{category-title}

Əvəz Şükürov böyüklüyü hər kəs üçün bir örnək idi.

Bəli, bu işıqlı dünyaya göz açan hər Adəm övladının bir ömür payı, rangarəngliklərlə dolu həyat yolları olur. Yaxşı hal odur ki, hər kəs yaşadığı ömür yollarında atdığı addımları ilə silinməz izlər buraxsın, hər kəsin qəlbində özünə qarşı rəğbət hissi, sevgi duyğusu formalaşdıra bilsin. Hətta, həmin şəxslə bağlı hansısa çevrədə söz-söhbət düşərsə, müəyyən müzakirələr aparılarsa, o halda həmin şəxsin adı hörmətlə, izzətlə çəkilsin. Belə bir halın varlığı, məhz qururlu iradəsi, müdrik düşüncəsi ilə fərqlənən, əxlaqı və əqidəsi saf amallar üzərində formalaşan hər bir Vətən övladı üçün əvəzolunmaz dəyərdir, sanki bir kamillik nümunəsidir. Haqqında söhbət açdığımız, eyni zamanda atdığı addımları ilə çoxsaylı insanların sevgisini qazanmağa nail olmuş, qəlbində Vətəninə, xalqına qarşı zaman-zaman sevgi hissi gəzdirmiş, düşmənlərə qarşı barışmaz mövqeyini ortaya qoymuş Şükürov Əvəz Kərəm oğlu da, məhz belə vətən oğullarından biri idi. Bu şəxs yaşadığı ömür yollarında elə bir silinməz izlər buraxır, elə bir insani keyfiyyəti ilə milyonların qəlbinə yollar açır ki, bu gün də onun atdığı addımları nə untmaq, nə də ki, yaddaşlardan silmək heç cür mümkün deyil. Bəli, bu cür halın varlığı əvəzsiz dəyərdir, hər kəsin adı çəkilən bu şəxsə qarşı bəslədiyi insani münasibətin varlığıdır. Onu da bildirək ki, yaşadığı ömür yollarında şərəfli və qürurlu adının varlığı ilə silinməz izlər buraxan Əvəz Şükürov 1926-cı ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuş və adı çəkilən bu kənddə orta təhsilini başa vurduqdan sonra o, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına (indiki ADAU-ya) daxil olaraq, bu ali təhsil müəssisəsində ali təhsilini müvəffəqiyyətlə başa vurur. 1944-cü ildən Kəlbəcər rayon İcraiyyə Komitəsində kənd təsərrüfatı şöbəsinin aqranomu, bir müddətdən sonra isə, “Pravda” kolxozunda sədr vəzifəsini daşıyır. Əvəz Şükürov 1950-1953-cü illərdə Zülfüqarlı və Abdullauşağı kənd sovetinin sədri, 1954-1964-cü illərdə isə, təkrar “Pravda” kolxozunda sədr vəzifəsini daşımalı olur. Eyni zamanda 1958-1968 –ci illərdə o, V-VI çağırış Azərbaycan SSR Ali sovetinin deputatı da olur. Adı çəkilən bu şəxs uzun illər ərzində Kəlbəcər və Zərdab rayonlarında muxtəlif rəhbər vəzifələrdə çalışir. Əvəz Şükürov 1993-cü ilin aprelindən 1994-cü ilin yanvar ayının əvvəlinə kimi Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini olsa da, 09 yanvar 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti, məhrum Heydər Əliyevin imzaladığı Fərman əsasında o, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunur və bu vəzifədə 1995-ci ilin sentyabr ayının sonlarınadək çalışır. 1995-ci ildən Kənd Təsərrüfatı nazirliyində baş mütəxəssis vəzifəsini daşıyır və 20 yanvar 2006-cı ildə isə o, Bakı şəhərində vəfat edir. Onu da qeyd edək ki, Əvəz Şükürov Azərbaycanın Milli Qəhrəmanı, mərhum polis mayoru olmuş Şahlar Şükürovun atasıdır.
Bu gün adı çəkilən bu şəxs haqqında nəsə danışmaq, nəsə yazmaq olduqca çətin, olduqca məsuliyyət tələb edən bir işdir. Çünki Kəlbəcər torpağında göz açan, onun havasını udan, suyunu içən, bir sözlə bu torpaqda böyüyüb boya-başa çatan hər bir kəlbəcərli kimi, Əvəz Şükürovun da qəlbindəki nisgilin sızıltıları ona heç cür rahatlıq vermirdi və onu hər an o torpaqlara qayıtmaq həsrətilə səsləyirdi. Bəli, Kəlbəcərin itgisi böyük faciədir, yerə-göyı sığmayan bir dərddir. Hal-hazırda yağı tapdağı altında inildəyən, əzilən, sərvətləri ucdantutma talanan Kəlbəcərə qovuşmaq həsrəti, hər bir kəlbəcərlinin ən ağrılı yeridir.
