{category-title}
Ağaisa Mahmudov: Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi günlərində müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən, xalq qarşısında misilsiz xidmətləri bütün dünya azərbaycanlılarının yüksək ehtiramı ilə ölkəmizin hər yerində və onun hüdudlarından kənarda geniş qeyd olunur.
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli Sərəncamı ilə ümummilli liderimizin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, onun zəngin irsinin təbliği qərara alınmışdır. Yubiley ərəfəsində ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir.
Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.
Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi super dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə orada da kəskin fərqlənmişdi. Heydər Əliyev görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi ən yüksək vəzifəyə çəkilməyə layiq bilinirdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur.
Xalqımız 20 yanvar faciəsini yaşayarkən ümummilli liderimiz çoxlarının cürət etmədiyi qətiyyət göstərib Moskvada sovetlər birliyi rəhbərliyini ifşa etdi, imperiya siyasəti əleyhinə çıxdı, doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirdi.
Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.
Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.
Təsadüfi deyil ki, 1993-cü ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan ulu öndər 1997-ci ildə deyəcək: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".
Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. "Dövlət - dövlətçiliyi qorumalıdır" fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarzəyə başlanıldı.
Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu.
Müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi.
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı.
Demokratik hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi.
Cəmiyyətin siyasi sistemi və konstitusion idarəetmə üsulu barədə üç əsr bundan əvvəl siyasi filosoflar Lokk, Humbolt, Monteskyö fikirlər söyləmişlər. Müasir konstitusiyalar yaranana qədər - hələ XVIII əsrin axırlarından Avropa və Amerikada ilk konstitusiya sənədləri meydana çıxmışdı.
Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.
Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir.
"Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik" - deyən ulu öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosoflarının elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.
Danılmaz faktdır ki, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir. Dahi rəhbər qeyd olunan Komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında demişdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".
Həqiqətən də, bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.
İlk dəfə olaraq Konstitusiyamızda fransız siyasi mütəfəkkiri Mönteskyonun irəli sürdüyü və demokratik hüquqi dövlətlərin inkişafında böyük rol oynamış hakimiyyət bölgüsü prinsipi təsbit olundu.
Bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı.
Qeyd olunmalıdır ki, həmin dövrdə ölkəmizdə müxtəlif sahələr üzrə islahat komissiyaları yaradılsa da, hüquqi dövlət quruculuğuna və hüquq sisteminin islahatına müstəsna əhəmiyyət verən ümummilli liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü və islahatlara şəxsən rəhbərlik etdi.
Prokurorluq totalitar rejimə xas olan bütün səlahiyyətlərdən məhrum edilərək, demokratik cəmiyyətə uyğun yenidən qurulmuş, onun əsas funksiyası cinayət təqibini həyata keçirmək və çəkişmə prinsipinə tam uyğun olaraq dövlət ittihamını müdafiə etməkdən ibarət olmuşdur.
Gərgin fəaliyyət nəticəsində "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.
İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderimizin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.
Təsadüfi deyil ki, dünyanın onlarla nüfuzlu elm və təhsil ocağı ümummilli liderimizin dövlət quruculuğu sahəsində dərin elmi yanaşmanı, zəngin nəzəri biliklərinin və bunun təcrübədə məharətlə tətbiqini nəzərə alaraq dahi Heydər Əliyevə fəxri doktor və professsor elmi adları verməyi özlərinə şərəf bilmişlər.
Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.
Ümummilli liderimiz 3 fevral 1998-ci il tarixli müraciətində deyirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Bir qədər sonra, həmin ilin dekabrında BMT-nin Ümumdünya insan hüquqları bəyannaməsinin 50 illik yubileyi tədbirində bu addıma qiymət verərək, o demişdi: "Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir".
Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanmaqla şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu. Ölüm cəzasının ləğvi Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu bir daha sübut etdi.
Çoxdan unudulmuş əfv və amnistiya institutlarının ulu öndər tərəfindən bərpası da olduqca mühüm əhəmiyyətə malikdir. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Minlərlə məhkumun əfv və amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətdə mənəvi dəyərlər, humanizm hissi aşılamışdır.
