{category-title}

Moskvanın İrəvandakı keçmiş səfiri İvan Volınkin ermənipərəstdir, yoxsa... - ekspertlərimiz danışır

 ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olan Rusiya Dağlıq Qarabağ üzrə kuratorunu dəyişməyə hazırlaşır. “Kommersant”ın yazdığına görə, Rusiya XİN-də Qarabağ münaqişəsi və keçmiş sovet respublikalarındakı digər münaqişələrlə məşğul olan diplomat dəyişir.

Rusiya nəşri bildirib ki, indiyədək münaqişələrlə məşğul olan xarici işlər nazirinin müavini Qriqori Karasin Federasiya Şurasının üzvlüyünə namizəd göstərilib. Onun yerini kimin tutacağı isə faktiki olaraq müəyyənləşib. Belə ki, XİN-də yüksək posta hazırda üç nəfərin namizədliyi nəzərdən keçirilir. Onların içərisində əsas namizəd XİN-in konsulluq departamentinin rəhbəri, Rusiyanın Ermənistandakı keçmiş səfiri İvan Volınkindir.

60 yaşlı Volınkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, SSRİ-nin və sonradan Rusiyanın ABŞ, Yuqoslaviya, Gürcüstan, Serbiya və Monteneqro, Makedoniyadakı səfirliklərində işləyib. 2009-2013-cü illərdə xarici işlər naziri Sergey Lavrovun köməkçisi, nazirliyin baş katibliyinin direktor müavini olub. 2013-2018-ci illərdə isə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.

Qeyd edək ki, İ.Valınkin Ermənistanda səfir olduğu dönəmdə İrəvanda anti-Rusiya meylləri nəzərəçarpan dərəcədə artmışdı. Hətta Rusiya əleyhinə aksiyalar səfirliyin qarşısında keçirilmişdi və diplomatik nümayəndəlik yumurta “atəşi”nə məruz qalmışdı. Ermənilər Volınkinin fəaliyyətindən narazılıqlarını gizlətmirdilər. 

Diplomat erməni jurnalistlərin naqolay suallarına verdiyi cavabları ilə də ermənilərdə nifrət qazanmışdı. O, “siz Rusiyanın Azərbaycana silah satması ilə bağlı sənədləri mənə göstərə bilərsinizmi?

Yeri gəlmişkən, Rusiya Ermənistana da satır” cavabını verməklə erməniləri şoka salmışdı. Jurnalistlərin “Azərbaycan tərəfi cəbhədə atəşkəsi pozur” iddiasına cavabında isə səfir “Mən Azərbaycanın yerinə cavabdeh deyiləm” söyləmişdi və bu, uzun müddət müzakirə mövzusu oldu. Hələlik Qarabağla bağlı yeni kurator təsdiqlənməyib. Amma Volınkinin namizədliyi keçərsə, o halda problemin həllində hansı yeniliklərin olacağını araşdırmaq istədik.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Volınkini yaxından tanımır. Ancaq bununla belə, bəzi düşüncələrini bölüşdü: “Bu siyasəti müəyyənləşdirənlər təbii ki, yuxarıda olan insanlar - prezident, nazir və Prezident Aparatındakı müşavirlərdir. Amma mütəmadi şəkildə məruzə etmək kuratorun üzərinə düşür”.

Eks-nazir Volınkinin ermənilər üçün çalışacağı barədə ehtimalları bölüşmür: “Mənim bildiyimə görə, o vaxt ermənilər ondan çox narazı idilər. Hətta səfirliyin qarşısında etirazlar oldu, Paşinyanın gəlişindən sonra bir neçə dəfə problemlər yaşandı. Rusiyanın Qarabağ siyasəti əvvəlki kimi qalacaq, onun ciddi şəkildə dəyişəcəyini gözləmirəm. İstisna etmirəm ki, Azərbaycan tərəfinin də əsas məqsədi - əgər bundan qabaq əlaqələr olmayıbsa - bu məsələni onunla müzakirə etməkdir. Dövlətin siyasətində ciddi dəyişiklik gözləmirəm. Amma şəxsi münasibətlərin olması da çox vacibdir. Onun Ermənistanda səfir işləməsinə çox da önəm vermək düzgün olmaz. Çünki o, Rusiyanın siyasətini həyata keçirirdi. Bu mənada onun ermənipərəst adlandırılmasını düzgün saymıram”.

