{category-title}
Gündəm / Siyasət
10.12.2024, 16:14
Fransızların, əsədlərin dandığı türkmən varlığı – Suriya imtahanla üz-üzə - ŞƏRH
Suriya Ərəb Respublikasında yeni dönəm başlayır. Bu ölkədə adi vətəndaşlardan tutmuş, siyasi qüvvələrə, keçid hökumətinə, hərbi birləşmələri, regionda və Suriyada maraqlarının təmin olunmasını istəyənlərə və buradan sıxışdırılmışlaradək hər kəs sınaqla üz-üzədir. Onların fəaliyyəti Ərəb Respublikasının gələcəyi, regionun təhlükəsizliyi, sabitliyi, əməkdaşlığı və firavanlığı üçün əhəmiyyətlidir.
Suriyanın başlıca məsələlərindən biri də ərəb olmayan etnik qrupların milli hüquqlarının təminidir. Onlardan biri də türkmənlərdir. Ata-oğul - Hafiz və Bəşşar əsədlərin hakimiyyətləri dövründə onlar daim assimilyasiyaya məruz qalıblar. Tarixi yurdlarında didərgin salınıblar. Siyasi proseslərdə iştirak etmələrinə imkan verilməyib. Dili, milli mədəniyyəti daim təzyiqə məruz qalan, milli varlığı danılan türkmənlər Suriyada Bəşşar Əsəd rejiminə qarşı mübarizədən kənar qalmayıblar.
Suriya Mərkəzi Statistika Bürosunun rəsmi məlumatına görə, 2015-ci il sentyabrın 22-də ölkə əhalisinin sayı 23 milyon 394 min 783 nəfər olub. Türkmənlərin sayının 3,5 milyon civarında olduğu bildirilib. Onlar Suriyanın Dəməşq, Lazkiya, Hama, Humus, Hələb və Rəkka şəhərlərində və kəndlərində yaşayırlar.
Dəməşqdəki türkmənlər Şam türkmənləri, Hələb və Rəkkadakılar Hələb, yaxud Culap türkmənləri, Lazkiya türkmənlərinə isə Bayır-Bucaq türkmənləri adlanır. Onların hamısına başqa etnik qruplar türkmən deyirlər.
Suriyada uzun illər ermənilər etnik azlıq olaraq qəbul edilib. Ona görə də onların dili və etnik qrup kimi mədəniyyəti qorunub, himayə edilib.
Türkmənlər əsədlər rejimindən milli varlıqlarını qorumağa çalışsalar da, çoxu ərəbləşib. Onların danışıq dili Türkiyənin Hatay bölgəsindəki şifahi nitqə oxşayır. Türkmənlər daha çox Türkiyə ilə əlaqə saxlayırlar.
Suriya milli dövlət olaraq qurulmayıb. Türkmənlər Fransa müstəmləkəsi ilə ta dekabrın 8-nə, Bəşşar Əsəd rejimi süquta uğrayanadək daim mübarizə aparıb.
Türkmənlər Azərbaycan kökənlidir. Onların Qafqazla əlaqələri olub. Ancaq müstəmləkə rejimləri, sovetlər, dünyanın qütbləşməsi onları Azərbaycandan uzaq salıb.
Suriyanın gələcəyi türkmənlərin də hüquqlarının təmin olunmasından asılıdır. Ötən yüz illikdə Suriya bir dəfə bu problemlə üzləşib. Fransa dominantlığı dövründə ölkəni nəzarətdə saxlamaq üçün onu etnik və məzhəb əsaslar üzrə bölmüşdü. Sünniləri Hələb və Dəməşqə, xristianları Livana, ələvi və druz bölgələrini isə ayrı-ayrı dövlətlərə çevirmişdi. Ancaq bu bölgü ərəb milliyyətçilərinin təzyiqi səbəbindən uzun müddət davam etməyib.
1922-ci ildə Hələb və Dəməşq dövlətləri birləşərək Suriya Federasiyasını yaradıblar. Ələvi bölgəsi 1930-cu ilə qədər, Dürzi isə 1936-cı ilə qədər muxtariyyətlərini qoruyub saxlaya bilmişdi. Onda 1,5 milyonluq Suriya əhalisinin yalnız 50 mininin türkmən olduğu iddia edilir.
Sayının az olduğu iddia edildiyindən türkmənlərin milli hüquqları Fransa dominantlığında nəzərə alınmayıb. 1936-cı ildə Fransanın bölgədə təsiri, Suriya hərbisi hələ də onların nəzarəti altında olub. Onlar idarəçilikləri altında olan etnik azlıqları müxtəlif təlimlərə və kadr hazırlığına cəlb ediblər. Ancaq türkmənlər Türkiyəyə yaxın olduqları və sünni olduqları üçün bu istiqamətdə yer verilməyib.
