{category-title}
Minimum istehlak səbətinin tərkibinə yenidən baxıla bilər - TƏHLİL
Azərbaycanda ilk dəfədir ki, minimum əmək haqqı məbləği ölkə üzrə yaşayış minimumunu üstələyəcək. Bu il üçün təsdiq olunan yaşayış minimumu 180 manat olduğu halda, sentyabrın 1-dən minimum əmək haqqı 250 manat olacaq. Oktyabrın 1-dən əmək pensiyasının minimum məbləği 200 manata qaldırıldıqdan sonra isə minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olacaq.
Bu artımlardan sonra Azərbaycanda yaşayış minimumunun müəyyənləşməsində əsas rol oynayan minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi gündəmə gəlib.
Qeyd edək ki, qanunvericiliyə əsasən minimum istehlak səbətinin tərkibinə 3 ildə bir dəfə baxılmalıdır. Axırıncı dəfə 9 illik fasilədən sonra 2014-cü ildə Nazirlər Kabineti tərəfindən səbətin tərkibinə baxılaraq, bir sıra dəyişikliklər edilib.
Dəyişikliklərdən sonra Azərbaycanın minimum istehlak səbətində 40-dan artıq qida məhsulu var. İnkişaf etmiş ölkələrdə isə bu səbətdəki qida məhsullarının sayı 100 ətrafında dəyişir. Yaxud Azərbaycanda indiki normativlə kartof istehlakı ay ərzində 4 kq edir. Belarusda bu göstərici 11 kq, Qazaxıstanda və Moldovada 10 kq təşkil edir. Bostan-tərəvəz məhsullarında ölkəmiz Qazaxıstan, Belarus, Moldova, Qırğızıstan, Özbəkistan və Rusiyadan geri qalır. Bu ölkələrdə bostan-tərəvəz məhsullarının illik istehlakı 110-130 kq-a qədər dəyişir.
Ümumilikdə Azərbaycanda 3 istehlak səbətində minimum istehlak üçün nəzərdə tutulan ərzaq, qeyri-ərzaq və xidmətlərin sayı 150 çeşid ətrafındadır. İnkişaf etmiş ölkələrdə həmin göstərici 300-350 civarındadır. Maraqlıdır ki, Nazirlər Kabinetinin istehlak səbətinin strukturu ilə bağlı qərarında mal qruplarının əmtəə strukturu açıqlanmır. Məsələn, “meyvə və giləmeyvə” üzrə illik istehlak bir nəfər üçün 38 kq müəyyən edilib. Amma konkret meyvə və giləmeyvə növlərinin adı və norması ilə bağlı qərarın əlavəsi ictimaiyyətdən gizli saxlanır.
Ekspertlərin fikrincə, başqa bir problem qida normalarının səviyyəsi ilə bağlıdır. Belə ki, bir nəfər üçün ət və ət istehlakı qonşu Rusiyada 58.6 kq, Azərbaycanda 32.9 kq, meyvə və giləmeyvə istehlakı Rusiyada 60 kq, Azərbaycanda 38 kq, balıq və balıq məhsulları Rusiyada 18.5 kq, Azərbaycanda 7.7 kq minimum norma kimi təsdiqlənib.
Bütün bunları nəzərə alaraq müstəqil ekspertlər minimum istehlak səbətinin tərkibinə həm məhsulların sayı, həm də normaları baxımından yenidən baxılmasını zəruri hesab edirlər. İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda yaşayış minimumu hər il dövlət büdcəsinin layihəsi ilə birlikdə tərtib edilərək təsdiqlənir: “Bu il üçün təsdiqlənən məbləğ 180 manatdır. Gələn il üçün yəqin ki, bu məbləğ bir qədər artırılacaq. Minimum istehlak səbətinin tərkibinə qanunvericiliyə əsasən 3 ildən bir baxılmalıdır. Təcrübədən görürük ki, reallıqda daha gec-gec baxılır. Düşünürəm ki, ölkə üzrə yaşayış minimumunun müəyyənləşməsində əsas rol oynayan minimum istehlak səbətinin tərkibinə hər il baxılmalıdır. İqtisadiyyat inkişaf edirsə, əhalinin gəlirləri artırsa, demək, istehlak davranışları, istehlakçı zövq ü də dəyişir. Beş manat gəlirlər formalaşan istehlak səbəti ilə 15 manatlıq gəlirlə formalaşan arasında fərq olmaya bilməz. Bu baxımdan, dəyişikliklərin minimum istehlak səbətində əksini tapması lazımdır”.
Ekspert hesab edir ki, minimum istehlak səbətinin tərkibinə yenidən baxılması ilə yanaşı, bir sıra sosial müavinətlərin müəyyənləşməsi üçün istifadə edilən ehtiyac meyarı anlayışı da ləğv olunmalıdır: “Bu gün ölkədə fiziki mövcudiyyət üçün zəruri olan minimum məhsul və xidmətlərin dəyərini müəyyənləşdirən yaşayış minimumu varsa, ondan aşağı məbləği əhatə edən ehtiyac meyarına nə ehtiyac qalır? Anlayıram, müəyyən dövr üçün dövlətin maliyyə vəziyyəti sosial müavinətlərin yaşayış minimumu əsasında müəyyənləşməsinə imkan vermirdi. Buna görə də ehtiyac meyarı anlayışından istifadə olundu. Amma artıq sosial paket həyata keçirib, ölkənin əldə etdiyi əlavə gəlirləri əhalinin sosial təminatının gücləndirilməsinə xərcləyə biliriksə, deməli, ehtiyac meyarından da imtina etməliyik”.
Qeyd edək ki, “Report”un sualını cavablandıran əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, minimum pensiyaların və əmək haqlarının artırılması, bir sıra sahələrdə ciddi artım, yaşayış minimumu standartlarına və istehlak səbətinin tərkibinə yenidən baxılması zərurətini ortaya çıxaracaq. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin həm iqtisadi, həm sosial sahələrdə həyata keçirdiyi islahatlar kompleks xarakter daşıyır.
Nazir müavini qeyd edib ki, əhalinin sosial müdafiəsi ilə bağlı bütün məsələlərə hökumət tərəfindən baxılacaq: “Azərbaycanda yaşayış minimumu haqqında qanun qəbul edilib. Qanunun tələblərinə görə, bir sıra yaşayış minimumu ilə bağlı standartlar, minimum əmək haqqının, pensiyaların və dövlət sosial yardımının məbləği yaşayış minimumu ilə əlaqəlidir. Hər il yaşayış minimumu Milli Məclis tərəfindən təsdiq olunur”.
A.Əliyev vurğulayıb ki, mövcud qanunvericiliyə görə, istehlak səbətinin tərkibinə hər üç ildən bir dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə yenidən baxılır.
“Bu məsələdə iki parametr əsas götürülür: Birincisi, səbətin çeşidi, yəni səbətə daxil olan məhsulların insanın fiziki tələbatını ödəməsi. İkincisi, səbətə daxil olan məhsulların dəyərinin müəyyən olunması. Əlbəttə, hökumətdə bu istiqamətdə işlər görülür. Zərurət yaranacağı halda, yaşayış minimumu məbləğinə və istehlak səbətinin dəyərinə yenidən baxılacaq”.
“Yeni Müsavat”