{category-title}

Famil Bağıyev: Xocalı soyqırımından 27 il ötür — XX əsrin faciəsi

 

 

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.

İnsanların başlarının dəriləri soyulmuş, burunları, qulaqları kəsilmişdi

Qətlə yetirilən insanların başlarının dərisi soyulur, müxtəlif əzaları kəsilir, gözləri çıxarılırdı. Qadınların qarınları yarılır, adamlar diri-diri torpağa basdırılır və ya yandırılır, meyitlər eybəcər hala salınırdı. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün qaçıb xilas olmaq istəyənlərin çoxu ərazinin çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişdir.
Faciənin törədilməsinə rəvac verənlər sırasında Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və işğalçı ölkənin indiki dövlət başçısı Serj Sarkisyan da vardı. Hələ 1992-ci ildə Levon Ter-Petrosyan erməni ordusuna müraciətində deyirdi: “Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir”. Dağlıq Qarabağ separatçılarına rəhbərlik edən Robert Koçaryan da eyni mövqenin sahibi idi. Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrin komandanlarından biri olub, həmin qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və beləliklə, soyqırımında şəxsən iştirak edib. Bu mənada Sarkisyanın Tomas de Vaalın “Qara bağ” kitabında yer alan aşağıdakı fikirləri də çox şey deyir: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi sındırdıq”.
Faciə baş verən gün əsasən qadınlar, uşaqlar və qocalardan ibarət dəstə Qaraqaya tərəfə üz tutaraq Əsgəranın qarşısında, meşədə gizlənmişdi. Adamlar gecə şaxtalı havada səhərə qədər dayanıb gözlədikdən sonra dan yeri ağaran zaman meşədən çıxıb Ağdama tərəf hərəkət etmək istəyəndə pusquda dayanan ermənilərin güllələrinə tuş gəldilər. Təlaş və vahimə içərisində qaçan adamların bir qismi böyük çətinliklə Dəhraz kəndinə gəlib çıxsa da, orada yenə silahlı ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildilər, əsir götürüldülər. Kətik meşəsinə qaçanlardan da xeyli insan qətlə yetirildi. Silahsız insanlara qarşı kütləvi qətllər törədən, soyqırımı həyata keçirən ermənilər ən vəhşi üsullardan, işgəncə metodlarından istifadə edir, öldürülmüş insanların cəsədlərinin başına min bir oyun açırdılar.
Möcüzə nəticəsində sağ qalan Xocalı sakinləri baş verənləri belə xatırlayırlar:
Camal Heydərov: “Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitlər isə tikə-tikə doğranmışdılar”. Şahin Heydərov Naxçıvanik kəndi yaxınlığında 80-ə yaxın meyit görmüşdür. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdi. Cəlil Hümbətovun gözü qarşısında ermənilər həyat yoldaşı Firuzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişdilər.
Kübra Paşayeva Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdü. Gizləndiyi kolluqdan həyat yoldaşı Şura Paşayevin, oğlu Elşadın güllələnməsinin şahidi olmuşdu. Xocalı işğal edilən zaman Xəzəngül Əmirovanın ailəsini erməni silahlıları bütünlüklə girov götürmüşdülər. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Təvəkkül Əmirovu isə benzin tökərək yandırmışdılar. Zoya Əliyeva 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Dünya Əhmədova və onun bacısı Gülxar donub ölmüşdülər. Səidə Kərimovanın qızı Nəzakəti, yanında olan Tapdığı, Səadəti, İradəni işgəncə ilə qətlə yetirmişdilər. Səriyyə Talıbova isə belə bir dəhşətli hadisənin şahidi olmuşdur: “Bizi erməni qəbiristanlığına gətirdilər... Burada erməni döyüşçüsünün qəbri üstündə 4 Məhsəti türkünü və 3 azərbaycanlını qurban kəsdilər... Sonra valideynlərinin gözü qarşısında uşaqlarına işgəncə verdilər və öldürdülər. Az sonra Milli Ordunun formasında 2 azərbaycanlı gətirdilər, iti dəmirlə onların gözlərini çıxartdılar”. Faciə baş verən zaman 11 yaşı olan Ramil Həsənov xatırlayır ki, dostlarım Elçin və Elgizin meşədə necə öldüklərini yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça bilmirdilər, lal-dinməz qarın üstündə uzanmışdılar və yavaş-yavaş gözlərini yumurdular.

Erməni vəhşiliyi xarici mətbuatda

Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 194 meyit (130 kişi, 51 qadın, 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülüb, meyitlərin əksəriyyətinin baş dəriləri soyulub, burunları, qulaqları və digər orqanları kəsilib.
Törədilən vəhşilikləri sonradan ermənilər özləri də açıq etiraf edirdilər. Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından olan yazıçı Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda törətdikləri soyqırımı haqqında yazır: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.
Erməni yazıçı-jurnalisti David Xerdiyan da Xocalıda ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Martın 2-də “Qaflan” erməni qrupu türklərin cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, o, hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”.
Baş verən bu dəhşət haqqında dünya mediasında aşağıdakı fikirlər yer almışdı: “Krua l'Eveneman” jurnalı (Paris): “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər”.
“Sandi Tayms qəzeti” (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”.
“Faynənşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir”.
“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.
“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”.
“Faynənşl Tayms” qəzeti (London), 14 mart 1992-ci il: “General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır”.
“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”.
“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets:” “Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.
“Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il: “Bu “muxtar region”da erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər”.

Ümummilli lider Xocalı soyqırımının siyasi-hüquqi qiymətini verdi

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Lakin xalq Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. O vaxtkı dövlət başçısı Ayaz Mütəllibov və rəhbərliyi təmsil edən digər vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyəti dəhşətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkindilər. Sonralar - AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayətə lazımi siyasi və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi.

Yaşanan bu mənzərə belə bir həqiqəti də aydın göstərdi ki, ölkədaxili hakimiyyət mübarizələri dövlət üçün nə qədər təhlükəli və fəlakətli xarakter daşıyır. O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə biganəlik nümayiş etdirdilər. Dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat verməkdən ötrü heç bir addım atmadı, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi.
Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bununla da ulu öndərin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.

 

 

Famil Bağıyev "Orbita MTK"-nın rəhbəri 

Son xəbərlər

Rusiya Ukraynanın 1 sutkada itkilərini açıqladı

Prezident Fərman imzaladı

Azərbaycanlı məktəblilər II dəfə Beynəlxalq Kosmik Stansiya ilə əlaqə qurub

Livan "Hizbullah"ının liderinin qızı bombardmanda ölüb

VII çağırış Milli Məclisin payız sessiyasının vaxtı açıqlandı

Bakı bu ölkə ilə də razılaşdı: onlar üçün viza ləğv edilir

Bayramov Berbokla görüşdü: sülhə hədə törədən təhdidlər...

Husilər İsrail paytaxtına raket atıblar

Xəzər TV-nin binası boşaldılır - Təcili

Rusiyada işçi qıtlığı: maaş kəskin artdı, miqrantlar axın edir...

DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb

1 dəqiqəlik sükut...

Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər parkında - Fotolar

Prezident İlham Əliyev Zəfər parkında olub

Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşım

Şahdağa qar yağdı

Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

Bu gün Anım Günümüzdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür

8 Noyabr prospektindəki məhdudiyyət aradan qaldırıldı

Gələn ilin büdcə layihəsi Prezidentə təqdim olundu

“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik”

Parlament binasının girişi qırmızı rəngə boyandı

6 yaşlı uşağı yuxudan oyadıb işgəncə verdi - Polis işə qarışdı

Bütün xəbərlər