{category-title}
"Palmali" şefi ilə bağlı ilginc iddialar... - Belə deyirlər...
Bir müddət əvvəl Azərbaycan əsilli oliqarx Mübariz Mənsimovun siyasətə meyllənmək cəhdlərindən yazmışdıq. Onun siyasətlə məşğul olmaq istəməsi təəccüblü deyil. Ancaq maraqlıdır ki, M.Mənsimov, başqa iş adamları kimi, öz hobbisini vətəndaşı olduğu ölkədə deyil,
Azərbaycanda həyata keçirməyə çalışır. Son zamanlar xüsusilə də sosial şəbəkələrdə aktivləşən M.Mənsimov Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedə dayanan müxalif liderlərindən heç nəyi ilə fərqlənməyən mövqelər sərgiləməyə başlayıb. Bu fəaliyyətin yeni başladığı zamanda adamda sual yaranırdı: milyarder kimi qələmə verilən bir adamın sosial şəbəkələrdə vaxt keçirməyə bu qədər zamanı hardandır? Güman edilirdi ki, yəqin onun adından yaradılan saxta profillər bu işlə məşğuldurlar. Sonra işin arxsından Mənsimovun özü çıxanda, adamda ilk olaraq belə təəssürat yarandı ki, onun işləri heç də yaxşı getmir. Çünki yalnız nəyi var əlindən çıxan biri sosial şəbəkələrdə belə kin-küdurət, qəzəb püskürə bilərdi. Son bir ildə onun virtual fəaliyyətini təhlil etdikdə görünür ki, Mübariz Mənsimov Azərbaycan dövlətinə qarşı hansısa kampaniyaçılığın aparıldığı dönəmdə aktivləşməyə başlayır. Bizim radikal müxalif dairələr isə ona pullu şikar gözündə baxaraq, hər vasitə ilə özünə cəlb etmək istəyirlər. Bu xüsusda ona verilən media dəstəyi siyasətdə diletant olan iş adamını daha da həvəsləndirir və bundan təsirlənərək tənqidin dozasını get-gedə artırmağa başlayır. Mənsimov, əslində, bütün Azərbaycan hakimiyyətini hədəf alan açıqlamalarını SOCAR üzərindən edir. Hədəf olaraq SOCAR-ı seçir və həmin mövzuda sadə vətəndaşların psixikasına hesablanan populist çıxışlar edir. Son paylaşımlarında isə təhqirə, söyüşə, hətta şantaja keçib.
Axırıncı açıqlamasında M.Mənsimov qeyd edib ki, Azərbaycanda olan bəzi məmurlar hələ də anlamırlar ki, onlarla məşğul olmağa başlamayıb: “Əgər mən sizə cavab verməyə başlasam, öncə arxasına sığındığınız dövlət sizdən hesabat tələb edəcək. Bunun da zamanı gələcək.
Birincisi, məni müxalifətçi adlandıranlara üz tutub soruşuram: doğrunu demək, birliyə, əl tutmağa çağırmaq nə zamandan müxalifət olmaq olub? Nə vaxtdan SOCAR-a söz deyəndə dövlətə qarşı çıxmış olursan?! Qazın limitlə xalqa, erməni kilsələrinə pulsuz verilməsini mən demirəm. Bir-birimizə necə nifrət və paxıllıq etdiyimizi də deməyə ehtiyac yoxdur. Bu, bariz ortada.
Təbii, sizin üçün, şərəfini pula satan köpəklər üçün bulağın suyunun quruması faciədir. Nəsə yazmalısınız, yazın. Amma belə absurd yazılar deyil. Bir zamanlar bir neçə bəy əfəndi mənə belə bir şey demişdi. Bir jurnalist var, gördüm məndən yazmağa başladı, köpək kimi ağzına pul atdım, hürməyi dayandı. Sizdən deyirdi…
Beyinsizlər, deyim bir daha bilin ki, mənim heç erməni ortağım olmayıb, olmayacaq da. Mən bir erməni bici ilə bir masaya oturmadım. Qaldı adını yazdığınız o erməniyə, bəli, rastlaşmışıq. Onu eşşək kimi döydüyümü Türkiyədə hər kəs bilir. Necə ki, ermənilərin 1 nömrəli düşməni olduğumu.
SOCAR-a gəldikdə, kimin kimə ziyan vurduğunu və kimin kimdən oğurluq etdiyini İngiltərə məhkəməsi müəyyən edəcək. “Palmali” SOCAR-ı külli miqdarda ziyan vurduğuna görə məhkəməyə verib. Ey ucuz adamlar!”
