{category-title}
Azərbaycanın bəyənilən xarici borc siyasəti - TƏHLİL
Müasir dünyada borclanma demək olar ki, adi həyat tələbinə çevrilib. İstər ailə təsərrüfatları olsun, istər biznes, istərsə də dövlətlər az qala bütün layihələrini borcla icra edirlər. Bu baxımdan, borclanma həyat norması kimi qəbul olunur. Həm də fərdi şəxslər və biznes üçün deyil, dövlətlər üçün də.
Bu gün dünyada borcu olmayan dövlət yoxdur. Elə dövlətlər var ki, borcu Ümumi Daxili Məhsulundan dəfələrlə böyükdür, elələri də var ki, kifayət qədər ehtiyatlı borclanma siyasəti yürüdərək, dövlət öhdəliklərinin artmasına imkan vermirlər. Azərbaycan məhz sonuncu qrupa aid olunan dövlətlərdəndir: hökumət borclanmaya yanaşmada xeyli mühafizəkar siyasət yürüdür.
Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, 2018-ci ilin sonuna dünya ölkələrinin dövlət borcu 69 trilyon dollardan artıq olub. Bu, dünya ÜDM-nin 80 faizindən çox deməkdir. Bu borcun təxminən 52 trilyon dollar və ya 3/4 hissəsi inkişaf etmiş ölkələrin payına düşür. İnkişaf etməkdə olan ölkələrdə dövlət borcunun həddi xeyli aşağıdır. Amma son illərdə burada da böyümə meyli hiss olunur. Belə ki, 2012-ci illə müqayisədə ötən ilin sonuna inkişaf etməkdə olan ölkələrin dövlət borcu 50 faiz artıb.
Borclanmaya mühafizəkar yanaşma
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan borclanmaya mühafizəkar yanaşma nümayiş etdirən ölkələrdən biridir. Hökumət 2005-ci ildən etibarən ənənəvi donoru olan Beynəlxalq Valyuta Fondundan kredit alışını dayandırıb. Eyni zamanda dövlət qurumlarının dövlət zəmanəti ilə kredit alması prosedurları, alınan kreditlərin qaytarılmasına qoyulan tələblər xeyli sərtləşdirilib. Buna səbəb bir sıra dövlət şirkətlərinin, ASC-lərin dövlət zəmanəti ilə aldıqları kreditlərə məsuliyyətsiz yanaşmaları üzündən həmin vəsaitlərin dövlət tərəfindən qaytarılması məcburiyyətinin yaranmasıdır.
Maliyyə Nazirliyinin rəsmi məlumatına görə, bu ilin 1 yanvarına Azərbaycanın xarici dövlət borcu 8,927.1 milyon dollar (15,176.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 19.0 faiz (2018-ci il üçün hesablanmış 79,797.30 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Qeyd edək ki, dövlətlərin xarici borclarının həddi ilə bağlı əsas meyar olaraq dünyada borc məbləğinin ölkə ÜDM-nə nisbəti əsas götürülür. Hesab edilir ki, xarici borcun həcmi illik ÜDM-in 40 faizindən artıq olarsa, xarici borcun dayanıqlı idarəedilməsi üçün təhlükə yaranır. Lakin əksər inkişaf etmiş ölkələrdə bu hədd olaraq ÜDM-in 60-65 faizi götürülür. Məsələn, Avropa Birliyinə üzvlüyə namizəd ölkələr üçün xarici borcun maksimum həddi ÜDM-in 60 faizi səviyyəsində müəyyənləşdirilib.
Azərbaycanda xarici borcun ÜDM-ə nisbəti uzun illər boyu 10 faizin altında olub. Dünya neft bazarında qiymətlərin enməsi nəticəsində ölkədə baş verən kəskin devalvasiyalar nəticəsində bu nisbət 2015-ci ildə 10 faizədək artıb. 2017-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici öhdəliklərinin dövlətin üzərinə keçməsi nəticəsində xarici dövlət borcu 31,6 faiz artaraq ÜDM-in 24 faizinə çatıb.
Onu da bildirək ki, ölkənin ödəmə qabiliyyəti baxımından xarici dövlət borcunun bir il ərzində 25 faiz və ya daha çox artması təhlükəli dəyişiklik hesab olunur. Azərbaycanda bu rəqəm 2017-ci ildə 31,6 faiz artmaqla təhlükəli dəyişiklik nümayiş etdirib. Lakin ötən il dövlət borcunda artım deyil, 5 faizlik azalma qeydə alınıb ki, bu da müsbət tendensiya hesab olunur.