Politoloq Elçin Mirzəbəyli qeyd etdi ki, Rusiya Xarici İşlər Nazirliyində baş verməsi gözlənilən dəyişiklik Qriqori Karasinin təqaüdə çıxması ilə bağlıdır: “Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasini isə bu postda İvan Volınkinin əvəz edəcəyi gözlənilir. Məlum olduğu kimi, Volınkin 2007-ci ildə Gürcüstan ərazisində casusluq fəaliyyətində ittiham olunaraq persina non-qrata elan edilib. Qərar Mixail Saakaşvili tərəfindən verilsə belə, Gürcüstanın yeni hakimiyyəti də İvan Volınkinlə bağlı qərarı dəyişməyib. Volınkinin Rusiya xarici işlər nazirinin müavinə vəzifəsinə gətirilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesindən daha çox Rusiya-Gürcüstan danışıqlarına təsir göstərə bilər. Məlum olduğu kimi, danışıqlarda Gürcüstan tərəfindən baş nazirin təmsilçisi Zurab Abaşidze, Rusiya tərəfindən isə Qriqori Karasin iştirak edirdi. Əgər İvan Volınkin Rusiya-Gürcüstan danışıqlar formatında da Karasini əvəz edərsə, bu, rəsmi Tiflisin etirazına səbəb ola bilər. Amma Volınkinin xarici işlər nazirinin müavini postunda Karasini əvəzləməsi o anlama gəlmir ki, o, mütləq Gürcüstanla aparılan danışıqlarda ölkəsini təmsil edəcək”.

E.Mirzəbəyli əlavə etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin xarici işlər nazirinin müavini Qriqori Karasinin kurasiyasında olması Rusiya Xarici İşlər Nazirliyinin strukturuna bağlı olan bir məsələdir: “Karasin müstəqil qərar qəbul etmək səlahiyyətində olan bir şəxs deyil və bu prosesdə ölkəsinin mövqeyini və maraqlarını ifadə edir. Eyni fəaliyyəti də təyin olunacağı təqdirdə Volınkin həyata keçirəcək”.

“Rusiya Xarici İşlər Nazirliyində keçmiş sovet respublikalarındakı münaqişələrlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi məşğul olan diplomat Qriqori Karasin Rusiyanın Ermənistandakı keçmiş səfiri İvan Volınkinlə əvəz ediləcək. Bu faktın özü də göstərir ki, Kreml Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı baxış bucağından yanaşır”.

Bu fikirləri isə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a söylədi.

Namizədliyi irəli sürülən diplomatla bağlı narahatlığını bölüşən analitik bir fakta diqqət çəkdi: “İvan Volınkin İrəvanda səfir işləyərkən hər müsahibəsində və açıqlamasında Ermənistanı Rusiyanın bölgədəki əsas və əbədi müttəfiqi adlandırırdı. ”Ermənilər və ruslar bir-birinə ruhən bağlıdırlar" deyən İvan Volınkin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezident Vladimir Putinə normal məsləhət verə bilərmi? 2017-ci ildə Ermənistanın “Şant” adlı televiziya kanalının jurnalistləri işğal altındakı torpaqlardan Azərbaycan ərazilərini çəkərkən atəşə məruz qalmışdılar. İvan Volınkin təxribat yaradan erməni jurnalistlərinin Azərbaycan həbçilərinin atəşinə məruz qalmasını bu sözlərlə pisləmişdi: “Humanitar hüquqların tapdalanmasına etiraz edirəm, jurnalistlər və həkimlər hədəf götürülməməlidir”. Bu sözləri deyərkən çəkilişin hansı ərazidə və hansı məqsədlə aparıldığı rusiyalı diplomatı az maraqlandırırdı. Volınkin bölgədə status-kvonun uzanmasına, başqa sözlə, işğalın davam etməsinə xidmət edən açıqlamalarıyla da yadda qalıb. Belə bir diplomatın münaqişənin ədalətli həllində maraqlı olacağını söyləmək mümkün deyil. Heç Karasinin özü də münaqişənin həllində maraqlı deyildi. Bir də ki, həmin postda kim olursa-olsun bütövlükdə Rusiyanın münaqişənin həllinə baxışı Azərbaycanın xeyrinə deyil".

Belə olan təqdirdə ortaya sual çıxır, Ermənistanı bütün varlığı ilə müdafiə edən XİN rəhbəri Sergey Lavrovun ardınca daha bir ermənipərəstin Qarabağ məsələsində söz sahibi olması Azərbaycana əlavə başağrısı yaratmayacaqmı?

E.Şahinoğlu: “Lavrov üçün Qarabağ münaqişəsinin həlli maraqlı deyil. Əslində Qarabağı Ermənistandakı keçmiş səfirin kurasiyasına verməklə Bakıya mesaj göndərir ki, bizdən münaqişənin həllinə dəstəyi gözləməyin, tam əksinə, bölgədə Ermənistanın maraqları Moskva üçün daha vacibdir”.

Son xəbərlər

İran Azad Universitetinin bir fakültəsində təhsil haqqı 300 faiz artıb

Putin Slovakiyanın Baş naziri ilə qaz problemi və Ukrayna məsələsini müzakirə edib

İlham Əliyev bu idmançıları təltif etdi - SİYAHI

Tibb müəssisələrində yoxlama: 131 nəfər məsuliyyətə cəlb olunub

QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir

Salamını almadı, əli hava qaldı - FOTO

Məşhur bağçanın müdiri 428 minlik dələduzluqda təqsirli bilinir

Dünya bazarlarında neft bahalaşıb

Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir

Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Bütün xəbərlər