Göründüyü kimi, M.Mənsimovun bu açıqlamasında təhqir, şantaj notları açıq-aydın sezilir. Bir müddət əvvəl M.Mənsimov birdən-birə durub dedi ki, tankerlərinə Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adını vermək qərarına gəlib. Onda da bu hərəkəti təhlil etdik. Haqlı olaraq ona sual etdik ki, bu iki şəxsiyyətin adı tankerdən də böyük yerlərə verilməyə layiqdir, ancaq sizin yadınıza niyə indi düşüb? Doğrudan da maraqlı idi ki, bəyəm bu günədək M.Mənsimovun yalnız indi “kəşf” etdiyi tarixi şəxsiyyətlərin adı gündəmdə olmayıb? Nə əcəb sabiq MTN şefi Eldar Mahmudovun atasının adına tanker düzəldib okeana buraxanda Rəsulzadə ilə Elçibəy yada düşmürdü? Elə həmin vaxt da bizim bu sorğumuza M.Mənsimov urapatriotik tərzdə cavab vermişdi, guya tanımadığımız iki tarixi şəxsiyyətin uğurlarını nəzərə çatdırmaqla kifayətlənmişdi. Yəqin ki, M.Mənsimov öz hərəkətlərindəki qərəzi görə bilmir. Amma kənardan bu aydın sezilir. İlk olaraq sual olunur: Mənsimov əvvəl dost olduğu SOCAR və onun rəhbərliyinə qarşı niyə belə aqressivdir? Aparılan araşdırmalar göstərir ki, bunun obyektiv səbəbləri var.
Mənsimovun “Palmali” şirkəti ilə SOCAR arasında tərəfdaşlığın tarixi 2000-ci illərin ortalarından başlayıb. Sonra Mənsimovun SOCAR qarşısında müəmmalı şəkildə böyük borcları yaranıb. Azərbaycan Dövlət Neft Şirkəti həmin borcların əvəzində “Palmali”nin 14 tankerini və digər aktivləri alıb. Üstəlik, bu aktivlərin alınmasından sonra belə, “Palmali”nin SOCAR-a nəhəng borclarının qaldığı haqda xəbərlər var. Bir vaxtlar Mənsimov aktivlərinin əlindən çıxmasına görə SOCAR-ı beynəlxalq məhkəmə ilə hədələyirdi, amma sonradan bundan vaz keçməli oldu. Əvəzində sosial şəbəkələr üzərindən müxalifətçiliyə başladı.
Maraqlıdır ki, Mənsimovun SOCAR-a ünvanladığı şantajlardan biri də “erməni kilsələrinə verilən qazla” bağlıdır. Bir qədər patriotik səslənən bu şüarla Mənsimov transver etdiyi sosial şəbəkələrdə özünə çoxlu “ura” qazanmış olur. Bəs görəsən Mənsimov doğrudanmı ermənilərə bu qədər nifrət bəsləyir, yoxsa bu da pafosun bir hissəsidir? Aparılan araşdırmalar göstərir ki, burda da Mənsimov səmimi deyil. Çünki onun ABŞ-dakı erməni diasporunun nüfuzlu nümayəndələrindən biri, mafioz Levon Termencyanla ortaqlığı barədə faktlar, sənədlər ortaya çıxıb.
L.Termencyan ABŞ-da kommersiya və yaşayış məqsədli daşınmaz əmlak biznesi ilə məşğul olan “SBK Holdings” adlı şirkətin sahibidir, şirkətin 800 milyon dollarlıq aktivləri var. ABŞ mediasının yazdığına görə, Termencyan bu ölkənin Daxili Təhlükəsizlik Departamenti tərəfindən “çirkli pulların yuyulmasına”, vergidən yayınmaya və neft oğurluğuna görə istintaqa cəlb edilib. Mənsimov Termencyanla tərəfdaşlığını heç vaxt təkzib etməyib.
Çox maraqlıdır ki, Mənsimov biznesinin batmasının səbəbini SOCAR və Azərbaycanda gördüyü üçün, belə aqressiv mövqe ortaya qoyur. Əslində isə bunun səbəblərini İraq və Suriya ərazisi vasitəsilə apardığı şübhəli maliyyə əməliyyatları və biznesində axtarmalıdır. Dünyanın ən qüdrətli ölkələri tərəfindən fiksə olunan həmin məlumatlardan sonra Mənsimov çökməyə başladı. Burda SOCAR və Azərbaycanın nə günahı ola bilər ki?
Məhəmmədəli QƏRİBLİ (Bakı-Xəbər)