{category-title}
Daha bir vəzifəli şəxsin diplomu saxta çıxdı - İDDİA
Əvvəlcə qeyd edək ki, plagiat (plagiarizm, plagiatlıq, plagiatçılıq,) çox vaxt əmanətə xəyanət, qüsurlu sitat, müəllif hüququna qəsd, ədəbi-elmi oğurluq, imitasiya, dələduzluq, və s. kimi qəbul olunur.
Dövlət vəsaiti hesabına nəşr olunmuş, hətta mükafatlandırıldığı deyilən sözügedən toplum iddialara görə plagiatdır, yəni əmanətə xəyanətdir, müəllif hüququna qəsddir, dövlətə, xalqa və elm ictimaiyyətinə hörmətsizlikdir. Elə daxil olmuş məlumat bu mövzunun nə qədər aktual olduğunu bir daha təsdiq edir. Keçək mətləbə.
Azia.az bildirir ki, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, tanınmış memar Xəlil Cəfərov “Azərdövlətlayihə” DBL institutunun direktoru Müsədin Namazovla bağlı sensasiya yaradacaq iddia ilə çıxış edib. Onun fikrincə milli memarlıq irsini təmsil edən element və formalarından ibarət toplunun hazırlanmasında ona qarşı ciddi şəkildə haqsızlıq olunub və hazırlanmış toplum plagiatdır. Qeyd edək ki, hadisələrin bir neçə il bundan əvvəl baş verməsinə baxmayaraq hələ də aktualdır və yenidən gündəmə gətirilir. Bu iddialar hələ uzun illər öncə bir toplantıda Xəlil Cəfərov tərəfindən səsləndirmişdir. Odur ki, Xəlil Cəfərovun Plenumdakı çıxışından hazırlanmış yazını olduğu kimi təqdim edirik.
Azia.az təqdim edir: “Memarlar İttifaqının 10 iyun 2016-cı il tarixdə keçirilən plenumunda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, tanınmış memar Xəlil Cəfərov plenum iştirakçılarına müraciət edərək aşağıdakı məlumatı bildirmişdi. 2007-ci ildə “Azərdövlətlayihə” institutunda müdir vəzifəsinə təyin olunduğu zaman, Xəlil Cəfərov institutun arxivlərində illərlə toplanmış sənədlərin tullanmaq təhlükəsinin qarşısını alaraq, bunlarla yaxından tanış olub, böyük dərəcədə milli memarlıq sənətinin tarixi üçün əhəmiyyət kəsb etdiyini başa düşərək bunlardan milli memarlıq irsini təmsil edən element və formalarından ibarət bir toplunun hazırlanması qərarına gəlmişdir. Bir neçə il müddətində toplu üzərində böyük tədqiqat işi aparılmış, hər elementin yenidən cizgiləri hazırlanmış, onların təsnifatı yazılmış, terminlər sözlüyü tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. Kitabın hazır olması ərəfəsində memar Elçin Əliyevin kitab çapında müəyyən təcrübəsi olduğu üçün ona yardım göstərmək məqsədilə müraciət edilmişdir. 2014-cü ildə “Azərdövlətlayihə” institutuna rəhbər vəzifəyə M.Namazov təyin edildikdən sonra bu işlər müvəqqəti dayandırılmışdır. Sonradan M.Namazovun kitabın nəşrinə maddi dəstək verməsi şərtilə onun adının müəllif Xəlil Cəfərovla birgə yazılması müzakirə olunmuş, lakin maliyyə çətinlikləri üzündən kitab çap olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə Azərbaycan Memarlar İttifaqı tərəfindən nəşr üçün hazırlanmış 25 adlı memarlıq mövzusunda azərbaycan, ingilis və rus dillərində 2013-cü ildə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap olunmuş kitabları görərək, müəllif Xəlil Cəfərov dərhal kitabın azərbaycan və ingilis dillərində maketini hazırlayıb Memarlar İttifaqına 2015-ci ildə təqdim etmiş və bunun növbəti kitab seriyasının siyahısına salınmasını xahiş etmişdir.“Tərəqqi” medalı almış “Azərdövlətlayihə” DBL institutunun direktoru Müsədin Namazov plagiatlıqda ittiham olundu Dəfələrlə M.Namazova və E.Əliyevə etdiyi müraciətlərə “vəsait yoxdur, iş dayanıb” cavablarını almışdır. Plenumdan az öncə kitabın Türkiyədə M.Namazov və E.Əliyevin müəllifliyi ilə, Xəlil Cəfərovun heç adı belə çəkilmədən çap olunması məlumatını almışdır ki, bu da onun hədsiz qəzəbinə və mənəviyyatına zərbə kimi qəbul etməsinə səbəb olmuşdur. Bunlar azmış kimi, “Azərdövlətlayihə” institutunun yubileyinə həsr edilmiş kataloqda Xəlil Cəfərovun müəllifliyi ilə inşa olunmuş binaların fotoları belə onun adı qeyd edilmədən göstərilmişdir. Plenumda bunları deyərək Xəlil Cəfərov həmkarlarından dəstək istəmiş və onun müəlliflik hüquqlarının qorunmasını xahiş etmişdi. Deyilənlər Plenum iştirakçıları tərəfindən hiddətlə qəbul edilmiş, plagiat, oğurluq və insaniyyətlik etikasına zidd olan hərəkət kimi qarşılanmışdı. Plenumda iştirak edən müəlliflərdən biri - Memarlar İttifaqının məsul Katibi Elçin Əliyev, Xəlil Cəfərovun məlumatının düzgünlüyünü təsdiqləmiş, lakin özünün və M.Namazovun müəllifliyi ilə çap olunmasını və əsl müəllif olan Xəlil Cəfərovun, kitabın hazırlanmasında iştirak etmiş mütəxəssislərin, hətta ingilis dilinə tərcüməçinın adlarının çəkilməməsi səbəbini M.Namazovdan öyrənməyi məsləhət görmüşdü. Bu kimi münasibətləri qəti yolverilməz sayaraq, konflikt tərəflərinin məsuliyyətlərinin dərəcəsini müəyyənləşdirmək üçün məsələnin diqqətlə araşdırılması və Memarlar İttifaqının Katibliyinin növbəti iclasında məlumat verilməsi Plenum tərəfindən Azərbaycan Memarlar İttifaqının Peşəkarlıq Etikası Kollegiyasına tapşırılmışdı...”