Bu humanizm ənənələrinə sadiqlik dövlət başçımız cənab İlham Əliyevin də fəaliyyətinin əsas prioritetlərindən olmuş, onun tərəfindən 2500-dək məhkum əvf edilmişdir. Həmçinin, böyük qürur hissi ilə deyə bilərik ki, ümummilli liderimizin adını daşıyan fond tərəfindən həyata keçirilən bəşəri əhəmiyyətli insanpərvər layihələr, öz xeyirxah əməlləri ilə bütün dünyada Heydər Əliyev irsini layiqincə təbliğ edən Fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə minlərlə şəxsə şamil olunmuş amnistiya aktlarının qəbul edilməsi, dövlətimizin humanist siyasətinin daha bir təzahürüdür.
Yeri gəlmişkən, ulu öndərin 90 illik yubileyi münasibəti ilə Azərbaycanın birinci xanımı tərəfindən növbəti belə bir humanist təşəbbüs göstərilmiş və mayın 7-də qəbul olunmuş amnistiya aktı neçə-neçə ailəyə hədsiz sevinc bəxş etmişdir.
Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Məhz buna görə də Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.
Qeyd olunmalıdır ki, məhkəmə hakimiyyəti əsas tarazlaşdırıcı mexanizm kimi dövlət hakimiyyəti sistemində qanunvericilik və icra hakimiyyətini hüquqi çərçivədə istiqamətləndirir. Və hər şeydən əvvəl, konstitusion qaydaların pozulmasının qarşısını alan, bununla da real hakimiyyətlər bölgüsünü təmin edən məhdudlaşdırıcı amil kimi çıxış edir.
1995-ci ildə Konstitusiyamızın qəbulu ilə ölkəmizdə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, o cümlədən hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq qanunverici və icra hakimiyyəti ilə eyni statusu əldə etdi.
Təbii ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq mümkün olmazdı. Belə məhkəmə hakimiyyəti yaratmaq üçün isə ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatları aparılmalı idi.
Bütün bu reallıqları dərindən təhlil edən və nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" yeni Qanun qəbul edildi. Həmin qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında proqram xarakterli Fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı.
Ədalət mühakiməsinin həyata keçirilməsinin hüquqi əsaslarının ilk öncə İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə, Mülki və Siyasi hüquqlar haqqında beynəlxalq paktlarda, və həmçinin, İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasında və yeni Konstitusiyamızda yer almış prinsip və normalara uyğunlaşdırılması bu prosesin vacib tərkib hissəsi idi.
Dahi öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı.
Bu sistemin üstünlüyü ondan ibarətdir ki, o, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verir. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır.
İslahatların gedişində Ali Məhkəmənin də funksiya və səlahiyyətlərinə yenidən baxıldı və o, ümumi və ixtisaslaşmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə sırf kassasiya instansiyası məhkəməsinə çevrildi və beləliklə, aşağı məhkəmələrin qərarlarına nəzarət etməkdən, işlərə birinci instansiya məhkəməsi kimi baxmaqdan azad olundu.
Bu zaman məqsəd ondan ibarət idi ki, ali instansiya məhkəməsinin rolu, alimlərin təbirincə desək, artıq baş tutmuş ədalət mühakiməsinə müdaxilədən daha çox hüquqtətbiqi mövqelərinin yaradılması, məhkəmə təcrübəsinin stabilləşdirilməsi kimi mühüm məsələlərə yönəldilsin və bu məhkəmə yalnız qəbul edilmiş qərarlara qiymət versin.
Qeyd olunmalıdır ki, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən oldu. Bu islahatın fəlsəfəsi ondan ibarət idi ki, insanın ən mühüm hüquqlarını məhdudlaşdıran tədbirlər cinayət təqibi orqanı tərəfindən deyil, müstəqil məhkəmə tərəfindən seçilsin, həbsə məruz qalan şəxsin hüquqlarının real müdafiəsi, eyni zamanda həmin sahədə cinayət təqibi orqanının fəaliyyətinə məhkəmə nəzarəti təmin olunsun.
Bunun davamı olaraq, insan haqlarını məhdudlaşdıran digər qərarların qəbulu da məhkəmələrin səlahiyyətinə aid edildi, məhkəmə üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə demokratik məhkəmə nəzarəti institutunun formalaşdırıldı. Bütün bunlar məhkəmə-hüquq islahatının Heydər Əliyev konsepsiyasının əsasını təşkil etməklə bu sahədə aparılan islahatların mühüm nailiyyətlərindəndir.
