{category-title}
Qadınlara evdə kömək edin - Komitədən kişilərə məsləhət
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi karantin rejimi ilə bağlı ailələrə bəzi tövsiyələr verib.
"Qafqazinfo" xəbər verir ki, məlumatda qeyd olunur ki, bu gün dünyada tüğyan edən COVİD-19 pandemiyası bir çox sahələrdə əsaslı çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar sağlam qalmaq üçün gözəgörünməz düşmənlə - virusla mübarizə aparır. Digər tərəfdən isə dünya iqtisadiyyatı iflas ərəfəsindədir, bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər içərisindədir. Bütün bu hadisələrin fonunda narahatedici məqamlardan biri də ailədaxili münaqişələrin və məişət zorakılığı (bu və ya digər formasının) hallarının baş verməsidir.
Pandemiyalar da daxil olmaqla, istənilən böhran vəziyyətində gender əsaslı zorakılıq halları artır və bundan daha çox qadınlar və qızlar əziyyət çəkir.
Sual oluna bilər ki, necə? Axı qadın ən etibarlı yerdə - öz evindədir. Adətən qeyd edirlər ki, qadınların əksəriyyəti yad insanlar tərəfindən zorakılığa məruz qalır. Onlar öz evlərində tamamilə müdafiə olunmuş şəxslərdir. Lakin reallıqda isə biz bunun əksinin şahidi oluruq. Belə ki, tədqiqatlar da sübut edir ki, qadınların əksəriyyəti məhz tanıdıqları insanlar tərəfindən zorakılığa məruz qalır. Məlumat üçün bildiririk ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Məişət Zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlili də göstərir ki, ailədə baş verən zorakılıq haqqında vəziyyətin ən son həddində polis və ya digər orqanlara məlumat verilir. Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəticələrini müşahidə edirik. Bu isə öz növbəsində ailə-məişət zorakılığının qurbanlarının sayına təsir edir.
Məlumatlara əsasən qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu 68,4% faizdir. Qadınların 12,1%-i keçmiş həyat yoldaşları, 11,9%-i isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar. Gender əsaslı zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində çoxluq təşkil edir. Aparılan bir çox araşdırmalar nəticəsində məlum olmuşdur ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalmışdır, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür.
Bu qeyd etdiyimiz faktlar pandemiyadan əvvəl olan göstəricilərdir. Əlbəttə ki, COVİD-19-un qarşısını almaq üçün sosial təcrid və karantin vacibdir. Lakin mütəxəssislər bildirirlər ki, bu ailə üzvləri arasındakı münaqişələr, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb. Bütün ölkələrdə dəqiq statistika aparılmasa da, İspaniyanın Kataloniya bölgəsində məişət zorakılığının 20%, Kiprdə 30% və Braziliyada 50% artması məlumdur. Çində ailədaxili şiddətin 90%-i izolyasiyada saxlanılan cütlüklər arasında qeydə alınan faktlardan ibarətdir. Həmçinin İtaliya, Fransa, Almaniya, Türkiyə, Hindistan və digər ölkələr də izolyasiya tədbirlərinin ailədaxilində zorakılıq üzrə göstəricilərə ciddi təsir göstərdiyi vurğulanır. Hətta bu sahə üzrə ekspertlər ailədə sosial izolyasiya səbəbindən zorakılığa məruz qalma hallarının artacağını qeyd edirlər. İlk növbədə biz risk qruplarını ayırd etməliyik. O zaman belə bir təsnifat vermək olar:
1. Sosial izolyasiya rejimindən də əvvəl zorakılıq halları qeydə alınan və müşahidə edilən münaqişəli ailələr;
2. Pandemiyadan irəli gələrək həyat səviyyəsi pisləşən ailələr; (Bir çox hallarda ailənin iqtisadi vəziyyəti qarşılıqlı münasibətlərdə zəiflik yarada, həmin insanların davranışlarında aqressiyanı artıra bilər ki, bu zorakılıq üçün bir əsasa çevrilə bilər)
3. Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud ailə üzvü ilə birgə yaşayan ailələr; (Belə şəxslərin immun sisteminin nisbətən zəif olması ailənin digər üzvlərində narahatlığı artırır, nəticədə zorakı davranışlar, bir- birini qarşılıqlı ittiham etmələr baş verir)