Namazov Müsədin Əhməd oğlu kimdir?
Namazov Müsədin Əhməd oğlu 4 avqust 1963-cü ildə Gürcüstan Respublikasının Saqareco bələdiyyəsinin Düzəyrəm kəndində anadan olub. 1970-1980-ci illərdə Düzəyrəm kənd məktəbində orta təhsil alıb.
O, 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinin əyani şöbəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu fərqlənmə diplomu ilə memar ixtisası üzrə bitirmişdir.
M.Ə. Namazov ali təhsilini tamamladıqdan sonra “Azərdölətlayhə” İnstitutunun 1 nömrəli Emalatxanasında memar kimi öz ixtisası üzrə ilk əmək fəaliyətinə başlamışdır.
O, 1986-cı ildə ordu sıralarına çağrılmış və 1988-ci ilə kimi SSRİ Silahlı Qüvvələri sırasında əvvəlcə sıravi əsgər, sonra isə manqa komandiri olmuşdur.
Müsədin Namazov ordudan tərxis olunduqdan sonra yenə doğma kollektivə - “Azərdövlətlayihə” İnstitutuna qayıtmış, əvvəlcə 1 nömrəli Emalatxanada memar (1988-1990-cı illər), aparıcı memar (1990-cı il), qrup rəhbəri (1990-1993-cü illər), layihənin baş memarı (1993-2007-ci illər), 2 nömrəli Emalatxananın rəisi (2007-2009-cu illər), sonra isə 2 nömrəli Memarlıq Planlaşdırma şöbəsinin müdiri (2009-2011-ci ilər) olmuşdur.
M.Ə. Namazov 2011-ci ilin dekabrından 2012-ci ilin sentyabrına kimi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” DLİ İnstitutunun baş memarı vəzifəsində çalışmışdır.
O, 10 oktyabr 2012-ci ildən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” DLİ-nin direktoru təyin olunmuş və 2014-cü ilin may ayına kimi bu vəzifədə çalışaraq özünü səriştəli rəhbər kadr kimi təsdiq etmişdir.
Müsədin Namazov 2014-cü ilin may ayının 27-də Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovun əmri ilə “Azərdövlətlayihə” DBL İnstitutunun direktoru vəzifəsinə təyin olunub və artıq 2-ci ildir ki, 1986-cı ildə AzMİU-nu bitirib təyinatla gəldiyi və uzun illər çalışdığı “Azərdövlətlayihə” DBL İnstitutuna rəhbərlik edir.
Qızı Səma Azərbaycan İqtisad Universitetinin bakalavr dərəcəsini almış və Böyük Britaniyanın Edinburq Universitetinin magistr dərəcəsini bitirmişdir, işləyir. Atasının adını daşıyan oğlu Əhməd isə hazırda İngiltərənin Newcastle Universitetinin memarlıq fakültəsində təhsil alır.(Bu barədə sonra daha ətraflı yazılacaq)
Təltiflər
Azərbaycan Respublikası Memarlar İttifaqı Rəyasət Heyəti Katibliyinin 04 nömrəli qərarı ilə Azərbaycan Memarlar İttifaqının yaradılmasının 70 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Memarlar İttifaqı üzvünün “Fəxri Nişanı” (2008-ci il);
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində dövlət qulluğunda fərqləndiyinə və əldə etdiyi nailiyyətlərə görə “Fəxri Fərman” (2008-ci il);
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" yubiley medalı (2010-cu il);
Müsədin Namazov Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Namazov Müsədin Əhməd oğlu Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə “Əməkdar Memar” fəxri adı ilə təltif edilmişdir.
P.S. Redaksiya olaraq belə təltiflərə layiq görülmüş bir memarın səslənən iddialara münasibətini öyrənməyə çalışdıq, amma bu mümkün olmadı. Ancaq Xəlil Cəfərovla telefon əlaqəsi saxladıq. Xaricdə olmasına baxmayaraq suallarımızı cavablandırdı. (Azia.az)