Məhkəmə islahatlarının gedişində həmçinin, məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün mənəvi cəhətdən saf, yüksək biliyə malik hakim korpusunun formalaşdırmasına böyük ehtiyac yaranmışdı. Bu məqsədlə, 1998-ci ildə Prezident yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis edildi. Başqa sözlə, bugünki, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının möhkəm bünövrəsi yaradıldı.
Görülən tədbirlər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparıldı və nəticədə hakim korpusu 60% təzələndi.
Ulu öndərimiz həmin il Vaşinqtona səfəri zamanı beynəlxalq konfransda ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarını belə qiymətləndirmişdi: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu".
Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam edir.
Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır. Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin ən şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanmışdır. Çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən ibarət olan bu seçim xüsusi şəffaflığına, obyektivliyinə və saflığına görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilmiş və digər dövlətlərə tövsiyə edilmişdir.
Əhalinin məhkəmələrə çatımlığının yaxşılaşdırılması məqsədilə 20-dək yeni regional məhkəmə, o cümlədən apellyasiya məhkəmələri və inzibati ədliyyə sistemi yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmış, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə əsaslı tədbirlər görülmüşdür.
Belə ki, Azərbaycanda aparılan məhkəmə islahatlarının tərəqqisini və uğurlu nəticələrini görən Dünya Bankının təşəbbüsü əsasında Ədliyyə Nazirliyi ilə birgə "Ədliyyə sisteminin müasirləşdirilməsi" Layihəsi həyata keçirilərək, 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, son illər 4 rayon məhkəməsi üçün yeni bina inşa olunaraq istifadəyə verilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinə real təminatlar yaradan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Bakı şəhəri Yasamal və Oğuz rayon məhkəmələrinin açılışlarında şəxsən iştirakı və görülən işləri yüksək qiymətləndirməsi olduqca əlamətdar olmuşdur.
Eyni zamanda, tərkibində bir neçə məhkəmənin fəaliyyət göstərəcəyi Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon məhkəməsi üçün yeni binanın inşasına başlanılmışdır.
Müasirliyi və bir çox yenilikləri ilə fərqlənən yeni məhkəmə binaları milli memarlıq üslubunda müasir standartlara uyğun inşa olunur və ən son və yüksək keyfiyyətli rabitə və informasiya texnologiyaları ilə təchiz edilir. Bu binaların ilk dəfə olaraq inzibati və ictimai zonalara ayrılması isə hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlərin qarşısının alınmasına xidmət verir.
Mütərəqqi məhkəmə islahatlarının məntiqi nəticəsidir ki, Azərbaycan Hökuməti və Dünya Bankı ilə əməkdaşlığın 20 illiyinin qeyd olunduğu ötən ildə "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi Dünya Bankının ən uğurlu və mükəmməl layihələrindən hesab olunmaqla "Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasında qalib gəlmişdir.
Həyata keçirilən hüquqi dövlət quruculuğu prosesi, genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalətli cəmiyyətin, demokratik hüquqi dövlətin qurulmasına yönəlmişdir. Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulması güclü ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır.
Məhz belə ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi və onun hər kəs tərəfindən icrası etibarlı təmin olunur. Bu gün Azərbaycan ədliyyəsinin tarixinə nəzər salanda görürük ki, nazirlik hələ Sovet hakimiyyəti dövründə bir neçə dəfə ləğv edilib yenidən yaradılsa da, onun əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin dövrdə ölkədə ədliyyə işinə böyük önəm verən dahi rəhbər tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyəti yenidən təşkil olunmuş və bununla da Azərbaycan ədliyyəsi tarixində yeni mərhələ başlanılmış, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdı.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.
İlk növbədə penitensiar müəssisələrin Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırıldı. Bu addımın atılmasında məqsəd məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək idi.
Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin müstəsna əhəmiyyəti nəzərə alınaraq Nazirliyin tərkibində icra xidməti institutu təsis edildi, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olundu.
Azərbaycan tarixinin Heydər Əliyev dönəmində ilk dəfə olaraq yerli özünüidarə orqanları kimi bələdiyyə institutu formalaşmış və bələdiyyələrə metodoloji yardımın göstərilməsi, eləcə də inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə tapşırılmışdır.
Ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artdı və o, hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunması da dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürü olmuşdur.