Əvəz Şükürovun şərəfli ömür yolları haqqında bir qədər araşdırma apardıqda o da bəlli olur ki, bu şəxs öz elinə-obasına sıx bağlı olmuş, xalqının məhəbbətini qazanmış, layiqli və ləyaqətli bir kəlbəcərli olaraq doğulduğu torpağına hər an başucağlığı gətirən şəxs olmuşdur. Əldə etdiyimiz məlumatlara görə o, gənc yaşlarında ikən hər kəsin hörmət və izzətini qazanır. Belə bir səbəblər üzündən də, tam böyük əksəriyyət ona hörmət əlaməti olaraq ağsaqqal deyə müraciət də edirlər. Bəli, heç də hər kəs gənc yaşlarında ikən öz davranışı, düşüncəsi, ətrafındakılara bəslədiyi münasibəti ilə başqalarına örnək ola bilmir. Amma, tam əksəriyyətdən fərqlənən Əvəz Şükürov, məhz atdığı addımları ilə çoxlarına örnək olur. Adicə bir faktı qeyd edək ki, mərhum eks-prezident Heydər Əliyevin sədrliyi ilə Milli Məclisdə iclas keçirilərkən, onun həmin iclasda etdiyi tarixi çıxış, bu gün də öz aktuallığını saxlamaqdadır. Belə ki, o, Milli Məclisdə İsa Qəmbərlə, AXCP hakimiyyətinin rəhbər şəxslərinin erməni təcavüzünə məruz qalan torpaqlara bəslədikləri münasibətlə, Kəlbəcərdəki məşhur “15 günlük toy”la, həmçinin Kəlbəcərin işğalı ərəfəsində mərhum Əbülfəz Elçibəyə teleqramlar vurması ilə bağlı elə bir tutarlı faktlarla çıxış edir ki, cəbhə funksionerlərindən bir kimsə Əvəz Şükürova cavab vermək iqtidarında olmurlar. Bu da bir daha onun böyüklüyünu, uzaqgörənliyini göstərən halların varlığıdır. O, elə bir xarakterik xüsusiyyəti, elə bir insani keyfiyyətləri özündə cəmləşdirən şəxs olur ki, həyatın ən çətin anlarında təmkinli olmağı bacarır, dəyərli məsləhətləri ilə çoxlarını düz yola dəvət edir, insanlara mənalı yaşamağın yollarını başa salır. Əvəz Şükürov yaşadığı ömür yollarında ictimai fəaalığı ilə də çoxlarından fərqlənən şəxs olur. Belə bir göstəriciləri ilə fərqlənən bu şəxs, 1958-1968 –ci illər ərzində Azərbaycan SSR Ali sovetinin deputatı olur və qanunverici orqanda da, öz seçicilərini layiqincə təmsil etməyi bacarır.
Xüsusi vurğulanası hallardan biri də odur ki, Əvəz Şükürov rayonun “Pravda” kolxozunda sədr vəzifəsini daşıyarkən, rayonun ümumi pul gəlirlərinin miqdarı bir neçə dəfə artır və adı çəkilən kolxozda tikilmiş heyvandarlıq kopleksi, məhz respublikamızda ən iri istehsal müəssisələrindən biri hesab olunur. Təkcə 1988-ci ildə “Pravda” kolxozunun hesabında 2 milyon manat vəsaitin olması, hətta rəsmi sənədlərdə də öz təsdiqini tapır. Belə bir nailiyyətlərə görə də, Kəlbəcər rayonu sosializm yarışının qalibi olur və bir neçə dəfə Azərbaycan KP MK-nın, Azərbaycan Nazirlər Sovetinin, AHİMŞ-ın və Azərb. LKGİ MK-nın Keçici Qırmızı Bayrağına layiq görülür. Əvəz Şükürovun Kəlbəcərin kənd təsərrüfatı sahəsindəki xidmətləri ilə bərabər, onun Vətən, torpaq, xalq təəssübkeşliyindən çıxış etməsi haqda da, ortada kifayət dəlil-sübutlar var. Belə ki, bu şəxsin Kəlbəcərin düşmənə ağır zərbələr endirməsində çox böyük əməyinin olduğu da vurğulanır. Bəzi rəsmi sənədlərdən o da bəlli olur ki, 1993-cü ilin mart- aprel aylarında doğma yurd-yuvalarından didərgin düşən kəlbəcərlilər, Kəlbəcər-Laçın yolunun minbir əzab-əziyyətlə açılmasında Əvəz Şükürovun göstərdiyi xidmətləri, bu gün də unutmurlar. Ağdərə rayonu ərazisindən Kəlbəcərə gedən əsas yol bağlandığından, həmin vaxtlarda əhalinin mühasirəyə düşmək təhlükəsi rəhbərliyi olduqca narahat edir. Ona görə müvəqqəti də olsa Laçın və Gəncə istiqamətlərindəki keçilməz dağlardan yolların çəkilməsi məqsədəuyğun bilinir və həmin vaxtlarda qeyd olunan yolun çəkilişini “Pravda” kolxozunda sədr vəzifəsini daşıyan Əvəz Şükürov öz üzərinə götürür. Yolun çəkilişinə heç bir dövlət vəsaiti sərf olunmadan 1988-ci il aprelin 24-də başlanılır və həmin ilin təqribən iyun-iyul aylarında da, Laçın rayonunun Qorçu kəndində başa çatdırılır. Bəli, həmin yol o keşməkeşli dönəmdə bütün kəlbəcərlilər üçün sanki bir xilas yolu olur. Baxmayaraq ki, qeyd olunan yolun açılışı həyata keçirilir, amma ümumi ab-havadakı gərginlik heç də azalmır. Əhali həm istər iqtisadi, həm də mənəvi baxımdan olduqca əziyyət çəkir. Belə bir yolunu açılışının baş tutması kəlbəcərliləri qış mövsümündə mühasirəyə düşməkdən və aclıq qorxusu ilə üz-üzə qalmaqdan xilas edir. Çünki, həmin yolla hər gün rayona yanacaq, ərzaq, gündəlik tələbat malları və digər lazımi məhsullar daşınır.Bəli, bütün bunlar onu sübut edir ki, Əvəz Şükürov həyatının bütün dönəmlərində Kəlbəcərin sosial-iqtisadi cəhətdən inkişaf etdirilməsi, eyni zamanda DQ müharibəsinin gedişi zamanı doğma torpaqlarının lazımınca müdafiə olunması yöndə var qüvvəsini, bacarığını, iradəsini, qətiyyətini heç bir halda əsirgəməyən şəxs olur. Atdığı belə bir addımları səbəbindən o, bu gün də hər kəsin qəlbində dəyərli bir ziyalı, nüfuzlu rəhbər, müdrik ağsaqqal kimi xatırlanmaqdadır. Əvəz Şükürov Kəlbəcərin yağı düşmənlərdən müdafiə olunması yöndə oynadığı roldan başqa o, torpaqlarımızın bütövlüyü uğrunda Şahlar Şükürov adlı igid, cəsur, təəssübkeş bir oğulunu da itirir. Vətənə Şahlar Şükürov kimi qəhrəman bir oğul verdiyi üçün o, həmişə qürurlu görünər və əslində bu şəxsin övladlarının hər biri doğma yurd-yuva, torpaq üçün canından hər zaman keçməyə hazır olduqlarını atdıqları addımları ilə təsdiqləyirlər. Onun övladlarından hər biri hansı sahədə çalışsalar da, hər zaman şərəfli yaşamağı, şərəfli əməyi uca tutmağı özləri üçün əsas amal hesab edirlər.
Nə qədər çətin an, nə qədər dözülməz vəziyyət yaşansa da, heç bir qüvvə bu şəxsin qürurlu iradəsini əyə bilmir. Amma oğul itgisi, torpaq itkisi, Şahlar Şükürov yanğısı, yurd, el-oba ayrılığı, son anda onun vüqarlı əzəmətinin şux qamətinə müəyyən qədər öz təsirini göstərir. Hər kəs bilir ki, əsrlərin, min illərin yaşıdı olan palıd ağacları yıxılarkən hər tərəfə böyük səs-küy salır. Məhz, Əvəz Şükürov da belə bir qaydada yıxıldı, səs-küyü ərtaf aləmə yayıldı. Bəli, məğlubedilməz xarakteri ilə yaddaşlara yazılan Əvəz Şükürov, sanki bütün kəlbəcərliləri üçün bir örnək idi. Bir sözlə, yaşadığı ömür yollarında daim xalqını düşünən, doğulduğu el-obasının firəvanlığına çalışan, torpaqlarmızın bütövlüyü uğrunda canını fəda edən Əvəz Şükürovun yoxluğu, Kəlbəcərin itgisi qədər ağır və çətin bir dərd oldu. O, ziyalı bir ailənin başçısı olaraq fəxr olunan ağsaqqal, başbilən bir şəxs, kamil bir insan idi. Əvəz Şükürov bu işıqlı dünyada öz sözünü deməyi bacaran bir şəxs idi ki, onunla bağlı xatirələr bu gün də danışılmaqdadır.
Hazirladi: Xəlil Yusifoğlu