{category-title}

Cavan ölməkdən qorxan “Ferrari”: “Özümü təlxək kimi hiss edirdim” - SİRLİ ULDUZLAR

 

Onu öz dövrünün, hətta bütün zamanların ən güclü futbolçusu adlandıranlar da var, bununla razılaşmayanlar da. Amma dünya futbol tarixinin ən güclülərindən olduğunu, yəqin ki, hamı qəbul edər. Zarafat deyil, “Qızıl top”a 5 dəfə layiq görülmüş birindən bəhs edirik. Qazandığı kubokların, vurduğu qolların statistikası hər şeyi izah edir. Bu səviyyəyə çatmaq üçün çox çətinliklərdən keçib. Zəhməti hesabına vaxtilə qurduğu xəyallarını reallaşdırmağı bacarıb. Fevralın 5-i isə onun üçün xüsusi gündür. Böyük publikanın 17 il əvvəl yaxından tanıdığı məşhur sima bu gün 35 yaşını tamamlayır. Söhbət Portuqaliya yığmasının və “Yuventus”un “qol maşını” Kriştianu Ronaldodan gedir...

 

Ronald Reyqanın şərəfinə...

1985-ci il fevralın 5-də Madeyra adasında yerləşən Funşal şəhərində anadan olub Ronaldo. Ona bu ad valideynləri tərəfindən ABŞ-ın 40-cı prezidenti, aktyor kimi 54 bədii filmə çəkilmiş Ronald Reyqanın şərəfinə qoyulub. Xalası isə körpənin Kriştianu adlandırılmasını istəyib. Buna görə də sənəddə uşağın adı Kriştianu Ronaldo olaraq qeyd edilib.

 

“Uşağı salmaq üçün isti pivə içdim”

Atası Joze Diniş Aveyru bağban, anası Mariya Doloreş Aveyru isə aşpaz və xadimə işləyirdi. Kriştianuya qədər 3 övladları var idi: 1974-cü ildə ilk qızları Elma, 1975-ci ildə oğulları Uqu, 1976-cı ildə isə ikinci qızları Lilian Katia doğulmuşdu. Anası Kriştianuya hamilə qalanda ailənin maddi vəziyyətinə görə abort etdirmək istəyir, ancaq əri buna razılaşmır. Hətta uşağın tələf olması üçün çalışsa da, istəyinə çatmır: “Huşumu itirənə qədər işlədim və uşağı salmaq üçün isti pivə içdim. Amma xeyri olmadı. Elə davrandığıma görə indi çox peşmanam”.

 

Ya rəqqas, ya da gimnast

Evin sonbeşiyini valideynləri Ronni deyə çağırırdılar. 4 uşaq 1 otaqda yatırdı. Yeni yeriməyə başlayanda atası Kriştianuya top hədiyyə edir. Çox dəyərli olduğundan, indiyə qədər də Ronaldo həmin topu evində saxlayır. Maddi imkanın aşağı olmasına rəğmən, valideynləri onların bütün ehtiyaclarını qarşılamaq üçün əllərindən gələni edirdi. Anası Kriştianunun gələcəkdə rəqqas və ya gimnast olmasını istəyirdi. Ancaq atasının hədiyyə etdiyi top Ronaldoda futbola ilk sevgini yaratmışdı.

 

“Onları tribunada görəndə çox qürurlandım”

Ronni 7 yaşına çatmışdı artıq. Bu müddətdə atası Joze iş yerini dəyişmiş, “Andorinya” futbol klubunda administrator fəaliyyətinə başlamışdı. Oğlunun futbola həvəsini görən Joze onu işlədiyi klubun aşağı yaş qrupuna yazdırır. Məşqlərdə daim hərəkətli olduğuna görə Kriştianunu “arı” deyə çağırırdılar. Atası Ronaldonun bütün məşqlərini və oyunlarını meydanın kənarından seyr edirdi. “7 yaşımda keçirdiyim qürur hissini heç vaxt unutmaram. Mən “Andorinya”da olanda atamdan fərqli, anam, qardaşım və bacılarımın futbola marağı yox idi. Atam hər dəfə axşam yeməyində ailə üzvlərini oyunlarıma baxmağa dəvət edirdi. Bir dəfə evə qayıdanda “Ronaldo bu gün qol vurdu” deyə qışqırdı. Ancaq anamgil heç həyəcanlanmadı. Ertəsi gün 2 qol vurdum və atam bu barədə anamgilə xəbər verdi. Yenə həyəcanlanmadılar, sadəcə “Çox gözəl” deməklə kifayətləndilər. Bir axşam evə qayıdanda atam “Ronaldo bugünkü oyunda 3 qol vurdu, mütləq onu izləməyə gəlməlisiniz” dedi. Ancaq növbəti görüş zamanı meydandan kənarda yenə təkcə atamı gördüm. Bir gün isə heç vaxt unutmayacağım hadisə oldu. İsinmə hərəkətləri edərkən kənara baxanda anamla bacılarımın tribunada əyləşdiklərini gördüm. Mənə əl edirdilər. Həmin an özümlə qürur hissi keçirdim, həqiqətən sevildiyimi hiss etdim. Bu, mənim üçün böyük şey idi”, - o anları yada salır Ronaldo.

 

“Kriş, sən məndən yaxşı futbol oynayırsan”

Topla yaxşı davranmağı təzə-təzə öyrəndiyi vaxtlarda özünü Hollandiya yığmasının sabiq üzvü Patrik Klüvertə bənzədirdi. “Həmin vaxt “Ayaks”ın formasını geyinən Patrik Çempionlar Liqasının finalında - “Milan”la oyunda məni valeh etmişdi. Onun meydandakı hərəkətlərindən zövq alırdım”, - deyir Ronni.

1995-ci ildən futbolun sirlərini “Nasional”da öyrənməyə davam edir Kriştianu. Məhz həmin vaxt Portuqaliyanın köklü klublarından olan “Sportinq”in diqqətini çəkməyi bacarır. İllər sonra ona verilən “uğurlarınıza görə kimlərə borclusunuz” sualına cavabında dostu Albert Fantraunun da adını çəkir və onunla bağlı 1997-ci ildə yaşanan hadisəni yada salır: “Nasional”da bir yerdə oynayırdıq. “Sportinq”dən nümayəndələr gəldikləri zaman mənə və Albertə "bu oyunda hansınız çox qol vursanız, onu özümüzlə aparacağıq" söylədilər. Həmin matçda 3:0 hesablı qələbə qazandıq. Öncə mən özüm başlatdığım hücumu qolla tamamladım, sonra Albert başla qol vurdu. Üçüncü qol isə hamını heyrətləndirdi. Albert qapıçı ilə təkbətək çıxdı. Mən onunla yanaşı qaçırdım. Qapıçını aldadaraq keçdi, yalnız boş qapıya topu göndərmək qalırdı. Lakin o, mənə ötürmə etdi və mən boş qapıya qol vurdum. Beləliklə məni “Sportinq”ə götürdülər. Oyundan sonra Fantrauya yaxınlaşıb soruşdum: “Axı niyə?” O, belə cavab verdi: “Kriş, sən məndən yaxşı futbol oynayırsan”.

 

“Bütün bunları mənə Ronaldo verib”

Ronaldonun açıqlamasından sonra jurnalistlər Albertin evinə gedərək bütün bunların həqiqətə uyğun olub-olmadığını soruşurlar. Fantrau dostunun dediklərini təsdiqləyir və özünün futbol həyatının məhz belə başa çatdığını, hazırda işsiz olduğunu söyləyir. "Bəs bu cür dəbdəbəli ev və avtomobil sizdə hardandır? Təminatlısınız və heç nəyə ehtiyac duymursunuz. Halbuki həyat yoldaşınıza və 4 uşağa baxırsınız” sualı verildikdə “Bütün bunları mənə Kriştianu verib!” deyə Albert cavablandırır.

