{category-title}

Hələ də iddialı Koçaryan – Bakıda onun boş qalan yeri - ŞƏRH
<!-- x-tinymce/html -->

Ötən gün Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Erməni Universiteti”nin dinləyiciləri və müəllimləri ilə görüşüb.
Görüş zaman “Qarabağ hərəkatı”, müharibə və onun nəticələri, Azərbaycan torpaqlarını işğal edərək qazandıqları qələbədən, diplomatik uğurlardan, o cümlədən Ki-Uest sənədindən, Madrid prinsiplərindən bunların ardınca baş vermiş məğlubiyyətlərdən danışıb.
Həmin görüşdə Koçaryanın verdiyi cavablara əlüstü bir baxış edəcəyik.
Ermənistanda müxalifət Rusiyayönlü, hökumət isə qərblə Moskvanın arasında bir mövqedə durub. Odur ki, onların siyasi, hətta mənəvi, fəlsəfi mahiyyəti də gizli deyil.
O da sirr deyil ki, erməni cəmiyyəti dərin siyasi, mənəvi, ideoloji böhran yaşayır.
Bu vəziyyət Ermənistan hökumətinin başçısı Nikol Paşinyan, komandası və müxtəlif siyasi qüvvələr tərəfindən də dolayı da olsa etiraf olunur.
Məsələn, Nikol Paşinyanın irəli sürdüyü “Real Ermənistan” siyasi-ideoloji konsepsiyanı buna örnək göstərmək olar.

Müxalifət nümayəndələri isə Azərbaycan torpaqlarını işğal etdikləri ilə öyünür, məğlubiyyətə görə isə Paşinyanı tənqid edirlər. Bununla da cəmiyyət qarşısında siyasi fəaliyyətlərini bitmiş sayırlar.
Robert Koçaryan bu görüşdə müxalifətin birləşməsi problemlərindən danışaraq bildirib ki, bu, konkret məqsəd ətrafında mümkündür.
O əlavə edib ki, hamının bir yerə toplaşıb, müxalifət olması isə mümkün deyil, bu səbəbdən konkret hədəf ətrafında toplaşmaq lazımdır.
Koçaryan bununla müxalifətin vəziyyətini, anlaşmaq üçün problemlərin olduğunu etiraf edib. Çünki müxalif qüvvələrin konsolidasiya olması üçün ideya boşluğu var. Onların bu istiqamətdə ötən il “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan başçılığı ilə reallaşan ümumermənistan aksiyası uğur qazanmayıb. Bu ictimai-siyasi fəaliyyətin şüarlarından biri Paşinyanın və hökumətinin istefası idi. İrəvanda müxalifət nümayəndələrinin çağırışı ilə keçirilən müddətsiz elan edilən aksiya da nəticəsiz qaldı. Baqrat Paşinyana istefası ilə bağlı müxtəlif müddətə “Paşinyan bir həftə vaxt veririk” kimi ultimatumlar verdi.
2018-ci ildən Ermənistan hökumətinə müxalifət, bəzən düşmən mövqedə olan kilsənin də canfəşanlığına baxmayaraq, 2024-cü il mayın 4-də keçirilən yürüş uğurlu sonuc əldə edə bilmədi.
Eçmiədzində Azərbaycanla Ermənistan arasında sərhədin Tavuş hissəsində demarkasiya və delimitasiyanın keçirilməsini son dərəcə təhlükəli hesab edirdilər.

Kilikiya Böyük Evinin Katolikosu I Aram Erməni Apostol Kilsəsinin Ali Ruhani Şurasının ölkədəki vəziyyətlə bağlı bəyanatını dəstəkləmişdi: "Katolikoslar Ermənistanın, erməni xalqının müxtəlif problem və çətinlikləri dəf etməsi məsələsində kilsənin əsas rolunu nəzərə alaraq müzakirələri davam etdirməyi qərara alıblar”.
Bütün bu müzakirələr də nəticəsiz qaldı. Müxalifət cərgəsində kilsə siyasi qüvvələrdən zəif amil deyil. Bununla belə onların addımları erməni cəmiyyətinin bu dini məkan və ya ideya ətrafında toparlanmasına nail ola bilmir.
Odur ki, Koçaryanın müxalifətin birləşməsi, yaxud onun ətrafına toplaşması nə indi, nə də yaxın perspektivdə mümkün görünmür.
Keçmiş prezident cəmiyyətin diqqət mərkəzində olmaq üçün hakimiyyəti dövründə ordunun gücündən və Azərbaycan qarşı şərdən danışıb.
Onun iddiasına görə, Azərbaycan Göyçənin bir hissəsini və Zəngəzuru işğal edəcək. Bu koçaryanların ənənəvi çoxsaylı şər, böhtan xarakterli çıxış və təbliğatından biridir.

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirmişdi: “Biz cəmi 44 gün ərzində düşməni torpağımızdan qovduq. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu, imdad dilədi və bu gün də həmin vəziyyətdədir. Bu gün də yer qalmayıb ki, qapısını döyməsin ki, amandır Azərbaycan bizi hədələyir, Azərbaycan bizi burada boğmaq istəyir”.
Koçaryan da Zəngəzur və Göyçə ilə bağlı yalanları bunun hələ də davam etdiyini təsdiqləyir.
Dövlət başçısı belə düşünənlərə, yalan danışıb, şər-böhtan atanlara o vaxt cavab verib: “Biz öz vəzifəmizi icra etmişik. Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi”.
Koçaryan bu iddiası, yalanı ilə ideyasız erməni cəmiyyətini yenidən müharibəyə hazırlamağa səy göstərir. O iddia edir ki, başçılıq etdiyi dövrdə Ermənistan ordusu Azərbaycandan güclü olub.
Təəssüf ki, Xocalı və Qarabağda törədilən bir çox cinayətlərin təşkilatçısı, öz millətinin qanını tökdüyünə görə də cəzası qalmış bu siyasi fiqur reallığı unudur. Çünki Qarabağın işğalı zamanı Ermənistan ordusu yarananda, yaxud onlara silah veriləndə, Azərbaycanda ov tüfəngləri ilə torpaqları Sovet, sonra Rusiya-Ermənistan hərbi birliyinə qarşı müqavimət göstərirdi. Onda ermənilərə o dövr üçün müasir silahlar verilirdi. Onlar işğal altında saxladıqları Qarabağ üzərində uçan İrana məxsus “C130” təyyarəsini 1994-cü il martın 17-də vurmuşdular. Bu hadisə nəticəsində İranın 32 vətəndaşı həlak olmuşdu.
Həmin dövrdə Robert Koçaryan o vaxt işğal altında olan Qarabağda qondarma rejimin “dövlət müdafiə komitəsinin sədri və baş naziri” işləyirdi. 1994-cü ilin noyabrında isə sonra bu saxta quruluşun “prezidenti” olmuşdu.

Deməli, həmin təyyarənın vurulmasına görə Koçaryan birbaşa məsuliyyət daşıyır. Ermənistan ordusu mülkü təyyarəni vurmaqla öz gücün nümayiş etdirib. Koçaryan bu gücü nəzərdə tutur?!
O, Hindistan və Fransa ilə Ermənistanın hərbi müttəfiqliyini də tənqid edib. Fransanın hərbi texnikasının tərifləsə də, o biri ölkə barədə belə söyləməyib. O ölkəsi üçün yeni hərbi müttəfiq axtarmaq ideyasını irəli sürüb.
Bunu tarixi faktlar da təsdiqləyib ki, Azərbaycan torpaqlarını Ermənistan Rusiyanın hərbi-siyasi dəstəyi, yardımı ilə işğal etmişdi. Onun təriflədiyi silahlı qüvvələr mifi 44 gün ərzində darmadağın edildi.
2010-cu ilin iyununda Mübariz İbrahimov Koçaryan-Sarqsyan ordusuna Azərbaycan əsgərinin gücünü göstərmişdi. Yeri gəlmişkən, onda Koçaryanın güc tətbiqi ilə prezident elədiyi Sarqsyan ali baş komandan idi.
Bununla həm də Koçaryan-Sarqsyan cütlüyünün qurduğu ordunun, Ermənistan silahlı qüvvələrinin mövcudluğu bitdi.
Odur ki, onun iddia etdiyi kimi Ermənistan heç vaxt Azərbaycandan irəlidə olmayıb. Sadəcə, onun arxası olub. “Arxalı köpək isə qurd basar”.

Koçaryan Rusiya ilə Ermənistan hakimiyyətinin davranışına da etiraz edərək deyib ki, ona belə münasibət göstərmək olmaz.
Nikol Paşinyan isə ötən gün Rusiya ilə münasibətləri korlamaq, pozmaq niyyətində olmadıqlarını vurğulayıb.
Keçmiş prezident bununla da moskvasevər erməni cəmiyyətinin ətrafında toplayaraq güc olmağı hədəfləyir. Koçaryan çıxışı və cavabları ilə Rusiyadan başqa Ermənistan üçün etibarlı hərbi, siyasi müttəfiqin ola bilməyəcəyini söyləyib. O Ukrayna hadisələrinin baş verməsində NATO tənqid etməklə rəsmi İrəvanın bu Alyansla gələcəkdə əlaqələri inkişaf etdirmək istəyini də tənqid edib.
Koçaryan bu görüşdə erməni cəmiyyətinə hələ də yararlı ola biləcəyi ismarışını verib. Bu səbəbdən də keçmişdəki cinayətlərini uğur kimi təqdim edib. O həm də revanş etmək istədiyini də gizlətmir.
Ermənistana Prezident təyin olunmazdan əvvəl, o, işğal zamanı Azərbaycan torpaqlarında ermənilərin və havadarlarının işlətdikləri bütün cinayətlərdə bu və ya başqa şəkildə iştirakçıdır. Odur ki, Azərbaycan dövlətinə qarşı hərbi cinayətlərdə təqsirləndirilənlərin sırasında onun yerə boşdur.(Report)