Məhz ümummilli liderimizin başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmiş, onun təməlini qoyduğu hüquqi islahatlar bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Son illər ədliyyə sisteminin müasirləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatlar nəticəsində Ədliyyə Nazirliyinin səlahiyyətləri genişləndirilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Ədliyyə orqanlarının inkişafı haqqında fərmanın, Dövlət Proqramının, habelə nazirliyin Əsasnaməsinin və qulluq keçmə haqqında yeni Qanunun qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir.
Nazirliyə bir çox yeni vəzifələr həvalə edilmiş, əhalinin dövlət reyestrinin formalaşdırılması kimi mühüm vəzifənin öhdəsindən layiqincə gəlinərək, son 75 il ərzində vətəndaşlıq vəziyyətini müəyyən edən 15 milyondan çox akt qeydinin nəhəng iş sayəsində elektron formata keçirilmişdir.
Sahibkarlıq sahəsində yoxlamaların reyestrindən danışarkən ilk öncə qeyd olunmalıdır ki, dahi öndər Heydər Əliyev tərəfindən hələ 1996-cı və 1999-cu illərdə əsassız yoxlamaların və sahibkarlıq sahəsində süni maneələrin aradan qaldırılması haqqında imzalanmış fərmanlar ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynamışdır. Həmin tədbirlərin məntiqi davamı olaraq 2010-cu və 2011-ci illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən sahibkarlıq sahəsində yoxlamaların nizama salınması barədə fərmanlar imzalanmış və bu sahədə mühüm reyestrin aparılması da Ədliyyə Nazirliyinə etibar olunmuşdur.
Bununla yanaşı, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, ölkəmizin nailiyyətlərinin geniş təbliğ olunması məqsədi ilə nazirlik tərəfindən beynəlxalq hüquqi əməkdaşlığa mühüm əhəmiyyət verilir, nazirlik 13 çoxtərəfli, 60-dək ikitərəfli müqavilə və nazirliklərarası sazişlərdən irəli gələn öhdəliklərin icrasını həyata keçirir.
Kadr korpusunun yüksək hazırlıqlı hüquqşünaslar hesabına formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Burada ulu öndərimizin: "Sağlam mənəviyyat qanun keşiyində duran hər bir məmurumuz üçün əsas meyar olmalıdır" sözlərini xatırlatmaq istərdim. Ümummilli liderimizin bu meyarları nazirliyin kadr işində daim diqqətdə saxlanılır. Ədliyyə orqanlarına qulluğa qəbul açıq müsabiqələr vasitəsilə keçirilir və dövlət orqanları arasında ilk dəfə olaraq imtahanlar artıq internetdə canlı yayımlanır. Həmçinin, proseduru o dərəcədə sadələşdirilmşdir ki, test imtahanında iştirak etmək üçün təkcə ərizə vermək kifayətdir.
Eyni zamanda, ölkəmizdə ilk dəfə olaraq peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunmuş, ədliyyə işçilərinin, prokurorların, vəkillərin və digər hüquqşünasların ixtisasının artırılması yeni yaradılmış Ədliyyə Akademiyasına həvalə edilmişdir.
Nazirliyin mühüm istiqamətlərindən olan penitensiar sistemin inkişafı, infrastrukturunun müasirləşdirilməsi, məhkumların saxlanma şəraitinin və tibbi təminatının yaxşılaşdırılması üzrə məqsədyönlü tədbirlər görülür. Məhkumların sosial adaptasiyası, o cümlədən öz ailələrinə yaxın ərazidə cəza çəkmələri üçün regionlarımızda yeni konsepsiya əsasında müasir tipli penitensiar komplekslər yaradılır. Artıq Naxçıvan Muxtar Respublikasında 5 ildir ki, yeni penitensiar müəssisə fəaliyyət göstərir, eyni zamanda, Bakıda ən müasir standartlara uyğun inşa edilərək istifadəyə verilmiş istintaq təcridxanası bir çox xarici həmkarlarımızın böyük marağına səbəb olaraq bu sahədə nailiyyətlərimizdən faydalanmaq barədə niyyətlərini bildirmişlər. Yeri gəlmişkən elə bu yaxınlarda Şəkidə də yeni penitensiar kompleksin istifadəyə verilməsi planlaşdırılır.
