{category-title}

Prezident Gənclər Forumunda iştirak etdi - YENİLƏNİB

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.

Prezident İlham Əliyev Forumda giriş nitqi söyləyib:

- Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə sizi və bütün Azərbaycan gənclərini ürəkdən təbrik etmək istəyirəm.

İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.

Əgər ovaxtkı Azərbaycan reallıqlarına nəzər salsaq görərik ki, o vaxt vəziyyət çox ağır idi. Müstəqilliyimizin cəmi 6 yaşı var idi, Azərbaycan müstəqil həyata təzə-təzə başlayırdı. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi və böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək. Belə ümidlər var idi və bütün digər sahələrdə vəziyyət çox ağır idi. Siz gənclər təbii ki, o illəri görməmisiniz. Ancaq bu, bizim tariximizdir və bizdən sonra gələn nəsillər bu tarixi bilməlidir, unutmamalıdır. Çünki məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik.

O vaxt Azərbaycan özünü dünya arenasında hələ tam təsdiq etməmişdi. Azərbaycan reallıqları demək olar ki, dünya ictimaiyyəti üçün bəlli deyildi. Bizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər. Əlbəttə ki, o vaxt beynəlxalq aləmdə layiqli yer tutmaq öndə duran məsələlərdən biri idi.

İqtisadi vəziyyətə gəldikdə isə deyə bilərəm ki, o vaxt iqtisadiyyat anlayışı, ümumiyyətlə, yox idi. Çünki Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı, özəl sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları isə hələ yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi və iqtisadi gələcəyimiz də prinsipcə sual altında idi. Neft-qaz kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə bax bu salonda, bax bu yerdə “Əsrin kontraktı” imzalanmışdı və hamımıza böyük ümidlər vermişdi. Ancaq o vaxt bu layihənin icrasını proqnozlaşdırmaq, əlbəttə ki, mümkün deyildi. Ümidlər var idi, amma əminlik yox idi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi, amma Gənclər Günü təsis ediləndə, - 25 il bundan əvvəl, - əlbəttə ki, bu layihələrin ölkəmizə nə dərəcədə xeyir verəcəyini heç kim proqnozlaşdıra bilmirdi.

Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Yəni, bu idi ovaxtkı mənzərə. Üstəgəl nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı. Bütün digər xarici amillərlə yanaşı, Ermənistana göstərilən böyük xarici maliyyə və hərbi dəstəklə yanaşı, onu da deməliyik ki, o vaxt Azərbaycanda nizami ordu yox idi.

Bax, belə bir vəziyyətdə Heydər Əliyev Gənclər Gününü təsis edir və xatırlayıram, o vaxt bəziləri - yəni hakimiyyətdə olanları nəzərdə tuturam - deyirdilər ki, indi bu, əsas məsələ deyil, ölkə qarşısında digər vacib məsələlər var, onlar həll olunmalıdır. Ancaq Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.

Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.

Əziz dostlar, sizi bu hadisə, bu tarix münasibətilə bir daha təbrik edirəm və giriş sözümü burada yekunlaşdırmaq istəyirəm. Çünki bilirəm, sizi maraqlandıran məsələlər çoxdur, suallar çoxdur və təklif edirəm ki, artıq müzakirələrə başlayaq.

Sonra Forum işini müzakirələrlə davam etdirib.

***

13:24

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edir.

Son xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib

Den Keyn: ABŞ İran ərazisinin dərinliklərinə doğru əməliyyatları genişləndirəcək

Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar

Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir

İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları

Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib

İsrail ordusu Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına zərbələr endirib

Bakıda hava yağmursuz olacaq, rayonlara qar yağacaq - PROQNOZ

MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı çağırış edib

Keçən il Azərbaycan idmançılarının qazandıqları medalların sayı açıqlanıb

Xamenei ilə vida mərasimi bu gün başlayacaq, 3 gün davam edəcək

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Martın 9-da buraxılış imtahanında 58 mindən çox şagird iştirak edəcək

Tramp: Şahın oğlu İranda hakimiyyət üçün düşündüyümüz şəxslər arasında deyil

Gəncədə qəza olub, bir nəfər ölüb

ABŞ İranın 17 hərbi gəmisini məhv etdiyini açıqlayıb

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib

İran Oman sahillərində tankerə hücum edib, ölən var

ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub

Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir

Bütün xəbərlər