{category-title}
Sahil Babayevin bu qazimizdən xəbəri varmı? - Müalicə olunmaq üçün bankdan kredit götürdü
Aprel döyüşlərində yaralanan 1-ci qrup Qarabağ qazisi Amin Sadıqov “Hürriyyət”ə məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi oxucularımıza təqdim edirik:
“Mən, Sadıqov Amin 1990-cı ildə Gədəbəy rayonunda anadan olmuşam. 171 saylı hərbi hissənin 2-ci taborunun 5-ci bölüyündə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, manqa komandiri olmuşam. Göyçə gölü ilə üzbəüz dağda yerləşən Alagöllər postunda vətənimizin sərhədlərini qorumuşam.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun qış üçün odun tədarükü görmək məqsədi ilə hərbi hissəsimizin komandirinə verdiyi hazırlıq nömrə 1 döyüş tapşırığına əsasən odun doğramaq üçün 8-ci təminat bölüyünə endirilmişəm.
Döyüş tapşırığını yerinə yetirərkən odun onurğamı sındırıb, helekopterlə xəstəxanaya çatdırılmışam. 6 ay hərbi hospitalda müalicə olunmuşam, belimdən əməliyyat keçirmişəm və hospitaldan evə buraxılmışam.
Otura bilmədiyim üçün bir neçə ay yorğan-döşəkdə qaldım. Dövlət tərəfindən mənə 8800 manat kompensasiya verildi. Həmin məbləği müalicəmə, özəlliklə də uzun müddət uzanıqlı qaldığımdan bədənimdə açılan, ağrısından göz aça bilmədiyim yaraların sağaldılmasına xərclədim. Amma yaraların hamısını sağaltmağa pul çatmadığından (1 yaranın tam sağalması üçün 1500-2000 manat civarında maddi vəsait tələb olunur), bu gün də bir neçə açıq yara qalmaqdadır və mənə olmazın əziyyət verir. Üstəlik ayağımda bəz əmələ gəlib deyə ayağımı qatlayıb rahat otura bilmirəm.
Müalicəmi davam etdirmək məqsədi ilə Kapitalbankdan 10 min manat məbləğində kredit götürdüm. Bir müddət müalicə olundum. Döş qəfəsindən aşağı hissəni hiss etmirdim, heç otura bilmirdim, müalicədən sonra isə fasilələrlə əlil əlifbasında otururam, sol ayağımın üstünə qalxıb, qısa müddət ayaqda qala bilirəm.
Əlilliyə görə 574 manat pensiya, 250 manat da prezident təqaüdü alıram. Hər ikisi ömürlük təyin edilib. Amma hər ay 400 manata yaxın banka ödəniş etmək məcburiyyətindəyəm.
Əvvəllər hər ay 412 manat ödəyirdim, sonra ödəmə müddətini artırdılar. Əvvəl 10 min manata 4 min faiz gəlirdisə, indi 6 min gələcək(16 687 man). Aya 347 manat 61 qəpik ödəyirəm, hələ dörd il də ödəməliyəm. Ailəmizdə heç kəs işləmir. Atam, anam, həyat yoldaşım, iki azyaşlı övladım və mən bu pula möhtacıq. Artıq qeyd etdiyim kimi, bu məbləğin bir hissəsi aybaay banka ödənir, üstəlik, hərəkət etmədiyimdən yoğun bağırsağım fəaliyyətdən qaldığı üçün qarın nahiyəmə katetr və kisə qoyulub. Dediyim odur ki, vəziyyətim çox ağırdır, maddi durumumuz acınacaqlıdır.
Ən ucuz dərmanımın qiyməti 12 manata yaxındır. O da ki, heç bir həftəyə bəs etmir. Dörd günə bir qutu dərman istifadə olunub qurtarır.
“Kapitalbank”ın rəhbərliyindən xahiş edirəm ki, mümkünsə ya borcumun ödəmə müddətini artırsınlar, ya da tutulan faizi azaltsınlar.
Sumqayıt şəhərindəki özəl klinikalardan birində çalışan yəhudi həkim məni ayağa qaldıracağına söz verib. Bunun üçün məndən 30 min manat istəyib. Bu məbləği 6 ay ərzində hissə-hissə, yaxud birdəfəlik ödəməliyəm. Amma imkanım olmadığı üçün bu variantlardan heç birini seçə bilmirəm, vəziyyətim isə günü-gündən ağırlaşır.