Borclanmaya dair strategiya nə vəd edir?
Hökumət ötən ildən etibarən xarici borclanmanın aşağı salınması istiqamətində daha ciddi tədbirlər həyata keçirməyə başlayıb. Bu məsələ dövlət başçısı tərəfindən 2018-ci ilin avqustunda təsdiqlənmiş “Dövlət borcunun idarə edilməsi üzrə ortamüddətli və uzunmüddətli strategiya”da da əksini tapıb. Strategiyaya görə, 2019-cu ildə Azərbaycanın xarici dövlət borcu 9,7 milyard dollara çatacaq. Lakin sonradan 2025-ci ilədək xarici borcun həcminin 6,5 milyard dollara qədər azaldılması planlaşdırılır və hökumətin hesablamalarına görə, 2026-cı ilədək Azərbaycanın xarici borcu ÜDM-in 12 faizi səviyyəsinə qədər azalacaq. Strateji hədəf isə borcun 10 faizin altına salınmasıdır.
Bunu ölkə prezidenti, həmçinin maliyyə naziri dəfələrlə bəyan ediblər. Maliyyə naziri Samir Şərifovun dediyinə görə, xarici valyutada dövlət borcunun ÜDM-də payını 17 faiz azaltmaq mümkün olub və bu gün Azərbaycanın nominallaşdırılmış xarici valyuta borcu ölkənin məcmu gəlirinin yalnız 1/5 hissəsini təşkil edir: “Prezidentin həyata keçirdiyi kompleks sosial-iqtisadi islahatlar proqramın vacib tərkib hissələrindən biri dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsidir. Bunun vacib elementlərindən biri dövlət borcunun idarə edilməsi ilə bağlıdır. Dövlət borcunun idarə edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən 2018-ci ilin büdcə sistemi haqqında qanunvericiliyə edilmiş düzəlişlər hesabına fiskal büdcə qaydası təsdiq olunub. Bundan başqa, dövlət başçısı Azərbaycanın dövlət borcunun idarə edilməsi üzrə uzunmüddətli strategiyanı təsdiqləyib. Məhz bu vacib sənədlər çərçivəsində biz həm dövlət maliyyəsinin, həm də dövlət borcunun idarə edilməsini bundan sonra da həyata keçirəcəyik. Bununla yanaşı, şübhəsiz ki, borc sahəsində görülən tədbirlər nəticə verməkdədir. Belə ki, prezidentin qarşımıza qoyduğu xarici borcun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbətinin azaldılması barədə tapşırıq mərhələlərlə icra olunmaqdadır. Ötən il xarici valyutada ifadə olunan dövlət borcunun ÜDM-ə nisbəti 5 faiz fəndi azaldılaraq, 24 faizdən 19 faizə endirilib. Eyni zamanda biz ölkədə daxili borc bazarının da inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq. Ümumiyyətlə, bu sahədə bizim əsas vəzifəmiz ondan ibarətdir ki, xarici valyutada ifadə olunmuş borcu azaldaraq daha çox onu milli valyutada olan borcla əvəzləyək. Hesab edirəm ki, bu, bizim borc sahəsində dayanıqlığımızı xeyli artıracaq və dünya bazarındakı xarici şoklara qarşı müqavimətimizi xeyli möhkəmləndirəcək”.
Beynəlxalq Valyuta Fondu Azərbaycanın xarici valyuta ilə olan kreditləri azaltmaq siyasətini müsbət qiymətləndirir. Fondun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa bildirir ki, qurum Azərbaycan hökumətin dövlət borcu idarəçiliyi strategiyasını alqışlayır və onun xarici valyuta ilə ifadə edilmiş borc öhdəliklərini azaltmaq niyyətini dəstəkləyir (Report). N.Tamirisanın sözlərinə görə, Azərbaycan hökuməti ilə borclanma ilə bağlı Valyuta Fondu hər hansı bir danışıqlar aparmır: “IMF 2005-ci ildən bəri Azərbaycana kredit verməyib. Azərbaycan IMF-dən maddi yardım istəməyib və bu tip yardımlara ehtiyacı yoxdur. Hazırda Beynəlxalq Valyuta Fondundan borc almaqla bağlı hər hansı danışıqlar aparılmır”. IMF rəsmisi təmsil etdiyi təşkilatın Azərbaycana milli valyutada kredit vermək imkanının olmadığını da açıqlayıb: “Dediyim kimi, Azərbaycan IMF-dən maddi yardım istəməyib və ona ehtiyacı yoxdur. Beynəlxalq Valyuta Fondunun qaydalarına əsasən IMF-dən götürülmüş hər hansı borc ”Xüsusi Borcalma Hüquqları"na (Special Drawing Rights - SDRs) əsasən hesablanır. Bu hesab vahidinin dəyəri sərbəst istifadə edilən valyutalar səbətinə əsaslanır. Digər beynəlxalq təşkilatlar öz razılığına əsasən yerli valyutada borc verə bilərlər".
