{category-title}

Sənaye korporasiyasının gizli saxlanılan mülkiyyəti - MÜBHƏM

 

Azərbaycan Sənaye Korporasiyası (ASK) ASC 2017-ci ilin noyabrında, Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli aktivlərini idarə etməkdən ötrü yaradılıb (https://president.az/articles/25744). Sağa-sola payladığı kreditlərin geri qayıtmaması 2015-ci ildə ABB ASC-nin çöküşü ilə nəticələnmişdi. “Problemli aktivlər” kimi tanınan borclar 2015-ci ilin iyulundan 2017-ci ilədək “Aqrarkredit”ə (Bank Olmayan Kredit Təşkilatı) ötürülmüşdü. “Aqrarkredit” QSC isə bu borclar üzrə tələb hüququna görə Mərkəzi Bankdan milyardlarla manat vəsait alıb, ABB-yə ödəyirdi. Nəhayət, 2017-ci ilin sonunda aktivləri idarə etmək məqsədilə ASK ASC yaradıldı.

Bəs bu illərdən dövlətə qalan nə oldu? ABB-dən miras qalmış aktivlərin idarə olunmasından nə qədər vəsait əldə edildi? Aktivlərin siyahısı hanı? Bu haqda cəmiyyətə məlumat verən yoxdur, nə “Aqrarkredit”, nə də hökumət danışır. Ortada yalnız “epizodik” informasiyalar dolaşır. ABB-yə rəhbərlik edən şəxslərin və kredit alan şirkətlərə başçılıq edənlərin məhkəmə proseslərinin gedişində bu şirkətlər və onlara məxsus əmlak barədə ötürülən epizodik informasiyalar…

ASK-nın idarəetməsində 51 şirkət varmış

“Açıq Azərbaycan” ASK-nın balansına keçmiş kommersiya qurumlarının və onları idarə etməkdən ötrü yaradılmış şirkətlərin siyahısını əldə edib. Məlum olub ki, ASK-nın idarəetməsində 51 şirkət var, ancaq korporasiya onların çoxunun indiki durumu haqda məlumat vermir.

Sənaye korporasiyasının gizli saxlanılan mülkiyyəti - MÜBHƏM
“Aqrarkredit” QSC-nin ABB-dən aldığı və borcların əvəzində əldə etdiyi əmlak 2017-ci ilin dekabrında, prezident fərmanı ilə (https://president.az/articles/26158) ASK-nın mülkiyyətinə ötürülüb. “Aqrarkredit”ə verilən tapşırığa görə, fərman imzalandıqdan sonra ABB-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə olunacaq, Azərbaycan ərazisində yerləşən və “Aqrarkredit”in balansına veriləcək əmlaklar da ASK ASC-nin mülkiyyətinə keçməli idi. Fərmanın əlavəsində hüquqi şəxslərin ASK-nın mülkiyyətinə verilən əmlaklarından da bəhs edilirdi. Lakin söhbətin hansı əmlaklardan getdiyi açıqlanmadı. ASK-nın nəzarətinə keçən şirkətlərin adı nə fərmanda, nə də ki başqa rəsmi dövlət informasiya resursunda göstərildi. “Aqrarkredit” ABB-dən aldığı amlaklarla bağlı suallara cavab verməkdən yayındı. ASK-ya göndərilən informasiya sorğusu ilə də əmlakların siyahısını əldə etmək mümkün olmadı. Yalnız İnsan Hüquqları üzrə Müvəkkilin müdaxiləsindən sonra siyahı aşkara çıxdı.

ASK özünün korporativ internet səhifəsində mülkiyyətindəki 51 şirkətdən cəmi 13-ü barədə məlumat verir (http://ask.gov.az/internal). Yerdə qalan şirkətlərin fəaliyyəti, yaxud idarəçiliyi haqda məlumat yoxdur.

3,8 milyard manat kreditin arxasındakı 673 milyon manat

Siyahıdan göründüyü kimi, burda “dişə dəyən” müəssisələr Gəncədəki alüminium zavodu, Şəki ipək kombinatı, “CTS-Aqro” pambıqçılıq kompleksi, “İnter Tobakko” tütünçülük şirkəti, “İnter Glass” şüşə zavodu, Mingəçivirdəki “İzolit” zavodu və Sumqayıtdakı “İntertextile” fabrikidir. Mənzil-tikinti kooperativləri (“Abidə” https://goo.gl/6Rmg3N, “Ümid”, “Ocaq”, “Oğuz” və s.) və inşaat şirkətləri (“General Construction”, “Aygün İnşaat” https://goo.gl/XD4JF6, “Qrin Hill” https://goo.gl/896gfe, “Mekon” https://goo.gl/nNDiH3, “Alfa Layn” https://goo.gl/d5qQUy, “Alfa Construction” MMC-lər) ABB-nin keçmiş rəhbərliyi tərəfindən yaradılıb. Onlara ayrılan kreditlər (milyonlarla manat) Azərbaycandan müxtəlif yollarla çıxarılıb, ya da israf edilib.

