{category-title}

"Qərəzli yanaşma kimi qəbul edirəm" - Federasiya rəhbərliyindən atçılara cavab
Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Elşad Abbasov bu sahədə yaşanan problemlərlə bağlı qurumun əməkdaşları adından KİV orqanlarında yayılan şikayət xarakterli məlumata cavab verib.
"Rupor" 17 fevral 2021-ci il tarixdə atçılıq idman növünün problemlərini özündə konkret rəqmlərlə əks etdirən məktubu "Federasiya atçılığı iflic vəziyyətə salıb - Prezidentə faktlarla müraciət olundu" https://rupor.az/gundem/13486-federasiya-atl-iflic-vziyyt-salb.html başlığı ilə təqdim etmişdi.
ARAF-ın vitse-prezidentinin iddialara cavabını da diqqətinizə çatdırırıq:
“1996-cı ildə yaradılmış Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyasının 2009-cu ildə yenilənmiş nizamnaməsi qeydiyyatdan keçirilib və yeni ad ilə - Azərbaycan Respublikası Atçılıq Federasiyası kimi fəaliyyətinə davam edib. Federasiyanın adının dəyişdirilməsində, yeni nizamnamənin təsdiq edilməsində əsas məqsəd atçılıq idman növləri ilə yanaşı unudulmaqda olan atçılıq istiqamətlərinin də inkişaf etdirilməsinə töhfə verməkdən ibarət olub.
Azərbaycanda atçılığın inkişafı və milli at cinslərinin qorunması sahələrində görülən bütün işlərin təməlində Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdikləri ali dəstək və qayğı durur. Məhz bu dəstək nəticəsində son illər ərzində ölkə ərazisində Ağcabədi və Ağstafa rayonlarında ən müasir tələblərə cavab verən atçılıq mərkəzləri fəaliyyətə başlamış, milli at cinslərinin identikləşdirilməsi, cinsin yaxşılaşdırılması üçün atların bonitirəsinin aparılması üzrə mühüm işlər görülüb.
Federasiya öz təşəbbüsü ilə atçılığın milli sahələrinin inkişaf etdirilməsi üçün yüksək səylər göstərib. Bu istiqamətdə Federasiya tərəfindən Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əlaqədə fəaliyyət göstərilib, atçılıq sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsinə zəruri dəstək verilib, müxtəlif təşəbbüslər həyata keçirilib.
2010-cu ilin əvvəllərində Bakı Dövlət Cıdır Meydanı ARAF-ın təşəbbüsü ilə tam təmir olunub və həmin ilin mart ayından etibarən ilk cıdır yarışlarına start verilib.
Cıdır yarışlarının keçirilməsində isə yenə də əsas məqsəd yerli cins atlarımızın beynəlxalq laboratoriyalar vasitəsilə DNT analizlərinin məcburi şəkildə aparılmasını təmin etmək və cinslərin yaxşılaşdırılmasına nail olmaqdan ibarət olub.
Azərbaycan Respublikası Atçılıq Federasiyası ictimai birlikdir. ARAF illik büdcəsini yalnız ianələr və sponsorluqlar vasitəsilə formalaşdırır. Yeni sponsorların cəlb olunması, mövcud sponsorluqların müddətinin bitməsi və sponsorluq məbləğlərinin dəyişməsindən asılı olaraq federasiyanın hər yeni il ərzində müxtəlif atçılıq idman sahələrinə təyin etdiyi mükafat fondları dəyişə bilər.
Cıdır yarışlarının tərəfimizdən təşkil olunmasına başlandığı tarixdən etibarən hər il mükafat fondu təsis edilmiş və qaliblər arasında bölünmüşdür. DNT analizlərinin cavabları təqdim olunmayan atların mükafatları müvafiq yoxlama həllini tapdıqdan sonra ödənilib.
Onu da qeyd etmək lazımdır ki, 2019-cu il cıdır mövsümü üçün təsis edilmiş mükafat fondu tam şəkildə qaliblər arasında bölünüb və ötən cıdır mövsümləri ərzində nəzərdə tutulmuş mükafatlar tam ödənilib. 2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar cıdır yarışları təşkil olunmayıb.
Hal-hazırda qış ayları olduğundan cıdır yarışlarına fasilə verilib. 2021-ci ilin cıdır mövsümünün aprel ayından etibarən təşkil olunması nəzərdə tutulub. Cari ildə cıdır yarışlarının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlıq şəraitində, bu sahə üzrə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti nəzərə alınmaqla keçirilməsi barədə də razılıq əldə olunub.
Azərbaycanda atçılıq klubları, atçılıq mərkəzləri və digər atçılıq təsərrüfatları müstəqil fəaliyyət göstərirlər. ARAF həmin klubların fəaliyyətini təftiş etmək səlahiyyətinə sahib deyil. Bakı və Bakı ətrafı ərazilərdə müxtəlif səviyyəli, fərqli xidmətlər təklif edən bir neçə azad atçılıq təsərrüfatları fəaliyyət göstərir ki, bu da at sahiblərinə seçim etmək imkanı verir. At sahiblərinin hansı klubda yerləşməsindən asılı olmayaraq ARAF tərəfindən təşkil olunan bütün yarışlarda iştirakı mümkündür. Eyni zamanda bütün təsərrüfatlar qiymət siyasətini azad şəkildə formalaşdırırlar.
2010-cu ildən etibarən Çövkən Milli Atüstü Oyunu üzrə ölkə çempionatlarının və xüsusi kubokların keçirilməsinə start verilib. Ötən 10 il ərzində ümumilikdə 8 çempionat təşkil edilib və yüksək məbləğlərdə vəsaitlər bu sahəyə ayrılıb. 2018-ci ildə federasiya tərəfindən verilən qərara əsasən çövkən komandalarında 2019-cu ilin sonundan etibarən yalnız yerli cins atların istifadəsinə yol verilir. Bu da milli atçılığın inkişafına yönəlmiş addımlardan biridir.
2009-cu ildən etibarən Atçılıq Federasiyası tərəfindən ümumilikdə 50-dən artıq beynəlxalq, 250-dən çox yerli yarış təşkil olunub. Avropanın müxtəlif şəhərlərində milli komandaların atçılığın bir neçə növü üzrə yarışlarda iştirakı təmin edilib.
Azərbaycanın milli oyunu olan çövkəndən yaradılmış, lakin dünyada yüksək populyarlıq əldə etmiş atçılığın polo növü üzrə qısa vaxt ərzində milli komanda formalaşdırılıb.
2015-ci ildə arena polosu üzrə milli komandamız Avropa Çempionu, 2018-ci ildə isə böyük polo üzrə milli komandamız Avropa Çempionatının gümüş mükafatçısı olublar. 2012-ci ildə Atçılıq Federasiyasının təşəbbüsü ilə milli cins atlarımızdan ibarət xüsusi “Süvarilər Dəstəsi” yaradılıb. Həmin atçılıq qrupunun dəfələrlə İngiltərədə təşkil olunan tədbirlərdə, İsveçrənin müxtəlif şəhərlərində və Türkiyənin paytaxtı İstanbul şəhərində yüksək səviyyəli beynəlxalq tədbirlərdə nümunəvi çıxışları təşkil olunub.
Ötən 11 il ərzində Atçılıq Federasiyası tərəfindən görülən işlərin, ölkə atçılığının inkişafı üçün aparılan idman siyasətinin, qarşıya qoyulan məqsədlərin və əldə olunan nailiyyətlərin danılmasını qərəzli yanaşma kimi qəbul edirəm.
ARAF ictimaiyyətə açıq və şəffaf qurumdur. Əsaslı tənqidləri biz hər zaman qəbul etməyə hazırıq. Federasiyanın vitse-prezidenti olaraq, bizim fəaliyyətdən narazılığı olan hər bir şəxslə görüşməyə hazır olduğumu bildirirəm və onları bu görüşə dəvət edirəm”.