{category-title}

"Yaxın dövrdə neftin qiymət 70 dollar civarında olacaq" - Gözlənti

 

Ötən həftə dünya neft bazarında müşahidə edilən ucuzlaşma yenidən artımla əvəz olunub. Artıq neftin bir barelinin orta satış qiyməti 67-68 dollar aralığında dəyişir.

Bazara təsir edən amillər arasında ABŞ-ın neft və neft məhsulları ehtiyatlarına dair martın 27-də açıqlanan məlumatlar xüsusi yer tutur. Belə ki, ötən həftənin yekunlarına görə, ABŞ-da neft ehtiyatları gözləniləndən daha çox artıb ki, bu da dünya neft bazarına öz təsirini göstərə bilər. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabata əsasən, ötən həftə ABŞ-ın xam neft ehtiyatları 1,9 milyon barel artıb. Halbuki analitiklər neft ehtiyatlarının 1,2 milyon barel azalacağını proqnozlaşdırırdı.

Agentliyin məlumatına görə, neft ehtiyatlarından fərqli olaraq, ABŞ-ın benzin ehtiyatlarında azalma qeydə alınıb. Belə ki, benzin ehtiyatları 4,28 milyon barel azalıb. Beləliklə, ABŞ neft ehtiyatlarının artmasından dolayı bazarda yarana biləcək neqativ proses benzin ehtiyatının azalması xəbəri fonunda neytrallaşmış oldu.

OPEK və dünya neft bazarının əsas oyunçularından olan Səudiyyə Ərəbistanı hazırkı qiymət səviyyəsindən heç də razı deyil. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2019-cu ilin büdcəsini kəsirsiz icra etmək üçün Ər-Riyad nefti 80-85 dollara satmalıdır. Bu baxımdan, Səudiyyə Ərəbistanı dünya bazarında qiymətlərin yüksəlməsinin tərəfdarıdır. OPEK+ çərçivəsində hasilatın azaldılması sazişinin müddətinin uzadılması üçün Səudiyyə Ərəbistanının göstərdiyi cabaların da bununla bağlı olduğu hesab edilir. Bu məsələdə hətta Ər-Riyad azalan hasilatın yerini ABŞ neftinin tutmasına belə göz yummağa hazırdır. Hasilatın azaldılmasına dair OPEK+ sazişinin ikinci əsas tərəfi olan Rusiya isə dünya neft bazarında ABŞ-ın payının sürətlə artmasından daha çox narahatdır, nəinki neftin qiymətinin azalması ehtimalından.

Qeyd edək ki, neftin dünya bazarındakı hazırkı qiyməti ABŞ-ı da qane edir. Belə ki, fevralın sonunda OPEK-ə tvit atan prezident Donald Tramp qurumu həmin vaxt mövcud olan 66-67 dollarlıq qiymət həddində dayanmağa səsləmişdi. Baxmayaraq ki, ABŞ-da neft hasilatı sürətlə artır, neft emalı üzrə dünya birincisi olan bu ölkəyə indiki səviyyədən daha yüksək qiymətlər qətiyyən sərf etmir.

İrana qarşı ABŞ sanksiyaları bazarı qızışdıran zaman - ötən ilin oktyabr-noyabrında Tramp 8 ölkəyə Tehrandan neft almaq üçün güzəşt tətbiq etməklə qiymətlərin kəskin enməsinə nail oldu. Amma bu güzəştin müddəti may ayında bitir. Bu isə İrandan neft alan ölkələrin bazarda tələbi artıracağı deməkdir. Tələbin artması isə qiymətlərə yüksələn istiqamətdə təsir göstərən əsas amillərdən biridir.

Digər tərəfdən, Venesuelada neft hasilatını kəskin azaldan siyasi böhran davam etməkdədir. Bu ölkədə faktiki mövcud olan ikihakimiyyətliliyin başa çatacağı tarixlə bağlı proqnozlaşdırma aparmaq mümkün deyil.

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, İrana qarşı sanksiyalarda güzəştin ləğvinin qiyməti artırma effekti dünyanın əsas iqtisadiyyatlarında artım tempinin zəifələməsi nəticəsində gözlənildiyindən daha az olacaq: “Son aylarda Avropa Birliyi, Çin və ABŞ kimi böyük iqtisadiyyatlarda artım templərində azalma qeydə alınır. Bu isə neftə tələbatın azalacağı deməkdir. Daha bir amil ABŞ dollarının məzənnəsidir. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) bu günlərdə uçot dərəcəsini sabit saxlamaq qərarı verdi. Bu isə neftin qiymətini artıran amillərdən biridir. Çünki adətən dolların məzənnəsi artanda dünya neft bazarında qiymətlər azalır, dolların məzənnəsi azalanda isə artır”.

Ekspert bildirir ki, bu gün dünya neft bazarında rəqabət həddindən artıq kəskinləşib: “Əvvəllər beləydi ki, bazarda qiymətləri ABŞ OPEK vasitəsilə diqtə edirdi. İndi isə vəziyyət dəyişib, OPEK-lə ABŞ-ın qiymətə münasibətdə yanaşmaları kəskin fərqlənir. Hətta bir çox məqamlarda OPEK ABŞ-ın mövqeyinə qarşı gedir. Bu da 2014-cü ildən başlayan ucuzlaşmadan sonra müşahidə edilir. Hansı ki, bu ucuzlaşmadan OPEK-ə üzv olan ölkələr böyük zərərlə üzləşdilər. Azərbaycan kimi kiçik hasilatçı ölkə 11 milyard dollar valyuta ehtiyatını itirdi. OPEK-in faktiki rəhbəri olan Səudiyyə Ərəbistanı isə yüz milyardlarla dollar zərər çəkdi. Bu baxımdan, ABŞ-ın qiymətlərin azaldılması tələblərini Səudiyyə getdikcə daha çox qulaqardına vurur. Eyni zamanda Rusiyanın da bazara təsir imkanları getdikcə artır. Yəni faktiki olaraq dünya neft bazarında qiymətlərə təsir edən güclər artır, bu isə rəqabəti gücləndirir. Başqa tərəfdən, bir çox siyasi proseslər də qiymətlərə təsir göstərmək gücündədir”.

P.Heydərov qeyd edir ki, hazırda dünya bazarında qiymətlərə təsir edən amillər yaxınmüddətli dövrdə bir barelin 60-70 dollar civarında dəyişməsinə səbəb olacaq: “Yəni ciddi siyasi amillər meydana çıxmazsa, yaxınmüddətli dövrdə bazarda kəskin qiymət dəyişikliyi gözlənilmir. Uzunmüddətli dövrdə isə dünya iqtisadiyyatının artım səviyyəsi, yəni tələbat qiymət dəyişmələrində əsas rol oynayan amillərdən biri olaraq qalacaq. Bazarda tələbi azalda biləcək daha bir amil qiymətin 80 dollar və yuxarı həddə çatması ola bilər, amma hazırkı şərtlər daxilində bu, real deyil. Amma bunu tamamilə istisna etmək də olmaz, çünki nef bazarına təsir göstərəcək siyasi hadisələr baş verə bilər”.

Neft hasilatçısı olan Azərbaycan üçün mövcud qiymətlər əlverişlidir: “Hazırkı qiymətlər Azərbaycanın valyuta ehtiyatlarının artmasına, büdcə proqnozlarına tam əməl edilməsinə şərait yaradır. Hazırda ölkənin tədiyə balansı müsbətdir, valyuta bazarında tam sabitlikdir. Qiymətlərin bu həddə qalması makroiqtisadi sabitliyin də davamlı olması deməkdir”.

Yeri gəlmişkən, Azərbaycan neftinin bahalaşması davam edir. Belə ki, martın 28-i vəziyyətinə Azərbaycan neftinin qiyməti 0,08 ABŞ dolları bahalaşaraq 69,46 dollara bərabər olub.

Cari il ərzində Azərbaycanda maye karbohidrogenlərin (neft və kondensat) gündəlik istehsalı 2018-ci ilə nisbətdə 0,01 milyon barel azalma ehtimalı ilə 0,80 milyon barel olacağı proqnozlaşdırılır. Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) mart ayı üzrə dərc etdiyi hesabatında bildirilir. Hesabata görə, 2018-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogen istehsalı 0,80 milyon barel səviyyəsində olub. Cari ilin yanvarında istehsal təxminən 0,81 milyon barelə qədər artıb. Ümumi istehsaldan 0,71 milyon barel neft, 0,10 milyon barel isə qaz kondensatının payına düşüb.

“Şahdəniz” yatağında kondensat hasilatının artımı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz blokunda neft hasilatının azalmasını kompensasiya edir. Bununla belə, 2019-cu ildə AÇG-də iki platformada texniki xidmət işlərinin aparılması ehtimalı ilə əlaqədar istehsalda ciddi azalma gözlənilir (ONA).
“Yeni Müsavat”
 

Son xəbərlər

Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb

Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb

Ukrayna Rusiyanın ən böyük NEZ-lərindən birinə hücum edib

DSX: Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb

Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək"

Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"

Mikayıl Cabbarov:" Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq"

Azərbaycan nefti ucuzlaşıb

BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Prezident nekroloq imzaladı

Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb

Sabahın hava proqnozu açıqlanıb

Pezeşkian sabah Pakistana səfər edəcək

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Bütün xəbərlər