Dövlət mülkiyyətinə keçən əmlaklar arasında Xəzər dənizində şəhər salmaq iddiasında olan Hacı İbrahim Nehrəmliyə məsxus “L.M.T” MMC, “A.M.A.Y” şirkətlər qrupunun sahibi Abdulla Abdullayevə aid “Xudafərin” MMC də var.

ASK-ya ötürülən aktivlərlərdən biri də “Adelaide Park Holdinqs Ltd” MMC-dir. Bu şirkəti Xəqani Bəşirovun (ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin dostu, ABB-nin çökməsində xüsusi “əməyi” olmuş şəxs) Britaniyadakı “Adelaide Park Holdings Ltd” şirkəti, 2007-ci ildə təsis edib. Azərbaycanda, həm də 40 milyon dollarlıq kapitalla yaradılmış “Adelaide Park Holdinqs Ltd” MMC-nin hansı işlə məşğul olması barədə informasiya yoxdur. Britaniyanın şirkətlər reyestrindən ana şirkət barədə geniş məlumat əldə etmək mümkündür. Sənədlərdə göstərilir ki, şirkət 2016-cı ilin noyabr ayında Azərbaycan hökumətinin nəzarətinə keçib (https://goo.gl/Zc1txZ). Britaniyadakı “Adelaide Park Holdings Ltd” həm də Moskvadakı “Aqro İnvest” MMC-nin (https://goo.gl/9iwxtT) sahibidir. Ancaq “Aqro İnvest” hazırda ləğv edilir. 2017-ci il, 31 mart tarixli maliyyə hesabatına görə, ana şirkətin 42,4 milyon funt borclarına qarşı satılabilən aktivlərinin dəyəri 25,4 milyon funt olub.

2017-ci ilin dekabrında ASK-nın balansına 3 milyard 854,3 milyon manat məbləğində problemli aktiv verilmişdi (nizamnamə kapitalının formalaşdırılmasından ötrü). Bu, dövlətin öhdəliklərinin – ABB-nin xarici kreditorlarının tələblərini ödəmək məqsədiylə üzərinə götürdüyü öhdəliklərin həcmi qədər idi. 2019-cu ilin yanvarında ASK öz aktivlərinin dəyərini elan etdi. “Ernst & Young Holdings” və “KPMG Azerbaijan Limited” şirkətlərinin iştirakı ilə aparılan qiymətləndirmə, korporasiyanın mülkiyyətindəki əmlakın bazar qiymətinin 673 milyon manat olduğunu təsdiqlədi. Əslində bu məbləğ ASK rəhbərliyinin etirafı idi, ABB-dən miras qalmış problemli aktivlərin 82,5 faizinin bir daha geri qayıtmayacağı etirafı…

Bu şirkətlərin adları ASK-dan əldə edilib. “Açıq Azərbaycan”ın apardığı tədqiqatlar göstərir ki, əslində ABB-dən miras qalan şirkətlərin idarə olunması məqsədilə yaradılan şirkətlər daha çoxdur. Vergilər Nazirliyinin tərtib etdiyi reyestrdə onların bir neçəsini tapmaq olar. Bu şirkətlər ABB-nin problemli aktivləri “Aqrarkredit” QSC-yə ötürüləndən sonra yaradılıb. Və adlarından göründüyü kimi, ASK ASC-nin yaratdığı şirkətlər əvvəlkiləri təkrarlayır.

2017-ci ilin noyabrında ASK-nın yaradılması “uğurlu inkişafın təmin edilməsi üçün”, … dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balansına götürülmüş əmlakın daha səmərəli idarə olunması zərurəti ilə izah olunmuşdu. Korporasiya yaradılarkən qarşıya həm də korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrini yaratmaq kimi məqsədlər qoyulmuşdu. Bəs korporasiya bu məqsədlərə nə vaxt çatmaq niyyətindədir, buna nə qədər vaxt lazımdır? Belə suallara, hələ ki, cavab yoxdur. Üstəlik, korporasiyada şəffaf idarəetmə sisteminin olmadığı aydın görünür. Elə şəffaflıq və hesabatlılıq olmadığına görə bir vaxtlar uğurlu inkişafın nümunəsi kimi göstərilən alüminium, şüşə, ipək, tekstil və s. istehsalı müəssisələri indi problemli aktivlərə çevrilib.

Hafiz Babalı, araşdırmaçı jurnalist
Mənbə: openazerbaijan.org 

Son xəbərlər

İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur

İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

Bütün xəbərlər