4. Psixoloji xəstəlikdən əziyyət çəkənlər yaxud belə problemi olan ailə üzvü ilə birgə yaşayan şəxslərdir.
Qeyd etmək lazımdır ki, hətta BMT-nin baş katibi Antonio Quterreş bütün ölkələri COVİD-19 pandemiyası zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı tədbirlər görməyə çağırıb. COVID-19 infeksiyasının yayılması qlobal pandemiyaların fəsadlarının gender bərabərliyi baxımından təsirinin təhlil edilməsi aktual məsələlərdən biridir. Çünki, hazırda bütün dünyada adiyyatı orqan və təşkilatların, hətta sığnacaqların da pandemiya ilə əlaqədar olaraq iş yükü daha da artıb. Və bəzi hallarda məişət zorakılığı və onun qurbanlarına ediləcək yardımlar nisbətən arxa plana keçib. Buna görə də COVID-19 böhranı, eləcə də, digər ekstremal şəraitdə gender əsaslı zorakılığa qarşı əlaqələndirilmiş (multisektoral) cavab tədbirlərinin və müvafiq yönləndirmə mexanizmlərinin mövcud reallığa uyğun şəkildə təkmilləşdirilməsi və icmaların bu barədə məlumatlandırılması zərurəti yaranır. Beləliklə, gender əsaslı zorakılığa məruz qalmış və ya bu risklə üzləşən qadın və qızların hüquqlarının böhran vəziyyətində də dayanıqlı şəkildə müdafiəsini təmin etmək günün vacib məsələlərindən birinə çevrilməkdədir.
Əgər biz hazırkı vəziyyəti gender bərabərliyi nöqteyi nəzərindən təhlil etsək görərik ki, qadınlar daha həssas durumdadırlar. Belə ki,qadınlar hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni (Azərbaycanda isə 77,6%) təşkil edir. İstər-istəməz bu qadınlar karantin rejiminə baxmayaraq, iş fəaliyyətini davam etdirirlər. Digər tərəfdən isə onların ailə-məişət zəminində iş yükü daha da artır (məsələn, təhsil müəssisələrinin müvəqqəti bağlanması şəraitində uşaqların təhsili ilə məşğul olmaq, qadının ailə üzvlərinə göstərdiyi qayğının belə dövrlərdə daha da artması və s.). O zaman ailə üzvləri bir-birinə qarşı anlayışla, hörmətlə yanaşmalı, tolerantlıq nümayiş etdirməlidirlər. Əlbəttə ki, bunun üçün bir neçə məsələni nəzərdən keçirmək lazımdır: birincisi, ailədə qadın və kişinin rol və vəzifə bölgüsü olmalıdır ki, qadın da özünü bir şəxsiyyət kimi formalaşdıra bilsin. Kişi yalnız ailəni iqtisadi cəhətdən təmin edən bir şəxs deyil, onun ər və ata kimi sosial vəzifə və öhdəlikləri var. Bu həm də sosial və mənəvi məsuliyyət hissinin bölüşdürülməsidir. Nəzərə alsaq ki, bu müddətdə kişilər müvəqqəti olaraq işləmirlər. Və ya həm qadın, həm də kişi işləmir. Onda ev işlərini görməkdə və uşaqlara dərslərini oxumaqda, ev tapşırıqlarını həll etməkdə, birgə vaxt keçirməkdə plan hazırlansa daha yaxşı olar. Məsələn, qadın mətbəx işlərini yerinə yetirəndə, kişi uşaqların dərsləri ilə məşğul ola və ya uşağı ilə stolüstü oyun oynaya bilər. Mühüm məsələlərdən biri də patriarxal mədəniyyət və tərbiyənin və yalnış stereotiplərin təsirindən yaranan “kişi hər zaman haqlıdır”, “onun istəyi əsasdır”, “kişiyə olar, qadına olmaz” və s. bu kimi birtərəfli və səhv yanaşmaların mövcudluğudur ki, bu da gender əsaslı zorakılıq halların baş verməsinə gətirib çıxarır. Ailədə ünsiyyətin düzgün qurulması, bütün üzvlərə bərabər münasibətin göstərilməsi də ailədə sülhün və əmin-amanlığın yaranmasında mühüm şərtlərdəndir. Səbrli olmaqla, bir-birinin fəaliyyətinə qarışmamaqla, boş vaxtı səmərəli keçirməklə insanlar zorakı davranışlardan qaça bilərlər.
