{category-title}
Əhməd İsmayılov: Azərbaycan onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir
Azərbaycan onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı" konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın media ekosisteminə təsir göstərən bu kimi təhdid meyilləri öz növbəsində həm medianın raqabətədavamlı xəbər istehsalını artırmasını, həm də ictimaiyyətin yalan məlumatların təsirinə düşməsinin qarşısının alınması baxımından media savadlılıq səviyyəsinin yüksəldilməsini şərtləndirir.
Ə.İsmayılov vurğulayıb ki, Agentlik tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması üçün beynəlxalq təcrübə araşdırılaraq hədəf qruplara istiqamətlənmiş vahid daxili strategiya hazırlanıb:
"Media və təhsil nümayəndələri, həmçinin yeniyetmə və gənclər media savadlılığı üzrə ixtisaslaşmış ekspertlər və dövlət rəsmiləri tərəfindən mütəmadi əsasda seminarlara cəlb olunmaqdadır. Ümumiyyətlə, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkili nəticəsində COP29 ərəfəsində və dövründə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunmuşdur.
İctimaiyyətdə daxili və xarici neqativ informasiya axınına qarşı dayanıqlı təbii müqavimətin yaradılması, dezinformasiya təhdidlərinin neytrallaşdırılması təmin edilib".
O əlavə edib ki, cəmiyyətin ictimai-siyasi sayıqlığının qorunması, ölkəyə qarşı yönəlmiş qarayaxma kampaniyalarının qarşısının alınması, dövlətçilik prinsip və dəyərlərinin təbliği istiqamətində dövlətin mesajlarının media vasitəsi ilə cəmiyyətə düzgün çatdırılması ictimai rəyin sağlam prinsiplər əsasında formalaşmasına ciddi təsir etməkdədir.