{category-title}
Sabahdan bal yarmarkası başlayır
Anews.az xəbər verir ki, artıq yarmarkaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsulları "Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarından Sərgi-Satış Yarmarkasının keçiriləcəyi ünvana daşınır.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq builki yarmarka innovativ yenilikləri ilə ötən ilkilərdən fərqlənir.
Bu il tətbiq edilən növbəti yenilik isə satışına icazə veriləcək hər bir məhsulun qablaşmasının üzərində ştrix-kodun olmasıdır. Bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə biləcəklər.
Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə yarmarka günlərində onlayn sifariş xidməti də istifadəyə veriləcək. Vətəndaşlar www.bal.kendden.az saytına daxil olaraq iştirakçılar üçün yaradılmış profillərdən istifadə etməklə məhsul sifariş edə biləcəklər. Sifariş olunan məhsullar Gənclik və Nəriman Nərimanov metro stansiyaları yaxınlığına ödənişsiz, digər ərazilərə isə ödənişli şəkildə çatdırılacaq.
Məlumat üçün bildirək ki, vətəndaşların marağının artırılması məqsədilə yarmarkanın açılış günü, eləcə də qeyd edilən tarixlərə düşən şənbə və bazar günləri müxtəlif əyləncəli proqramlar və konsertlər keçiriləcək, yarmarkanın keçirildiyi müddət ərzində arıçılıq məhsullarının dequstasiyası da təşkil olunacaq. Vətəndaşlar 28 sentyabr-18 oktyabr tarixlərində hər gün saat 8:00-dan 20:00-dək bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsulları əldə edə bilərlər.