{category-title}

Azərbaycanda bir qadının biznesə başlaması üçün kifayət qədər imkan varmı? - ARAŞDIRMA

 Azərbaycan qadını bu gün biznes sferasının bir çox sahələrində özünü uğurla sınaqdan keçirir. Həm təhsil, həm də bilik və bacarığına görə xanımlar kişilərdən nəinki geri qalmır, hətta hiss olunan dərəcədə üstünlük qazanırlar.

Öz işini qurub iqtisadi azadlıq qazanmaq istəyən qadınların sayı günbəgün artır. Media, reklam, PR, hüquq, tibb kimi sahələrdə qadınlar lider mövqe tutsalar da, şəxsi biznes quranların problemi də az deyil. Biznesin bəzi istiqamətlərində qadın iş adamlarına demək olar, rast gəlinmir.

“Report” “bir qadının biznesə başlaması üçün nə tələb olunur”, “hansı faktorlar qadınlara mane olur”, “nə kimi sosial və psixoloji amillər qadınların uğurunu əngəlləyir” kimi sualların cavabını axtarıb.

Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı, 25 illik stilist təcrübəsinə malik olan Elnarə Nəhmədova “Report”a açıqlamasında Azərbaycanda xanımların özünü biznesdə təsdiqləməsi üçün hər şəraitin olduğunu bildirib: “Azərbaycanda bir qadının öz bacarığını göstərə biləcəyi yetəri qədər biznes növü mövcuddur. Lakin biznesi qurmaq istər qadın, istərsə də kişi üçün asan deyil. Bunun üçün peşəkar təcrübəyə sahib olmaq lazımdır. Yəni, bir ideyanı biznesə çevirmək üçün, ya özün bu işi dərindən bilməlisən, ya da peşəkarlarla çalışmağa üstünlük verməlisən. Ölkəmizdə bir qadının biznes qurması, onu inkişaf etdirməsi üçün xüsusi heç bir çətinlik yoxdur. XXI əsrdə yaşayırıq və Azərbaycan inkişaf etməkdə olan ölkədir. Yetər ki, xanımlarımız iş həyatına qatılanda ağıllı və səbirli olsunlar”.

Elnarə Nəhmədova “qadın biznesi” və “kişi biznesi” deyilən anlayışlara bir qədər şübhə ilə yanaşır: “Bəlkə də başqa ölkələrdə belə sərhədlər var. Amma Azərbaycanda mən bunu müşahidə etməmişəm. Bunu öz şəxsi təcrübəmə əsaslanaraq deyirəm. Hətta ətrafımda olan bizneslərdə də bu kimi hallarla üzləşməmişəm. Bacarıqlı, uğurlu insanların ümumi çəkisi kütləyə baxanda hər zaman az olur. Bir insanın bacarığı qadın və ya kişi olmağına görə müəyyənləşdirilməməlidir. Ona görə də bir qadının önünü kəsəndə ciddi fikirləşmək lazımdır. Bəlkə də bununla ölkənin inkişafı geriyə atılacaq. O qadın öz ağlı ilə dünyada yeni kəşflərə yol aça bilər”.

Gender münasibətləri üzrə ekspert Xalisə Şahverdi qadınların bizneslə məşğul olmaları üçün kifayət qədər imkanların olduğunu “Report”a vurğulayıb: “Qadınların sahibkarlıq sahəsində gücləndirilməsi istiqamətində həm dövlətin dəstəyi, həm də beynəlxalq təşkilatların irimiqyaslı layihələri var. Vətəndaş cəmiyyəti təşkilatları da bu məqsədlə 15 ildən çox Azərbaycanın müxtəlif bölgələrində layihələr həyata keçirir. Bunun nəticəsində ölkədə qadın sahibkarların sayı qismən artıb. Amma prosesin arzuolunan səviyyəyə çatması üçün bəzi boşluqlar var. 

