{category-title}

Gündəm / Dünya
2.09.2026, 09:44
Putin yenə Qarabağdan danışdı

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Qarabağ münaqişəsinin həlli Ermənistana bir çox faydalar gətirə bilər.
Putin bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Rusiya lideri rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınmasına da münasibət bildirib.
“Bəlkə də bu qərarın (Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının) Ermənistanın hazırkı rəhbərliyi üçün öz üstünlükləri var. Çünki bu vəziyyət səhifəni çevirməyə və artıq heç bir münaqişə olmadan irəliləməyə imkan verir.
İnsanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokadadan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, investisiyalar üçün sərhədləri açmaq və sair mümkündür. Əslində, üstünlüklər az deyil”, – Putin bildirib.
Rusiya Prezidenti deyib ki, Qarabağ məsələsi regionda baş verən proseslərin başlanğıc nöqtəsi olub.
“Bilirsiniz, mən yaxın keçmişi qurdalamaq istəmirəm, amma bütün hadisələr Qarabağ problemi ilə bağlı başladı...
Ermənistan rəhbərliyi, baş nazirin özü Praqada müvafiq sənədi imzaladı və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdı. Həmin andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz ikili xarakter aldı. Biz Azərbaycanın daxili işlərinə qarışa bilərikmi, yoxsa qarışmalıyıq?" - Putin bildirib.
Rusiya lideri Ermənistan-Azərbaycan sərhədinə də toxunub.
O deyib ki, rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrinin müdafiə etməsini tələb edib.
Onun sözlərinə görə, Ermənistan tərəfi sərhədin ayrı-ayrı hissələrinin müdafiəsi məsələsini qaldırsa da, KTMT-yə üzv digər dövlətlər əvvəlcə Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini bildiriblər.
“Nikol Vovayeviç (Paşinyan – red.) hesab edirdi ki, KTMT sərhədin müəyyən hissələrini qorumalıdır. KTMT-nin bütün üzvləri isə deyirdilər: “Xeyr, sərhədin müəyyən hissələrini qorumaq tamamilə başqa məsələdir”. Axı sərhədin delimitasiyası yoxdur. Sərhədlə bağlı heç bir müqavilə yoxdur, olmayıb və indi də yoxdur. Azərbaycan hesab edir ki, sərhəd bu hissədən keçir, Ermənistan isə başqa hissədən keçdiyini düşünür. Burada həqiqətən ekspert qiymətləndirməsi tələb edən çoxlu məsələlər var”, – Putin bildirib.
Rusiya Prezidenti qeyd edib ki, müvafiq sənədlər imzalanana qədər KTMT-nin Ermənistan-Azərbaycan sərhədi üzrə münasibətləri necə quracağı ilə bağlı suallar qalır.
Putin bu mövzunu Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada müzakirə etməyə ümid etdiyini bildirib.
Putin Paşinyanı Ermənistanın KTMT, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə münasibətlərə dair məsələləri ətraflı müzakirə etmək üçün Moskvaya dəvət edib.
