BDT ilə əlaqələndirməlidirlər.

Sepah Omanın bu fəaliyyətinə qarşı çıxır. İran hakimiyyəti qeyd edib ki, boğazdan keçən istənilən gəminin hərəkəti Tehranla razılaşdırılmalı, Hörmüzün idarə olunmasını İran və Oman müəyyən etməlidir.

İyunun 23-də BDT İran, Oman və ABŞ hakimiyyətləri ilə sıx koordinasiya edərək Yaxın Şərqdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayıb.

Zərbələrdən sonra hər iki tərəf atəşkəs rejimini dayandırmaqla hədələdi. Bununla yanaşı, iyunun 15-də elektron formatda imzalanmış memoranduma əsasən, 60 günlük atəşkəs rejimi tətbiq edilib.

Bununla belə, müxtəlif səbəblərdən bu rejim dəfələrlə pozulub.

Ancaq rəsmilər danışıqların davam etdiriləcəyinə nikbin yanaşıblar. Onda atəşkəs niyə pozulur? İranın danışıqlar prosesinə, ABŞ-yə çəkindiricilik üçün təzyiq alətlərindən biri, bəlkə ən başlıcası Hörmüz boğazını bağlamaqdır. Ancaq bu su hövzəsi təkcə İrana aid deyil.

Boğazın şimal sahili İrana, cənub sahili isə Birləşmiş Ərəb Əmirliklərinə və Omanın yarımeksklavına məxsusdur. Yeri gəlmişkən, Hörmüzün uzunluğu təxminən 90 dəniz mili (167 km), eni isə 52 dəniz milindən (96 km) 21 dəniz milinə (39 km) qədər dəyişir.

Bu baxımdan, su hövzəsi ilə bağlı yaxın gələcəkdə üç ölkə arasında razılaşmanın, yaxud sazişin imzalanması qaçılmaz görünür. Çünki Tehran oranın tək sahibi kimi çıxış edir. Bu isə digər iki tərəfin ərazi bütövlüyünün pozulması kimi qiymətləndiriləcək. Yeri gəlmişkən, BƏƏ ilə İran arasında üç ada - Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı mübahisə hələ də öz həllinin tapmayıb. Görünür, gələcəkdə İslam Respublikası ilə Əmirlik arasında mübahisəli məsələlərə bu da daxil olacaq.


ABŞ və İsrailin İrana qarşı əməliyyatları Hörmüz boğazı ilə bağlı mövzunu da qlobal miqyasda gündəliyə gətirib. Bu akvatoriyaya Tehranın tək sahibi olaraq çıxış etməsi regionda yeni müzakirəni də aktuallaşdırıb. Başqa sözlə, elə diqqəti cəlb etməyən, müəyyən mənada nəzərdən kənarda qalan Hörmüz boğazına aid məsələ münaqişəli bölgə statusu da qazana bilər.

İranın bu məsələdə mövqeyinə Sepah ziyan vurur. Bu hərbi birləşmə özünü İranda yeganə güc olaraq göstərmək üçün son günlərdə İranın apardığı bütün hərbi, silahlı əməliyyatların müəllifi kimi çıxış edir. Onun davranışı, atdığı addımlar İran hakimiyyəti daxilində daha aparıcı rolu olduğu ehtimalını artırır. Sepah bununla texniki olsa belə, danışıqlar prosesinə təsir və təzyiq göstərməyə çalışır. Belə çıxır ki, danışıqlarda İranı Sepah bir qüvvə olaraq ayrıca təmsil edir, yaxud hakimiyyət daxilində özünü bir partiya olaraq göstərir. Ara qarışdıran, pozucu, iğtişaş törədənlərə aid edilən "atan kazaklardır", "ingilis barmağı" ifadələrini "atan Sepahdır", "Sepah barmağı" kimi də əvəzləmək olar. Çünki İranda bütün gizli, müəmmalı, şübhəli hadisələrdə birmənalı olaraq onun adı hallanır.