1946-cı ildə Fransanın çıxması ilə Suriya müstəqillik əldə edib. Onda da türkmənlərin hüquqlarının təmini ilə bağlı heç bir razılaşma əldə edilməyib. Bununla da onların hüquqları qeyri-müəyyən vəziyyətdə qalıb.
Suriyadakı idarə etmə sistemi yaranmış vəziyyətdən sui-istifadə edərək türkmənlərə qarşı əvvəlcə zülm edib, assimilyasiya siyasətini həyata keçirib.
Türkmənlərə azlıq statusu verilməsə də, onların milli hüquqlarının təmin edilməsi məsələsi Suriyanın başlıca problemi kimi mövcuddur. Ölkənin 1949 və 1972-ci il konstitusiyalarına əsasən, Suriyada yalnız ermənilər azlıq kimi qəbul olunub. Başqa icmalar Suriya ərəb vətəndaşları kimi tanınıb. Vətəndaşlıq adı altında türkmənlər assimilyasiya olunub.
Hazırkı, Bəəs Partiyasının, Əsəd sülaləsinin konstitusiyasında türkmənlər etnik qrup olaraq tanınmır. Hafizə Əsəd 1971-ci ildən ölənə, 2000-ci ilədək bu assimilyasiya siyasətini davam etdirib. 2000-ci il iyulun 10-da Bəşşar Əsəd hakimiyyətə gələndən sonra türkmənlərin milli haqlarının da tanınacağına inam artmışdı. Ancaq konstitusiyanın dəyişməməsi atasından qalma milli assimilyasiya siyasətini davam etdirməklə vəziyyəti yenə ağırlaşdırıb.
Bununla belə, 2000-ci ildə türkmənlərdə özünəinam artıb, milli hüquqların təmin olunması istiqamətində fəaliyyəti güclənib. Heç şübhəsiz, bu məsələlərdə onları Türkiyə dəstəkləyib. Bu, həm də güc idi.
İŞİD terror qruplaşmasının Suriyaya soxulması ilə türkmənlər yenidən zülmə məruz qalıb. Türkiyənin Suriyada həyata keçirdiyi “Fırat qalxanı” antiterror əməliyyatları ilə türkmən bölgələri terrorçulardan təmizlənib.
Suriya Azadlıq Ordusu, “Həmzə tüməni”, Sultan Murad tüməni, Suriya Türkmən Ordusu, Fetih Hələb, Birləşmiş türkmən Ordusu, Suriya Demokratik Türkmən Hərəkatı, Suriya Türkmən Məclisi və başqa quruluşlar Suriyanın Bəşşar Əsəd rejimindən azad edilməsi yolunda mübarizə aparıb. Bu, həm də onların milli hüquqlarının təmin olunması uğurunda savaşıdır.
İraqın da federallaşmasında türkmənlərin milli-etnik maraqları nəzərə alınmayıb. Ona görə də bu ölkədə daha çox söz sahibi sayılan qüvvələr onları sıxışdırmağa, saylarını az göstərməyə çalışır.
Ehtimal etmək olar ki, Suriyanın gələcəyində bu yanlışlıqlar baş verməyəcək. Ölkədə ərəb olmayan ermənilərin, kürdlərin və başqalarının milli-dini hüquqları ilə yanaşı, türkmənlərin bir əsrdən artıq danılan etnik haqlarının tanınması zərurəti də yaranıb. Bu məsələdə Türkiyə və Azərbaycanın birgə fəaliyyət göstərəcəyi istisna edilmir. Çünki türkmənlərin azərbaycanlı, Azərbaycan türkü olduqlarını nə Bakı, nə Ankara, nə də Hələb və Şamda unudublar.
Əvvəllər türkmənlər “Suriya vətəndaşı” adı altında assimilyasiya olunurdu. Bu dəfə vətəndaş kimi onların milli mənsubiyyəti etiraf ediləcək, mədəni muxtariyyətin reallaşması istiqamətində qanuni addım atılacağına ümidlər var. Ona görə də Suriya Respublikasının yeni konstitusiyasında türkmənlərin milli hüquqlarının təsbit ediləcəyi gün uzaqda deyil.
Yeni Suriyanın yaranmasında apardıqları mübarizənin qarşılığı olacağı gözləniləndir. Əks halda, onun dövlət kimi formalaşması şübhəlidir.(Report)