Hədəflərə nail olunması realdırmı?
Qeyd etdiyimiz kimi, Azərbaycan hökuməti həm xarici borcun ümumi məbləğini, həm də onun tərkibində xarici valyutada olan hissəni azaltmağı hədəfləyib.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, hökumətin xarici borcu hesablamaq metodologiyası beynəlxalq standartlara uyğun deyil: “Beynəlxalq standartlara əsasən xarici borca həm dövlət tərəfindən, həm də ayrı-ayrı dövlət qurumları tərəfindən dövlətin zəmanəti ilə götürülmüş borclar daxil edilməlidir. Azərbaycanda isə böyük dövlət qurumlarının dövlət zəmanəti ilə alınmış kreditləri dövlət borcuna daxil edilmir. Halbuki təcrübə göstərir ki, bir çox hallarda bu kreditlərin mühüm bir hissəsini elə dövlət özü qaytarmalı olur. Beynəlxalq Bankla bağlı vəziyyət bunun bariz nümunəsidir - dövlət bankın 3,2 milyard dollarlıq borcunu üzərinə götürdü. Digər tərəfdən, beynəlxalq standartlara əsasən dövlət borcu hesablanarkən borclanma müqaviləsində nəzərdə tutulan məbləğ hesablanmalıdır. Yəni dövlət hansısa beynəlxalq qurumla 20 illiyə 2 milyard dollar kredit müqaviləsi imzalayıbsa, həmin məbləğ bütünlüklə dövlət borcuna daxil edilməlidir. Azərbaycan hökuməti isə borcu hesablayarkən müqavilədəki məbləği deyil, alınıb faktiki xərclənmiş məbləği nəzərə alır. Bütün bunlar xarici borcun məbləğinin böyük görünməməsi üçün edilir və yanlışdır. Onsuz da beynəlxalq təşkilatlar hesablayarkən real məbləği əsas götürürlər”.
İqtisadçının sözlərinə görə, real olaraq hazırda Azərbaycanın xarici dövlət borcu ÜDM-in 60-65 faizinə bərabərdir: “Bu səviyyənin özü də beynəlxalq standartlara əsasən təhlükəli hesab olunmur. Dünyanın əksər ölkələrində xarici borc elə bu həddədir. Bu baxımdan, hökumətin real məbləği hesablaması daha yaxşı olardı”.
N.Cəfərli deyir ki, hökumətin xarici borcun azaldılmasını hədəfləməsi müsbət haldır: “Strateji olaraq, götürülən bu xətt düzgün yanaşmadır. Getdikcə borcun azaldılması yaxşı prosesdir və neftin qiymətinin yüksək olduğu indiki mərhələdə maksimum az borclanmaya gedilməsi lazımdır. Borclar artarsa, eyni zamanda neftin qiyməti kəskin ucuzlaşarsa, bu, Azərbaycan iqtisadiyyatı üçün ciddi çağırışlar yaradacaq. Milli valyutada olan xarici borcların məbləğinin azaldılması hədəfinə çatılmasını isə real hesab etmirəm. Çünki 2014-2015-ci illərdəki böhrandan sonra beynəlxalq agentliklər Azərbaycanın kredit reytinqlərini xeyli endiriblər. Bu şəraitdə hansısa təşkilatın, yaxud dövlətin Azərbaycana manatla kredit verəcəyi real görünmür. Ümumiyyətlə, son illərdə hansısa dövlətə milli valyuta ilə kredit verilməsi təcrübəsi, demək olar ki, tamamilə sıradan çıxıb. Manatla borclanma yalnız ölkə daxilində qiymətli kağızların buraxılması yolu ilə mümkündür. Buna görə də xarici borcların tərkibində manatla kreditlərin artması real görünmür”.
“Yeni Müsavat”