Odur ki, atəşkəsin yenidən mümkün pozulması halında, danışıqların uğur qazana bilməməsində əsas amilin Sepahın olması ehtimalı çoxdur. Son hadisələr bunu təsdiqlədi.

İnqilab keşikçilərinin belə davranışı İranın dondurulmuş hesablarının perspektivdə açılmasına mane ola bilər. Çünki Vaşinqtonla Tehranın əldə etdiyi razılaşmalarda bu məsələ də əsas mövzulardandır.

Son qırx ildə İranla Qərb bloku, xüsusilə ABŞ arasındakı münasibətlərdə ən çox müzakirə olunan, çətin məsələlərdən biri dondurulmuş bank hesablarıdır. 2015-ci il iyulun 14-də "Altılıq"la İran arasında imzalanmış Əhatəli Razılaşma Planı Müqaviləsində də bank hesablarının açılması məsələsinə dair maddə mövcud idi. Elə sanksiyaların aradan qaldırılması daha çox xarici banklardakı hesabları əlçatan edə bilər.

2010-cu illərdə Tehran sanksiyaların sərtləşəcəyindən ehtiyatlanaraq Avropa banklarından maliyyə vəsaitlərinin bir qismini çıxara bilmişdi. Ancaq bu, təbii ki, İslam Respublikası üçün yetərli deyildi. Odur ki, bank hesablarının dondurulması İran iqtisadiyyatına güclü zərbə vurub. Hazırda bu aktivlərin gerçək həcmi haqda bir məlumat yoxdur. Bu resurslar təkcə neftdən əldə edilən gəlirləri deyil, həm də qaz və elektrik enerjisi ixracı ilə bağlıdır.


İlk dəfə 1979-cu il fevral inqilabından sonra İslam Respublikasının bank hesabları dondurulub. Bu qadağa ABŞ-nin Tehrandakı səfirliyinin işğalından sonrakı dövrə aiddir.

İkinci daha genişmiqyaslı sanksiya 2011 və 2012-ci illərdə - nüvə sanksiyalarının sərtləşdirilməsi zamanı tətbiq edilib.

Məlumatlara görə, İranın dondurulmuş aktivlərinin böyük hissəsi neft ixracına görə Çində saxlanılır. Bu, təxminən 20-50 milyard dollar həcmində qiymətləndirilir. İraq da qaz və elektrik enerjisi ixracına görə İrana təxminən 15 milyard dollar borcludur. Cənubi Koreya İran neftindən əldə edilən təxminən 7 milyard dollar gəliri saxlayırdı. Bu vəsaitlər 2023-cü ildə Qətərdəki hesablara köçürüldü. Həmçinin Yaponiyada təxminən 3 milyard dollar, Hindistanda 5-7 milyard dollar saxlanılır. Ona görə də dondurulmuş maliyyə vəsaitinin həcmi 27 milyard dollardan 100 milyard dollara qədər dəyişir.

Son danışıqlarda bu maliyyə vəsaitlərinin bir hissəsinin sərbəstləşdiriləcəyinə dair razılıq əldə edilib. Bu maliyyə vəsaitlərinin İrana verilməsi də əsas məsələlərdəndir. ABŞ onu əmtəə şəklində verməkdə maraqlıdır. İran tərəfi isə buna qarşı çıxır. Yaxud, ola bilsin ki, gələcəkdə bu maliyyə vəsaitinin xərclənməsini beynəlxalq səviyyəli nəzarət qrupu həyata keçirə bilər.

Odur ki, atəşkəsə əməl edilməsi, İranın maliyyə vəsaitlərinin sərbəstləşdirilməsi müharibənin bitməsinin əsas göstəriciləri, barometridir. Bunlar baş vermədikcə ABŞ ilə İran arasında sülh sazişinin imzalanması, normallaşma mümkünsüzdür.

Hələlik isə Sepah baş rolda oynayır. İran hakimiyyəti daxilində onun rolunun zəifləməsi İranın güclənməsinə şərait yaradar.(Report)

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər