{category-title}
Paşinyan nə istəyir: Sülh, yoxsa müharibə? - TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinə dair mövqeyinin ondan əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edilməsini istəmir. O, son vaxtlar apardığı kadr islahatları və Azərbaycan prezidenti ilə intensiv qeyri-rəsmi görüşləri fonunda tez-tez səslənən “sülh əvəzinə ərazilər” tezisi ilə bağlı erməni cəmiyyətində və ekspert dairələrində yaranan narahatlığa münasibət bildirərkən belə deyib.
Jurnalistlərin suallarına cavabında Paşinyan rəsmi Bakı ilə belə bir tezisin (sülh əvəzinə ərazilər) müzakirə edilmədiyini söyləyib: “Biz ümumiyyətlə “sülh əvəzinə ərazilər” formulunu müzakirə edə bilmirik. Bu məsələdə (Dağlıq Qarabağ münaqişəsi) bizim nazirlər kabineti əvvəllər heç bir hökumətin həyata keçirmədiyi siyasət aparır. Buna görə də, hansısa paralellər aparmaq tamamilə yanlışdır”.
Paşinyan yenidən baş nazir seçildikdən sonra apardığı hökumət islahatlarında əsasən, sabiq kuratoru, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın kadrlarına vəzifə verməsi, həmçinin, Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən öncə Petrosyandan məsləhət alması Qarabağ ətrafı rayonların qaytarılması ilə bağlı Azərbaycanla gizli razılaşmanın olduğuna dair erməni politoloqların şübhələrini artırıb.
Petrosyanın hələ hakimiyyətdə olduğu günlərdən ətraf ərazilərin geri qaytarılmasının tərəfdarı olduğunu vurğulayan erməni ekspertlər, bu mənada, Paşinyanla əvvəlki, xüsusən də Petrosyan hökumətinin Qarabağ siyasəti üzrə paralellər aparmağa başlayıblar. Onlar iddia edirlər ki, qətiyyətli çıxışlarına rəğmən baş nazirin son davranışları Ermənistan üçün sürprizlə nəticələnə bilər. Amma Paşinyanın çıxışlarından belə başa düşmək olur ki, o nə müharibə istəyir, nə də sülh. Bəs, o zaman nə istəyir sualı ortaya çıxır.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Paşinyanın dedikləri daxili çəkişmələrin fonunda söylənmiş fikirlərdir: “Partiyalararası bir-birini intiriqaya çəkmək cəhdidir. Paşinyan əvvəli reytinqə malik deyil. Xüsusilə, siyasi partiyaların onlara qarşı alyansı yaradılıb. Bu alyans Paşinyanı sülh, güzəştə getmək və bu kimi məsələlərlə günahlandırır. Hətta gizli sülh sazişinin ərsəyə gəlməsi barədə danışırlar. Bunlar hamısı inandırıcı deyil, daxili çəkişmələrin nəticəsidir.
Paşinyan çıxılmaz vəziyyətdə olduğundan belə fikirlər səsləndirir. O, beynəlxalq təzyiq altındadır. Beynəlxalq güclər sülhyaratma prosesinə ciddi girişiblər. Bu məsələdə Paşinyanı konstruktiv mövqeyə çəkməyə çalışırlar. O isə nala-mıxa vurur. Gah Dağlıq Qarabağ adından danışmağa ixtiyarı olmadığını, gah da Ermənistan adından danışdığını deyir. Yəni, hamıya məlum olan məsələni dolaşdırmağa və özünə bəraət qazandırmağa çalışır. Amma ortada Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair 4 qətnamə, həmsədr dövlətlər, beynəlxalq təşkilatlar var. Bütün bunları görməməzlikdən gəlmək olmaz. Bir sözlə, Paşinyan çıxılmaz vəziyyətdədir. Dəqiq konseptual mövqeyi hələ formalaşmayıb. Hətta xarici işlər nazir də əsaslandırılmış mövqe ortaya qoya bilmir”.
Q.Hüseynli deyib ki, Azərbaycanın yürütdüyü siyasət nəticəsində Qarabağ məsələsində yanaşamalar pozitiv xarakter almağa başlayıb: “Xüsusilə Qərbin və ABŞ-ın mövqeyi daha diqqətçəkicidir. Ona görə də nələrisə, müxtəlif şübhəli əqli nəticələrlə yozmağa çalışmaq heç bir fayda verməyəcək. Hesab edirəm ki, bu məsələdə səmimi mövqe tutmaq Ermənistana daha faydalı ola bilər. Bu düyün beynəlxalq hüquq normalarına uyğun, gec-tez çözüləməlidir. Paşinyanın ora-bura vurnuxmasının heç bir əhəmiyyəti yoxdur”.
Politoloq Nəzakət Məmmədovanın fikrincə, Paşinyanın Qarabağ siyasəti özündən əvvəlki Sarkisyan və Kçəryan hakimiyyətindən fərqlənir: “Bunun başlıca təzahürü ondan ibarətdir ki, o, "Qarabağ klanı"ndan fərqli olaraq, həmin məsələdə Rusiyanın təlimatı ilə hərəkət etmir, ümumiyyətlə Rusiyaya bağlı adam deyil, Ermənistan tarixində Ter Petrosyandan sonra Qərbə yaxınlığı ilə seçilən ikinci dövlət başçısıdır. Bu səbəbdəndir ki, Paşinyan üzərində Qərbin, xüsusilə də ABŞ və Fransanın təsiri hiss olunur. Hətta Paşinyan KTMT ilə münasibətləri kəskinləşdirməkdən belə çəkinməyib. Ermənistanın əsas arxalandığı KTMT-nin, Rusiyanın dəstəyindən imtina etmək, onun siyasətinə qarşı çıxmaq müqabilində təşkilat tərəfindən qısnamaya məruz qalmaq Ermənistanın daxili və xarici siyasətini tamamilə dəyişdirdi”.
Politoloq qeyd edib ki, Paşinyandan sonra Qarabağdan olan ermənilər Ermənistan siyasi elitasından qovulub, onların siyasi, iqtisadi, hərbi sahədəki hegemonluq dövrü başa çatıb: “Dağlıq Qarabağ və Ermənistan arasında Miatsumla başlayan tam 30 illik həmrəylik çat verdi və düşmənçilik həddinə çatdı. Diaspora və Qarabağ separatçıları arasında, eləcə də Paşinyanın və diasporanın Rusiyanın hələ çar dövründən Ermənistanda ən yaxın əlaltısı hesab etdiyi Eçmiədzin kilsəsi arasında təfriqə gücləndi. ABŞ regionda geosiyasi təsirini Ermənistanın yeni rəhbərliyi vasitəsilə həyata keçirməkdədir. Münaqişənin həllinə münasibətdə Paşinyanın daha çox Ter Petrosyanın sülh variantına yaxın siyasət həyata keçirmək ehtimalı Ermənistandan və Qarabağ separatçıları arasında təşviş yaradıb. Onun prezident İlham Əliyevlə təmaslara can atması şovinist erməniləri xüsusilə narahat edir və onlar Paşinyanın bu prosesdən məglub çıxacağına inanırlar”.
N.Məmmədova vurğulayıb ki, Dağlıq Qarabağ artıq Azərbaycana separatçı, Ermənistana qiyamçı bir anklava çevrilib: “Ermənistan və Rusiya arasında müttəfiqliyin de-fakto pozulması Qarabağ separatçılarını çətin vəziyyətə salıb, üstəlik, "Daşnaksütyun"un Qarabağda qurultay keçirərək Hay Datın Kanada bürosunun rəhbərini Erməni inqilabi federasiyasına sədr seçməsi, təşkilatla Paşinyan arasında əməkdaşlıq perspektivləri işğal tərəfdarı olan ermənilərlə torpaqları qaytarmaq və bunun müqabilində Azərbaycanın həyata keçirdiyi layihələrə qosulub dividend əldə etmək tərəfdarları arasında ikitirəlik yaradıb. Ermənistan rəhbərlərindən Paşinyan ilk dəfə ölkəsi ərazisindən neft və qaz boru kəmərləri keçməsi arzusunu ifadə edib. Bu, əlbəttə ABŞ-ın sanksiyalara məruz qoyduğu İranın neft-qaz magistralları yox, Azərbaycanın həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələridir. Hətta Ermənistanda Bakı-Qarsa qoşulmaq üçün məntəqənin olduğu iddia edilir. Paşinyan torpaq əvəzində "neft-qaz kəmərləri və milyonlar" üçün sülhə razılıq davranışları sərgiləyir”.
Dia.az