 

“Gecələr otağımdan gizlicə çıxırdım”

“Sportinq” 12 yaşlı Ronaldonun keçidinə 22,5 min avro xərcləyir və Kriştianu Lissabona köçərək ailəsindən aralı, tək yaşamalı olur. Valideynləri, qardaşı və bacılarından ayrılmaq onun üçün asan deyildi. Yeni həyatı ilk vaxtlarda xoşuna gəlmirdi. Paytaxtda heç kimi tanımayan Ronaldo doğma Madeyradan və ailəsindən ötrü darıxırdı: “Evdən getmək həyatımın ən çətin qərarlarından biri olub. Ancaq başa düşürdüm ki, bu, arzumu reallaşdırmaq üçün yeganə yoldur. Əyri dişlərimlə “Sportinq”in akademiyasında məşqçilərin qarşısına çıxdım. Onlar mənə istedadlı, ancaq çox arıq olduğumu dedilər. Qərar verdim ki, əzələli olmaq üçün hamıdan çox məşq etməliyəm. Bunun üçün gecələr otağımdan gizlicə çıxırdım, üzərimdə çalışırdım. Zamanla daha böyük və sürətli oldum”.

 

“Ağzımı açan kimi gülməyə başlayırdılar”

Buna qədər isə bir çox maneələri aşmalı olur. Üzləşdiyi əsas çətinliklərdən biri də danışığı ilə bağlıydı. Madeyra ləhcəsində danışan Ronnini başa düşmürdülər, bu səbəbdən bir cümləni 4-5 dəfə təkrarlamaq məcburiyyətində qalırdı. Bu səbəbdən onu lağa qoyaraq, özündən çıxarırdılar. Əsəbindən komanda yoldaşlarına hücum çəkmək dərəcəsinə çatırdı: “Demək olar ki, heç kim məni, dediklərimi başa düşmürdü. Hərdən mənə elə gəlirdi ki, başqa dildə danışıram. Ağzımı açan kimi ətrafımdakılar gülməyə başlayırdılar. Özümü təlxək kimi hiss edirdim. Əsəblərim tab gətirmirdi, hər gün ağlayırdım. Anama zəng etdim və evə qayıtmaq istədiyimi dedim. Zamanla təzyiqə dözümlü olmağı öyrəndim”.

 

“Bir gün mənim “Ferrari”m olacaq, görəcəksən”

“Sportinq”in akademiyasında özündən böyük uşaqlar onu stadionun zibillərini arabaya yığıb atmaqla cəzalandırırdılar. Bu azmış kimi, onu lağa qoyur, “Ferrari” adlandırırdılar. Bir gün Kriştianu zibilləri atmağa gedəndə komanda yoldaşı kənardan söz atır: “Ronaldo, zibil qutusunda gələcək avtomobilinin təkərini tapacaqsan”. Ronninin cavabı belə olur: “Təhqirlərindən ləzzət ala bilərsən, amma bir gün mənim “Ferrari”m olacaq. Görəcəksən”.

Təzyiqlərə dözən, Lissabondakı mühitə alışan Ronaldo 15 yaşında yeni problemlə rastlaşır: yeniyetməyə taxikardiya (ürək döyüntüsünün dəqiqədə normadan çox vurması) diaqnozu qoyulur. Həkimlər əməliyyat edilməli olan Kriştianuya futbolla vidalaşmağı məsləhət görürlər. Ancaq Ronaldo əməliyyatdan cəmi 3 gün sonra məşqə çıxır. 2002-ci ildə isə Ronni “Sportinq”in əsas komandasında debüt edir: özü də oyuna sonradan daxil olub qol vuraraq.

 

“Mançester Yunayted”ə keçid

2003-cü ildə İngiltərənin “Mançester Yunayted” klubu Portuqaliyaya toplanışa gedir. Toplanış çərçivəsində “Sportinq”lə yoldaşlıq görüşü keçirirlər. Adlı-sanlı rəqibə qarşı matçda əla oyun göstərən və qol vuran Ronaldo komandasının 3:1 hesablı qələbəsində əsas rol oynayır. İlk hissədə ingilislərin cinah müdafiəçisi Con Oşini elə yorur ki, o, fasilədə əvəzlənməsini istəyir. “Mançester Yunayted”in kapitanı Roy Kin isə baş məşqçi Aleks Feryusona Ronaldonun çox yaxşı futbolçu olduğunu bildirir. Ser Aleks də bu fikirdə olduğundan, oyundan dərhal sonra danışıqlara başlanılır. Cəmi 1 həftə sonra 12 milyon funt-sterlinq qarşılığında Kriştianu “qırmızı şeytanlar”a transfer edilir.

 

Kantona, Best və Bekhemin davamçısı

İngiltərəyə yollanan Ronaldodan Ferqyuson hansı nömrəli formada oynamaq istədiyini soruşur. O isə cavabında “Sportinq”də olduğu kimi, “28 nömrə”yə üstünlük verdiyini bildirir. Əvəzində ser Aleks ona əfsanəvi Brayan Robson, Erik Kantona, Corc Best və Devid Bekhem kimi futbolçuların geyindiyi “7 nömrə”ni verir. Buna yaxşı mənada təəccüblənən Ronni etimadı doğruldacağına dair söz verir.

“Mançester Yunayted”ə yeni keçdiyi vaxt Kriştianunun başına maraqlı hadisə gəlir: “Məşqdə topla müxtəlif aldadıcı hərəkətlər edirdim. Bunu görən Pol Skoulz topu götürdü və bizdən təxminən 50 metr aralıda olan ağacı göstərərək, ilk zərbədəcə onu dəqiq nişan alacağını söylədi. Dediyini etdi, sonra mənim bunu təkrarlamağımı istədi. Ən azı 10 zərbə vurdum, ancaq heç bir ağaca dəymədi. Pol gülərək meydanı tərk etdi”.

 

“Atamın ölüm xəbərini eşidəndə...”

2003-cü ildə Portuqaliyanın əsas millisində debüt edən Ronaldo 1 il sonra ölkəsində keçirilən Avropa çempionatında oynayır və turnirin gümüş medalını qazanır. 2005-ci ildə isə ağır itki ilə üzləşir: spirtli içki aludəçisi olan və qaraciyər sirrozundan əziyyət çəkən atası Joze 52 yaşında dünyasını dəyişir. “Atamın ölüm xəbərini eşidəndə həyatımın başa çatdığını düşündüm. Onun ölümünə alkoqol səbəb oldu. Hər gün içirdi və bir gün orqanizmi dözmədi. Nə qədər etsəm də, həyatını dəyişə bilmədim. Atamla bağlı çox gözəl xatirələrim var. 7 yaşım olanda ona dedim ki, Maykl Ceksonun evi kimi evimin olmasını istəyirəm. Bunun ancaq xəyal olduğunu bildirdi. Böyüdüm, arzularım həyata keçdi. Təəssüf ki, atam bu günlərimi görmədi”, - deyir Ronaldo.

 

“Uşaqlıq arzum “Real”da oynamaq idi”

Kriştianu 6 il formasını geyindiyi “Mançester Yunayted”lə İngiltərənin bütün kuboklarını qazanır, Çempionlar Liqasının və Klublararası dünya çempionatının qalibi olur, 2008-ci ildə isə karyerasında ilk dəfə “Qızıl top” mükafatına layiq görülür. “Çempionlar Liqasının qalibi olandan sonra başa düşdüm ki, daha “Mançester Yunayted”də qazana biləcəyim bir şey qalmayıb. Uşaqlıq arzum “Real”da oynamaq idi. Əlimə düşən imkanı qaçıra bilməzdim”.

Futbolda mənəvi atası hesab etdiyi Aleks Feryuson “Real”dan təklif alan Ronaldonun gedişinə icazə verir: Kriştianu 2009-cu ildə həmin dövr üçün rekord məbləğ - 93,4 milyon avro qarşılığında “kral klubu”na keçir. Bu, gələcək karyerası baxımından atılmış doğru addım olur. Ronaldo 9 il “Real”ın formasını geyinir: “qalaktikos”da 438 oyuna 450 qol vurur, ümumilikdə 15 kubok qazanır. Karyerasında qazandığı həm “Qızıl top”ların, həm də Çempionlar Liqası kuboklarının sayın isə 5-ə çatdırır.

“Real”da oynadığı müddətdə Avropa çempionu olmağı da bacarır. Millinin heyətində yollandığı AÇ-2016-da yaxşı oyun sərgiləyir, komandasının finala yüksəlməsində mühüm rol oynayır. Fransa ilə həlledici qarşılaşmanın gedişində zədələnərək, əvəzlənmək məcburiyyətində qalır. Buna baxmayaraq, onun yoxluğunda belə portuqallar qələbə (1:0) qazanaraq kuboka sahib çıxırlar.