Doğrudur, Azərbaycanda hələ ki, dünya ölkələrində olduğu kimi, zorakılıqla bağlı böyük statistik göstəricilər qeydə alınmayıb. Lakin KİV-də ailə-məişət zəminində baş verən zorakılıq halları haqqında xəbərlər, sosial şəbəkələrdə yayılan məlumatlar, eyni zamanda, Komitəyə edilən müraciətlə, apardığımız müşahidələr bizi narahat edir. Təəssüflər olsun ki, bu gün dünyada gedən bu neqativ tendensiya ölkəmizdə də sezilməkdədir. Biz bir dövlət qurumu olaraq, çalışırıq ki, belə halların sayı artmasın. Regionlarda və Bakıda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri və Qadın Resurs Mərkəzlri tərəfindən “ailələrə zəng kompaniyası” keçiririk. Xüsusilə də həssas və risk qrupundan olan ailələr və onların üzvlərinə psixoloji, hüquqi xidmətlər göstəririk. Lazım olduqda sosial işçilər həmin ailələrə səfər edir, yerində vəziyyəti araşdırıb, vətəndaşları adiyyatı dövlət qurumlarına yönəldirik. Sosial təcrid dövründə müraciətlər əsasən emosional gərginlik keçirmə, tənhalıqdan qorxma, panik atak keçirmə, uşaqların davranış pozuntuları, adaptasiyası və s. məsələlərlə bağlı olmuşdur. Müraciətçilər peşəkar mütəxəssislər tərəfindən konsultasiya edilmişdir.
Sosial təcrid dövründə məişət zorakılığına və ya gender əsaslı zorakılığa məruz qalmış insanların hüquqlarının müdafiəsi ilə bağlı iş aparılır. Davamlı olaraq İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Monitorinq Qrupları, müvafiq hüquq-mühafizə orqanları, zorakılığa məruz qalan qadın və uşaqlara sığnacaq verən qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət davam etdirilir və faktlar üzrə operativ iş aparılır.
Ailələrə məsləhətimiz bundan ibarətdir ki, bu həssas durumda daha dözümlü olsunlar, bir-birilərinin qədrini bilsinlər. İnsana onun ailəsi qədər heç kim, heç nə yaxın və doğma ola bilməz. Azərbaycan ailəsində hər zaman qarşılıqlı anlaşma, valideynə, böyüyə ehtiram, ailənin hər bir üzvünə qayğı, hörmət, onlar üçün fədakarlıq kimi yüksək mənəvi keyfiyyətlər, mənəvi dəyərlər mövcud olub. Və hazırkı situasiya bu xüsusiyyətlərin daha da inkişaf etdirilməsini tələb edir. Bu gün elə bir zamandır ki, hər kəs itirmək qorxusu ilə yaşayır. Sonradan peşiman olmamaq üçün bir-birimizin qədrini bilməliyik, sevgi və məhəbbət göstərməliyik. Çünki həm ailə, həm də dövlət olaraq biz birlikdə güclüyük!