Hazırda ailəmlə birgə Gədəbəy rayonunun Şahdağ kəndində, atamın ata yurdunda yaşayıram. Müalicəmi davam etdirmək üçün atam yaşadığımız evi satışa çıxarmışdı. Amma Bakıda yaşayan bibilərim buna etiraz etdi, atama “dədə-baba yurdumuzu sata bilməzsən, oğlun dövlətə xidmət edib, indi qoy dövlət qayğısına qalsın”,-dedilər. Məhkəmədə iddia qaldırıb məni qeydiyyatdan çıxartdırdılar. Hazırda heç yerdə qeydiyyatım yoxdu, havadan asılı vəziyyətdəyəm, yay aylarında bibilərim ailələri ilə birgə bura gələcək, o zaman mən ailəmlə birgə evdən çıxmalı olacağam, getməyə isə yerim yoxdur.
Prezidentimiz İlham Əliyevdən, 1-ci vitse-prezident Mehriban xanımdan, aidiyyati qurumlardan xahiş edirəm, tam müalicə olunub ayağa qalxmağım üçün mənə yardım etsinlər”.
Müəllifdən: Vətən uğrunda sağlamlığını itirən gənc qazinin məktubunu ürək ağrısı ilə oxuduq, redaksiyamıza yolladığı fotolar isə bizi dəhşətə gətirdi. İki övlad atası, vətəninin bütövlüyünü qorumağı özünə peşə seçən mərd Azərbaycan oğlu bu gün ağır durumdadır. Bədənindəki yaralar ona əzab verir, 3 ildir hərəkətsiz qalıb, ailəsini dolandıra bilmir. Dövlətin ona ayırdığı pulun böyük hissəsini aybaay banka verməli olur. Bütün ailə və yorğan-döşək xəstəsi olan qazimiz aclıq və səfalət içində yaşayır.
İnanırıq ki, nə ölkə başçımız, nə də birinci vitse-prezidentimiz vətən yolunda sağlamlığını itirən qazimizin düşdüyü ağır duruma biganə qalmayacaq. Azərbaycanda qazilərə hər zaman xüsusi diqqət və qayğı göstərilib.
Biz də öz adımızdan cənab İham Əliyevə və Mehriban xanım Əliyevaya, eləcə də aidiyyati qurumlara müraciət edərək, onlardan 1-ci qrup Qarabağ qazisi Amin Sadıqova yardım etmələrini xahiş edirik.
“Kapitalbank”ın rəhbərliyindən isə qazimizin müalicə üçün götürdüyü 10 mini ona bağışlamağı xahiş edirik. Bağışlamaq mümkün deyilsə, heç olmasa, faiz silinsin. Milyonlarla aylıq gəliri olan bir bank sağlamlığını itirən qaziyə belə kiçik bir güzəşt etməklə kasıblamaz, əksinə bu hərəkəti ilə çoxlarına gözəl örnək olar.
Gənc qazimizin yenidən sağlamlığına qovuşması üçün cəmi 30 min manat tələb olunur. Azərbaycan kimi zəngin yeraltı və yerüstü sərvətləri olan bir ölkə üçün 30 min manat çox cüzi bir məbləğdir. Heç kəs üçün sirr deyil ki, bu məbləğ yüksək vəzifəli məmurlarımızın az qala gündəlik yemək puludur. Söhbət isə bir insan həyatından, bir gəncin, iki azyaşlı övladı olan atanın gələcəyindən gedir.
Vətən uğrunda canından keçən, sağlamlığını itirən oğul və qızların özlərinə və ailələrinə qayğı, diqqət göstərmək xeyriyyəçilik deyil, borcdur, dövlətin borcudur.
Bu gün şəhidlərimizin ailəsi, sağlamlığını itirən qazilərimiz dövlət qayğısından kənarda qalarsa, sabah heç bir soydaşımız öz övladını vətəni qorumağa yollamaz.
İnanırıq ki, qazimizin harayı cavabsız qalmayacaq, ən tez zamanda dövlətimizin dəstəyi ilə sağalıb ayağa qalxacaq və sağlam canla ailəsinə qovuşacaq qeyrətli vətən oğlu.