2018-ci ildə isə Ronaldonun “Real”dakı karyerası başa çatır və o, 112 milyon avro qarşılığında “Yuventus”a keçir. Hazırda “qoca sinyora”nın liderlərindən sayılan Kriştianu Turin klubunda da Çempionlar Liqasının qalibi olmaq və “Qızıl top” qazanmaq istəyindədir.

 

Hilton, Şeyk və 4 uşaq atası

Ronaldo təkcə meydanda deyil, ondan kənarda da diqqət mərkəzinə düşməyi bacarır. Saysız-hesabsız qızlarla eşq romanı yaşayıb. Keçmiş futbolçu Mario Jardelin bacısı Cordano Jardeldən tutmuş, tanınmış müğənni və aktrisa Peris Hiltona qədər bir çox xanımla adı birgə hallanıb. 2010-2015-ci illərdə rusiyalı model İrina Şeyklə sevgili olub. Evlənəcəkləri gözlənildiyi vaxtda cütlük 5 illik münasibətlərinin bitdiyini açıqlayır. İrina ayrılığa səbəb kimi Ronaldonun onu başqa qadınla aldatmasını göstərir.

2016-cı ildə isə şəxsi həyatında yeni səhifə açılır. Tədbirlərin birində özündən 9 yaş kiçik olan ispaniyalı model Corcina Rodrigesə aşiq olur, bir-birlərini sevməyə başlayırlar. Buna qədər 2010-cu ildə surroqat anadan oğlu doğulan Kriştianu ispan sevgilisi ilə münasibətdəykən yenidən ata olmaq sevinci yaşayır. Yenə surroqat anadan bu dəfə əkiz övladları - Eva və Mateo dünyaya gəlir. Elə həmin ilin noyabrında isə Ronaldonun Corcinyadan qızı olur. Cütlük sevgi münasibətini hələ davam etdirir. “İlk oğlumun dünyaya gəlməsi həyatımın ən gözəl hadisəsidir. Təzə-təzə özümü ata kimi hiss etməyim qəribə idi. Artıq 4 övladım, daha böyük ailəm var”, - deyir Ronni.

 

“Hətta Tanrını belə hamı sevmir”

Gələcəkdə məşqçi olmaq istəməyən Ronaldo bədəninə tatu vurdurmur. Səbəbi isə ildə 2 dəfə qanvermə aksiyasında iştirak etməsidir. Ümumiyyətlə, xeyriyyə işlərinə çox pul xərcləməsi ilə seçilən ulduzlardandır: “Atam mənə öyrətdi ki, xeyirxah işlər görüb insanlara kömək etsən, Tanrı sənə daha artığını verəcək. Elə də oldu. Etdiklərimlə qürur duyuram. Ancaq bunu reklam etməyi xoşlamıram. Hər şeyi Tanrı görür, bu, mənə bəsdir. Təkcə onu deyə bilərəm ki, insanlara kömək edəndə xoşbəxt oluram”.

 

Biznes sahəsində də uğur qazanmaq istəyən Kriştianunun doğulduğu Funşalda, həmçinin Lissabonda “Pestana CR7” brendi altında otelləri var: “Çoxlu pulum, maşınlarım, bir sözlə hər şeyim var. Amma bir bilsəydiniz bunlara nail olmaqdan ötrü hansı əziyyətlərdən keçmişəm... İnsanların gözündə özümə qarşı nifrət görəndə pis olmuram, əksinə bunu xoşlayıram. Təhqir etsələr belə, vecimə deyil. Mən hər şeyə meydanda cavab verirəm. Hətta Tanrını belə hamı sevmir. Məni nəyə görə hər kəs sevməlidir? Hər gün yatağıma vicdanla uzanıram və rahat yatıram. Başqalarının sənin haqda nə düşündüyünə görə narahat olsan, yaşaya bilməzsən. Hər şeyi düz etməyə çalışıram ki, gənclərə örnək olum”.

Heç bilirsinizmi Kriştianu Ronaldonun ən böyük qorxusu nədir? Gəlin özündən eşidək: “Ən böyük qorxum həyatdan tez getməkdir. Cavan ölməkdən qorxuram. 80-90 il yaşamaq istəyirəm”.

Son xəbərlər

Müsavat Partiyasının qurultayı KEÇİRİLİR

Azərbaycan neftinin qiyməti 85 dollara düşüb

“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq

Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB

İlham Əliyev Kalaşnikovu qəbul edib

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər