{category-title}

Dünyada milyonlarla müsəlman uşaq bir ingilisin pişiyinə göstərilən tibbi xidmətdən məhrumdur, niyə?

 

Aqşin Yenisey yazır...

Nəzəri perspektivdən “Tanrı” kəlməsi mədəniyyət anlayışının toxumu, din bu mədəniyyətin qollu-budaqlı ağacı ola bilər, amma praktik perspektivə gəldikdə, bu gün milyonlarla müsəlman uşaq var ki, bir ingilisin pişiyinə göstərilən tibbi xidmətdən məhrumdur və bu içində tanrı və dinin iştirakı olmayan yeni mədəniyyətdir. Nəzəri olanın praktik olandan ayrılmasıdır.

Nəzəri olan həmin o ingilisə nəinki veterinar klinikalar tikməyə icazə verir, hətta pişik saxlamağı belə qadağan edir. XIV əsrdə Papa IX Qreqorinin pişiklərin içində şeytan olduğunu təsdiqləyən və onların tonqalda yandırılmasını əmr edən fətvasını xatırlasaq, oğlunu pişiyinin veterinarı kimi böyüdən o ingilisin dünyagörüşündə bu gün XIV əsrin heç bir nəzəri izinin qalmadığını görəcəyik. Əgər özümüzü görməzliyə vurmasaq.

Bəs bizim dünyagörüşümüzdə XIV əsrdən sonra hansısa fundamental bir dəyişiklik baş veribmi?

Sadiq oxucularım yəqin ki, yazılarımda tez-tez “funksionallığını itirmiş həqiqətlər” deyə bir ifadəni mətnə çağırdığımı müşahidə ediblər. Bu ifadəni çex yazıçısı Milan Kunderanın müsahibələrinin birindən əkişdirmişəm. Çünki yaşadığımız coğrafiyanın hazırkı vəziyyətini təsvir etmək üçün dilin ucunda, əl altında saxlanılası bir ifadədir, etiketdir.

Modern çağı başa vurub artıq insanın texnologiyaları deyil, texnologiyaların insanı yaradacağı, adı hələ sənədləşib qeydiyyatdan keçməmiş bir zəmanəyə qədəm qoysaq da, mənsubu olduğumuz müsəlman cəmiyyətimizdə yeni bir fikrin, əməlin daş-tərəzisi Orta əsrlərdə mumiyalanıb qorunan ölü həqiqətlərdir. Əgər o yeniliyə “ölülər” “veto” qoydusa, vay onun halına. 

Tarixə, bizə dövrümüzün əzən, öldürən linç imkanlarını verdiyi üçün heyran olduğumuzu deməyəcəyəm, çünki yer kürəsinin aktiv seysmik qurşaqları olduğu kimi, aktivliyi sönməmiş tarixi zonaları da var və biz o zonaların birinin orta göbəyində yaşayırıq.   

Ölü həqiqətlər dinozavrlar kimidir; adını çəkmək yetər ki, haqqında nəhəng işlərlə məşğul olan biri obrazını yaradasan. Hərdən mənə elə gəlir ki, Qədim Misirdə ölümsüz bədənlər yaratma sənəti olan mumiyalama, bizdə ölümsüz həqiqətlər yaratma sənəti kimi zühur edib. Məsələn, elm və fəlsəfədən məntiqi, rasionallığı çıxarıb yerinə, eşqi, ruhaniliyi qoyan Qəzzalilər, təhsildə musiqini və bədən tərbisyəsini rədd edib, əvəzinə əxlaqı pərçimləyən Fərabilər ölü həqiqətləri mumiyalayıb ölməz ediblər. Və bu gün Qəzzalini, Fərabini mənəviyyatının fironu kimi görən ağıl dəryalarımız, mənə elə gəlir ki, Misirdə mumiyaların məqbərələrinə şəkillər çəkən rəssamlardır, yəni ölümsüzlüyün bər-bəzək vuranları.  

Ancaq gizlinlərimiz praktik dünyanın acgözlükləri ilə doludur. Birini deyim, özünüz nə dediyimi anlayacaqsınız; o gün öz ölkəsində içkiyə görə edam cəzası tətbiq edən ərəb şeyxi Londonda seks-partidə ölür. Allah rəhmət eləsin! 

XX və XXI əsrimizin filosofu Niyazi Mehdi yazır: “Hər sahədə olduğu kimi İslamda da doqma, ideya monopoliyası qorxuludur. Monopoliyanın tərsi plüralizm, çoxculluqdur. Ona görə də mən İslamda nə qədər çox qruplaşmalar, təriqətlər olursa, bunu bir o qədər yaxşı sayıram. Təki hamısı yalnız mən düzəm  xəstəliyinə tutulmasın, tutulub qan tökməsin”.

Nəzəri olaraq məntiqdən yol alan düşüncədi, praktik olaraq dinlər tarixində belə bir hal heç vaxt müşahidə olunmamışdır. İstər yəhudilikdə, istər xristianlıqda, istərsə də islamda “yalnız mən düzəm” düşüncəsi heç bir zaman sülhə xidmət etməmişdir. Filosofumuzn tarixi praktikanı bu şəkildə görməzdən gəlib, yenidən nəzəri utopik arzulara dalması məni məcbur edir ki, dünyada milyonlarla müsəlman uşağa göstərilməyən tibbi xidməti bir ingilisin pişiyinə göstərilən tibbi xidmətlər müqayisə edim.  

“11 sentyabr” teraktından sonra Qərbin islam dünyasına başlayan “xaç yürüşləri” bu coğrafiyada öz işinə dini təriqətləri, qəbilələri yuxudan oyatmaqla başladı və bu təriqətlərin bir anda köhnə düşmənçiliklərini bərpa etmələri uzun sürmədi. “Bütün möminlərin qardaş olduğunu” söyləyən ayələrə, “bütün insanların darağın dişləri kimi bərabər olduğunu, ərəbin ərəb olmayandan üstünlüyünün yalnız təqva olduğunu” çatdıran hədislərə əhəmiyyət verən olmadı. Siyasi məqsədlər müsəlman Şərqinin ən humanist həqiqətlərinin belə öz funksionallığını itirdiyini Yəməndə, İraqda, Liviyada sübut etdi. Qərb ağlı müsəlman coğrafiyasında baş verən bu qarşıdurmaları Samuel Hantinqtonun dili ilə “Sivilizasiyaların toqquşması” adlandırsa da, bu torpaqlarda toqquşanlar iki sivilizasiya yox, müsəlman təriqətləri, yaxud bir neçə müsəlman qəbiləsidir. Axan qan onların qanıdır. Bəlkə, doğrudan da, kimsə öz aləmində sivilizasiya ilə döyüşdüyünü zənn edə bilər, hətta qarşısındakını, yel dəyirmanını düşmən dəstəsinə oxşadan Don Kixot kimi düşmən sivilizasiya olaraq görə bilər, amma reallıq odur ki, qum təpəsinin birinin arxasında, məsələn, sünni təriqətinin, digərinin arxasında isə tutalım, şiə təriqətinin üzvüdür. Onlarla döyüşməli olan sivilizasiya Marsa uçmağa hazırlaşır, süni zəka yaradır və s.  

Baxmayaraq ki, Məhəmməd peyğəmbər islamı müsəlmanlar arasında qardaşlıq, ərəblər arasında qəbiləçiliyi aradan qaldıran bir inanc kimi görürdü, bu istək heç vaxt gerçəkləşmədi.

Birinci Dünya müharibəsi illərində ingilis və fransız diplomatlar Mark Sayks və Fransua Corc-Piko çox asanlıqla “Sayks-Piko müqaviləsi” ilə bütün ərəb dünyasını təriqət və qəbilələrə görə yerbəyer etdilər və bu müsəlman təriqət və qəbilələri dörd ölkə - İngiltərə, Fransa, İtaliya və Rusiya öz aralarında bölüşdülər. (O vaxt hələ ABŞ oyuna girməmişdi.) Sonra lazım olanda hər ölkə öz təriqətini, yaxud qəbiləsini silahlandırıb rəqiblərinin regiondakı maraqlarının keşiyini çəkən digər təriqət və qəbilənin üstünə göndərəcəkdi. Buna “Sivilizasiyaların toqquşması” demək üçün adam gərək üstündə baş deyil, qarpız gəzdirsin. 

Bu gün Liviyada bir-birini öldürənlər kim? Bədəvi qəbilələr! Yəməndə kimin qanı axır?

Müsəlman təriqətlərin! Hətta xristian diplomatların apardığı bu qəbilə, təriqət bölgüsü sonralar müsəlman dövlətlərin də işinə yaradı. Məsələn, mən bu cümlələri yazdığım gün Yəməndə İranın dəstəklədiyi deyilən Husi şiə təriqəti ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi sünni Ahmar qəbiləsinin silahlıları döyüşürdülər. “Sivilizasiyaların toqquşması” bu deyil, sivilizasiyalar, məsələn, 1066-ci ildə Malazgirddə döyüşürdülər: xristian Bizansı ilə müsəlman Səlçuqların ölüm-dirim məsələsini həll etdikləri və Bizans sivilizasiyasının ölümünün başlanğıcı olan döyüş əsl “Sivilizasiyaların toqquşması” idi. 

Bu günkü “Sivilizasiyaların toqquşmasında”, ümumiyyətlə, müsəlmanlar iştirak etmir, bu toqquşma Qərb və Çin arasında gedir desək, daha populist olmayan bir söz demiş olarıq.

Çinin, eləcə də, Sinqapurun, Malaziyanın özlərinin “funksionallığını itirmiş həqiqətlərini” bir yana buraxaraq, gələcəyin həqiqətlərini yaratmağa girişmələri dünyanın ağırlıq mərkəzinin yerini şərqə tərəf çəkir. Qərb bizim üstümüzdən daha uzaq Şərqə baxır.         

Funksionallığını itirmiş həqiqətlərə sitayişin əsas səbəblərindən biri müsəlman coğrafiysında Avropada beş yüz ildir formalaşmaqda olan elmi-intellektual burjuanın, elitanın olmaması, bu zümrəni formalaşdıracaq adamların baş götürüb bu coğrafiyadan qaçmasıdır. Digər müsəlman ölkələrə baxanda Türkiyə nisbətən elmi kültürə sahiblənə bilsə də, son illər bu ölkədə baş verən camaat-dövlət qarşıdurması onu göstərdi ki, elmi kültürün cəmiyyət üzərində zənn olunduğu qədər də təsiri yoxdur, dünyəvilikdən dinçiliyə qayıtmaq üçün sosial baza hazır vəziyyətdədir.  

Və nə vaxta qədər belə davam edəcəksə, bir ingilisin pişiyi dünyada yaşamaq istəyən milyonlarla müsəlman uşaqdan daha çox tibbi güvəndə olacaq...  

Son xəbərlər

Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq

Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - Foto

ACF-nin idman direktoru: Hazırkı yeniyetmə cüdoçuların itib-batmasını istəmirik

Ağdərədə sümük fraqmentləri aşkarlanıb

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb

Fərhad Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Laos Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq

Rusiya Volodimir Zelenskini axtarışa verib

Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ

Gimnastlarımız Avropa Kubokunda medal qazandı

Universitet müəllimi vəfat etdi

Müsavat Partiyasının qurultayı KEÇİRİLİR

Azərbaycan neftinin qiyməti 85 dollara düşüb

“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Bütün xəbərlər