{category-title}
"Gah Amerika modelindən danışırlar, gah anqlo-sakson modelindən..." - NƏ ETMƏLİ?
Milli ruhda, vətənpərvər, eyni zamanda bilikli, savadlı, müasir dünyagörüşlü gəncliyin yetişməsi dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Prezident İlham Əliyev çıxışlarında bu məsələnin üzərində hər zaman dayanır və təhsilin məhz bu istiqamətdə inkişafının vacib olduğunu vurğulayır. Prezident qeyd edir ki, ölkəyə savadlı gənclik, gələcəyin yüksək ixtisaslı kadrları nə qədər lazımdırsa, onların məhz vətənpərvər gənclik kimi yetişməsi ən ümdə amildir. Biz bu amilin nə dərəcədə önəmli olduğunu ərazilərimizin düşmən tapdağından azad edilməsi ilə nəticələnən Vətən müharibəsində gördük. Gənclərimiz Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə cəbhədə rəşadət nümayiş etdirdilər. Onların arasında müəllimlər, mühəndislər, kommersiya, bankçılıq sahəsində çalışanlar vardı. Ali təhsilin, savadlı olmağın üstünlüyü cəbhədə, döyüşlərdə də təsdiqləndi. Artıq qazandığımız təcrübə bunu göstərir ki, təhsil konsepsiyasının, ali təhsil qanununun hazırlanmasında da bu amilə diqqət edilməlidir. Təhsillə bağlı hazırlanan layihələr, qəbul edilən qanunlarda bu məsələ xüsusilə əksini tapmalıdır.
Hazırda “Ali təhsil haqqında” qanun layihəsi üzərində çalışmalar başlayıb. Bir müddət əvvələ baxsaq görərik ki, “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasına ötən ildən başlanmışdı. Bu vacib layihə ətrafında müzakirələr aparılırdı. Təhsil çox həssas bir sahədir. Yəqin ona görədir ki, ali təhsil haqqında qanunun hazırlanması kifayət qədər zaman tələb edir. Bu zaman çərçivəsində “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi Qrupun tərkibində də yeniliklər oldu. İşçi Qrup yeni tərkibdə Milli Məclisdə bu günlərdə yenə bir araya gəlıib. Və “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupun videokonfrans formatında görüşü keçirilib.
Ölkənin ixtisaslı kadrlara həmişə ehtiyacı var
Görüşlə bağlı informasiya mediada paylaşılıb. Məlumat üçün bildirək ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və ekspertlər iştirak ediblər.
Təhsil sahəsinin hər bir dövlətin, cəmiyyətin inkişafında mühüm rola malik olduğunu qeyd edən Sahibə Qafarova bildirib ki, haqlı olaraq, təhsil, bilik inkişafın, tərəqqinin özəyi kimi dəyərləndirilir:
- Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycanda təhsilin inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət və ardıcıl tədbirlər nəticəsində böyük nailiyyətlər əldə olunub. Ölkəmizdə təhsildə inteqrasiyanı sürətləndirmək, peşəkar, savadlı kadrların hazırlanması məqsədilə də müxtəlif proqramlar icra olunub. Görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşıb.
Spiker xüsusi vurğulayıb ki, bütün bu işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mühüm işlər görüb, bir çox təşəbbüslər irəli sürüb və reallaşdırıb. Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” isə ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə yönəlib. Bu proqramda həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanması nəzərdə tutulur. Ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması təmin edilməlidir.
Mövcud qanunvericiliyin təhlili də göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, “Təhsil haqqında” qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməyib:
- Ali təhsil haqqında məsələlər “Təhsil haqqında” qanunda əsasən bir maddədə və çox qısa formada əksini tapıb. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki, bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda “Ali təhsil haqqında” qanun hazırlanır.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, işçi qrupun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, işçi qrupunun ilk iclasının məqsədi təhsil sahəsi üzrə mütəxəssislərin fikirlərini dinləmək, mövcud vəziyyəti təhlil etmək və onların əsasında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasıdır:
- Bununla bağlı biz beynəlxalq konvensiyaları, ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədləri, qanunvericiliyimizi və əmək bazarını təhlil etmişik. Bu gün səslənən fikirlər əsasında qanun layihəsinin ilkin variantı hazırlanacaq. İşçi qrupunun növbəti iclasında qanun layihəsinin ilkin variantı müzakirə ediləcək. Qanun layihəsi hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirələri keçiriləcək. Komitədə müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunacaq.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin qarşısında dayanan mühüm məsələ olan “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə bu cür geniş müzakirənin keçirilməsi təqdirəlayiqdir. Hazırlanacaq qanun layihəsinin əsas məsələləri barədə danışan nazir təhsil sisteminin iştirakçıları, ali təhsilin əlçatanlığı, təhsilin keyfiyyəti, səmərəliliyi, idarəetmə prosesi, ali təhsilin mövcud maliyyələşmə mexanizmləri, təhsilin beynəlxalq standart üzrə təsnifatı, təqaüdlər, tələbə kreditləri, tədris və təlim prosesi, təhsilin iqtisadiyyatı, təhsilin keyfiyyətinə nəzarət və təhsilin formaları barədə fikirlərini bölüşüb, qanun layihəsində nəzərə alınmalı olan məsələləri diqqətə çatdırıb.
Milli Təhsil Konsepsiyası olmalıdır
“Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının müəllifi, fəlsəfə doktoru Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyev təhsilin qarşısında duran əsas vəzifənin milli, vətənpərvər gəncliyin yetişdirilməsi olduğunu bildirib və təhsilin inkişafı da bu istiqamətdə aparılmalıdır:
- Hazırda “Ali təhsil haqqında” qanunun müzakirəsi aparılır. Amma belə görünür ki, müzakirələr məhdud çərçivədə keçirilir. Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, ali məktəblərin rektorları iştirak edir. Təhsli elə bir vacib sahədir ki, onunla bağlı hər hansı qanun layihəsi hazırlanırsa, mütəxəssislər, bu sahədə təcrübəyə malik şəxslər müzakirələrə cəlb edilməlidir. Mən hazırkı ali məktəb rektorlarının bir çoxu ilə söhbət edirəm və görürəm ki, onların ali təhsilin meyarları haqqında fikirləri aydın deyil. Ali təhsillə bağlı bir çox məqamları qeyd edə bilərəm. Məsələn, təhsilin keyfiyyəti ilə təhsil haqqının uzlaşması məsələsini. Bilirik ki, tələbələr təhsil haqqının yüksək olmasından, bunun müqabilində isə təhsilin keyfiyyətinin aşağı olmasından gileylənirlər. İradların nə dərəcə əsaslı olduğu mütləq araşdırılmalı və bu məsələ qanun layihəsində əksini tapmalıdır. Lakin mən ən əsas məsələ, təhsilin milliliyi üzərində dayanmaq istəyirəm. 3 il əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində “Milli Təhsil Konsepsiyası”nı təqdim etdim. Və bildirdim ki, bizim milli təhsil konsepsiyamız, öz təhsil modelimiz – məhz milli xüsusiyyətlərdən irəli gələn təhsil modelimiz olmalıdır. Gah Amerika modelindən danışırlar, gah anqlo-sakson modelindən... Müzakirə edək, başqa ölkələrin təcrübələrini öyrənək, ancaq özümüzə məxsus modelimiz olsun. Ali təhsilin əsas funksiyası birinci növbədə ölkənin, sonra da dünyanın tərəqqisinə xidmət edəcək, yardım edəcək mütəxəssis yetişdirməkdir. Lakin bu mütəxəssis ilk növbədə vətənpərvər və milli olmalıdır. Biz təkcə savadlı kadr hazırlığına köklənsək, milli kadrları itirmiş olacağıq. Tələbənin savadlı, geniş dünyagörüşlü yüksək ixtisasa yiyələnmiş olması hələ hər şey demək deyil. Bu günün tələbəsi sabahın ixtisaslı kadrı olacaq, amma vətənpərvər olmayacaqsa, nə ölkəmiz bundan xeyir görəcək, nə dövlət, nə də ictimaiyyət. Ölkəyə, xalqa xeyirli o insandır ki, vətənpərvərdir, millidir. O zaman onun bütün fəaliyyəti ölkəsinin, xalqının mənafeyinə xidmət etmiş olacaq. Bütün fəaliyyətində ilk növbədə dövlətinin, xalqının mənafeyini düşünəcək. Bizə belə kadrlar lazımdır. Ona görə də “Ali təhsil haqqında” qanunda da təhsilin milliyi xüsusi vurğulanmalıdır. Bu günün tələbəsi sabah hər hansı bir ölkədə səfir ola bilər. Təhsildə milliliyə önəm verilməsi deyəndə, təkcə Azərbaycan gənclərini nəzərdə tutmuram. Xarici ölkələrdən gəlib Azərbaycanda təhsil alanları da nəzərdə tuturam. Bir vaxtlar Azərbaycanda təhsil almış afrikalı tələbə sonra Anqolanın prezidenti oldu. Biz burada xarici tələbələri Azərbaycana sevgi, sayğı fonunda yetişdirsək, sabah onların hər biri Azərbaycanın maraqlarını dəstəkləyən siyasi xadim, yaxud iş adamı olacaq.
Ə.Qəşəmoğlu təklif etdi ki, ali təhsilin milli istiqamətdə inkişafı üçün ali məktəblərdə vaxtaşırı ziyalılarla, şair və yazıçılarla görüşlər keçirilməli, tələbələr tarixi məkanlara ekskursiyaya aparılmalıdır:
- Elə etməliyik ki, ali məktəbi bitirməsi haqqında tələbəyə təqdim olunan diplom, sadəcə, təhsil haqqının ödənməsi barədə arayış qismində olmasın. Tələbəyə təqdim olunan diplom onun vətənpərvər, milli ruhlu, eyni zamanda yüksək ixtisaslı kadr olduğunu təsdiq etsin. Vətənpərvər olmayan tələbə hətta təhlükəli də ola bilər. Azərbaycan ali təhsil sektoru Vətənə və yer üzünə sevgi ilə dolu gənclər yetişdirməlidir.