Eyni zamanda, Avropada müsbət model kimi dəyərləndirilən effektiv ictimai nəzarət mexanizmi - müstəqil hüquq-müdafiəçilərindən ibarət İctimai Komitə fəaliyyət göstərir. Həmçinin, məhkumlara göstərilən tibbi xidmətlərə daim diqqət yetirilərək, onların dərman və tibb təminatı köklü surətdə yaxşılaşdırılmış, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıq nəticəsində vərəmlə mübarizədə yüksək nailiyyətlər əldə olunmuşdur. Təsadüfi deyil ki, artıq bu sahədə müsbət təcrübəmizə böyük maraq göstərilərək son illər 10-a yaxın dövlətin nümayəndələri ölkəmizə səfərlər etmişlər.
Bu gün ədliyyə fəaliyyətində müasir iş üslubları, ən qabaqcıl texnologiyalar tətbiq olunur. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə 2013-cü il ölkəmizdə "informasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuşdur. Ədliyyə Nazirliyi tərəfindən İKT-lərin tətbiqi daim diqqətdə saxlanılaraq, bu sahədə xeyli işlər görülmüş, o cümlədən vətəndaşlara keyfiyyətli və rahat xidmət göstərilməsi, inzibati işçilərlə təmasın minimuma endirilməsi məqsədilə elektron köşklər, habelə nəzarətin gücləndirilməsi üçün veb-kameralar quraşdırılmış, nazirliyin saytında xüsusi e-xidmətlər bölməsi yaradılmış, məhkəmə sisteminin vahid elektron portalı yaradılmışdır. Bütün bunlar dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsidir.
Yüksək qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət və misilsiz əmək nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir.
Azərbaycan dünyada yüksək imicə malik olan ölkə kimi tanınır, dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, paytaxt Bakı mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır.
Təsadüfi deyil ki, ölkə iqtisadiyyatımızın yüksələn xətlə inkişaf etməsi nəticəsində son illər ərzində dövlət büdcəmiz 25 dəfə, sənaye istehsalı 3 dəfə artmış, yoxsulluğun səviyyəsi 49%-dən 6%-ə düşmüş, valyuta ehtiyatları 46 milyard dollara çatmış, işsizlik cəmi 5,2% təşkil etmiş, təkcə ötən ildə əhalinin pul gəlirləri 14% çoxalmışdır.
Qeyd olunmalıdır ki, Azərbaycanın gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivlərini müəyyən edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası dahi rəhbərimizin milli inkişaf təliminin məntiqi davamı olaraq Azərbaycandakı bütün proseslərin uğurla həyata keçirilməsinə, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma, əhalinin sosial rifahının daha da yüksəldilməsinə hesablanmışdır.
Bu gün hər birimiz Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəslə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməliyik.
Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyevin siyasi irsidir.
Bu hədsiz sərvətin öyrənilməsi üçün konfranslar təşkil olunur, Azərbaycan tarixinin Heydər Əliyev dönəmində əldə olunmuş nailiyyətlər, demokratk hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlar barədə çıxışlar edilir və digər tədbirlər həyata keçirilir.
Ədliyyə Nazirliyi tərəfindən də dahi Heydər Əliyevin müasir hüquq sistemimizin formalaşmasında müstəsna roluna həsr olunmuş geniş elmi-praktiki konfrans xüsusilə qeyd olunmalıdır. Tədbirdə Ədliyyə Nazirliyinin, Prezident Administrasiyasının, Konstitusiya və Ali məhkəmələrin, Baş Prokurorluğun rəhbər şəxslərinin, millət vəkillərinin, Məhkəmə-Hüquq Şurası üzvlərinin, hakimlərin, Vəkillər Kollegiyasının, Ombudsmanın, elm-tədris müəssisələrinin, alimlərin, gənc hüquqşünasların, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı, məzmunlu və elmi təhlillərə əsaslanan məruzələrin edilməsi, müzakirələrin keçirilməsi Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və təbliği baxımından olduqca böyük əhəmiyyət kəsb etmişdir.
Heydər Əliyevin hüquqi dövlət quruculuğunda zəngin irsinə nəzər salarkən Uinston Çerçilin sözlərini xatırlatmaq olar: "dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür". Bu sözlər sanki Azərbaycanın sabahını, xalqımızın rifahını daim düşünən ümummilli liderimiz Heydər Əliyev haqqında deyilmişdi.
Bu gün tam əminliklə söyləyə bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.
Ağaisa Mahmudov “Fidan” şirkətinin sahibi