Məsələn, qadın sahibkarlığının inkişafı üzrə kreditləşmə, vergiqoyma və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin tətbiq edilməsi bu işə böyük təkan verə bilər. O cümlədən, qadınların biznes təşəbbüslərinin dəstəklənməsi və onların biznesinə sərmayənin cəlb olunması, yeni bacarıqlar aşılayacaq təlimlərin regionda təşkili qadın sahibkarlığının inkişaf etməsinə əhəmiyyətli şəkildə dəstək olardı”.

Xalisə Şahverdi psixoloji faktorların qadınların biznes qurmasına ciddi əngəl törətdiyini deyir: “Qadına aid hər şey emosiya və duyğular üzərindən hesablanır, qadın rasionallıqdan uzaq tutulur. Tez–tez deyilir ki, biz kövrək və zəif məxluqlarıq. Qadının bir qoruyucuya və qorunmaya ehtiyacı olduğu düşüncəsi var. Cəmiyyətdə formalaşan bu kimi patriarxal, psixoloji təzyiqlər qadında özünə inamın olmamasına, özünü aşağı qiymətləndirməyə və başqalarından asılılığa gətirib çıxarır. Qadının kişidən sonra ikinci cins kimi qəbul edilməsi, habelə ədalətsiz mühafizəkarlıq, qadının özünü reallaşdırmasına və həyatını arzuladığı şəkildə idarə etməsinə maneə törədən amillərdir.

Qadınların əksəriyyəti cəmiyyətdə oturuşmuş stereotiplərin bir norma olduğunu qəbul edir, cinslərarası ədalətsizliyə və bərabərsizliyə gətirib çıxaran bu halı heç bir halda mühakimə etmir. Stereotiplərin yaratdığı çərçivələr isə qadının azad fərd, maddi və mənəvi cəhətdən müstəqil olmasını əhatələmir. Bu çərçivəni aşan qadınların hamısı irəli gedir, cəmiyyətdə həm bir fərd, həm də vətəndaş kimi hərtərəfli formalaşır. Qadınların irəli getmə, formalaşma, özünü realizə etmə kimi hallarının qarşısını alan bütün amillər, əslində, ciddi hüquq pozuntusudur. Qadının öz iradəsi ilə deyil, oturuşmuş stereotiplər çərçivəsində yaşaması təkcə onun yox, cəmiyyətin tənəzzülünə zəmin yaradır”.

Xalisə Şahverdinin fikrincə, davamlı biznesin qurulması sadəcə maliyyə dəstəyi yox, bilik və bacarıqların artırılmasına yönələn dəstək proqramlarını da əhatə edir: “Bu dəstəyi alan qadın sahibkarlıqda niyə də uğurlu olmasın? Hazırda sahibkarlıqda qadınların sayının azlıq təşkil etməsi sırf stereotiplər və sosial-iqtisadi amillərlə əlaqəlidir. Təkcə sahibkar qadınları dəstəkləməklə deyil, daha çox sayda qadının sahibkarlığa marağının artmasını təşviq etməklə ölkə iqtisadiyyatına ciddi töhfə vermək olar”.
 

Son xəbərlər

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

“Tahir Gözəllə bu barədə danışmamışam” - Qurban Qurbanov

Yağıntılar nə vaxt kəsiləcək?

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur

Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi

Rusiya Donetskə zərbə endirib: 2 nəfər ölüb

Xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlbi məsələsi I oxunuşda qəbul edilib

MM sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqının dövlət hesabına qarşılanmasını qəbul edib

Moldovanın Baş naziri Kiyevə gedib

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək

Həqiqətə qarşı sifarişli hücumlar və susmayan vicdan

Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib

Azərbaycanda pensiyaların nə qədər artacağı açıqlanıb

Milli maraqlarına zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq

Azərbaycan nefti cüzi bahalaşıb

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi

Rusiyanın vəziyyəti: miqrantların ümidinə qalan iqtisadiyyat və ordu - ŞƏRH

FHN gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Elza İbrahimovanın adı verilib

Ukrayna və Fransa birgə silah istehsal edəcək

Bütün xəbərlər