{category-title}

"Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL


Son illərdə Azərbaycan enerji siyasətində yeni bir mərhələyə qədəm qoyur, bu mərhələ neft və qazla yanaşı "yaşıl enerji"nin gücü ilə formalaşır. Qlobal iqlim çağırışlarının dərinləşdiyi, enerji təhlükəsizliyinin isə strateji prioritetə çevrildiyi bir dövrdə ölkə bərpa olunan enerji mənbələrinə (BOEM) yönəlməklə həm iqtisadi modelini şaxələndirir, həm də gələcəyin enerji xəritəsində öz yerini möhkəmləndirir. Bu istiqamətdə yüz milyonlarla dollar həcmində xarici investisiyanın cəlb olunması, beynəlxalq tərəfdaşlıqların genişlənməsi və iri infrastruktur təşəbbüslərində fəal iştirak Azərbaycanın ambisiyalarının sistemli və uzunmüddətli strategiyaya əsaslandığını göstərir.

Ümumilikdə, ölkənin "yaşıl enerji" üzrə iqtisadi potensialı 27 giqavat səviyyəsində qiymətləndirilir ki, bu da Azərbaycanı regionun aparıcı alternativ enerji mərkəzlərindən birinə çevirmək üçün kifayət qədər ciddi baza yaradır. Bu potensialın reallaşdırılması məqsədilə Azərbaycan artıq nüfuzlu beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq qurub. Səudiyyə Ərəbistanının "ACWA Power", BƏƏ-nin "Masdar", Yaponiyanın TEPSCO, eləcə də BP, "Nobel Energy" və Çin investorlarının iştirakı ilə günəş və külək elektrik stansiyalarının inşası ölkənin enerji sektoruna yeni dinamika gətirir. Bu layihələr yalnız enerji istehsalını artırmaqla kifayətlənmir, eyni zamanda texnologiya transferi, yeni iş yerləri və innovativ idarəetmə təcrübələrinin tətbiqinə də zəmin yaradır.
"Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

Əlavə güclər və strateji üstünlüklər

Azərbaycanın qarşıya qoyduğu hədəflər kifayət qədər iddialıdır. 2027-ci ilədək 10 günəş və külək elektrik stansiyasının inşası üçün 2,7 milyard ABŞ dollarından artıq investisiyanın cəlb olunacağı gözlənilir. Bu layihələr nəticəsində enerji sisteminə əlavə 2 giqavat güc daxil olacaq. Daha geniş perspektivdə isə 2030-cu ilə qədər 6 giqavat, 2033-cü ilə qədər isə 8 giqavat həcmində bərpa olunan enerji gücünün istifadəyə verilməsi planlaşdırılır. Bu dinamika nəticəsində alternativ enerjinin ümumi istehsaldakı payının 2027-ci ildə 25 %-ə, 2030-cu ildə isə 30 %-dən yuxarı səviyyəyə çatacağı proqnozlaşdırılır.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında vurğuladığı kimi, hazırda bir sıra alternativ enerji layihələri icra olunur və yaxın illərdə yeni stansiyaların istifadəyə verilməsi gözlənilir: "Gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik".

Bu transformasiya ilə Azərbaycan enerji balansının dəyişməsi ilə yanaşı, bütövlükdə iqtisadi modelin yeniləyəcək, çünki alternativ enerji ilə işləyən yeni elektrik stansiyalarının istifadəyə verilməsi həm ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək, həm də ixrac potensialını genişləndirəcək.
"Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

Enerjidən rəqəmsal gələcəyə

"Yaşıl enerji"nin əhəmiyyəti təkcə ekoloji faydalarla məhdudlaşmır. Müasir dünyada enerji artıq rəqəmsal iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilib. Süni intellekt, böyük verilənlər və məlumat mərkəzləri yüksək və dayanıqlı enerji təminatı tələb edir. Azərbaycan bu reallığı nəzərə alaraq, enerji strategiyasını rəqəmsal inkişaf hədəfləri ilə uzlaşdırır.

Artan sənaye potensialı, genişlənən kommunikasiya infrastrukturu və planlaşdırılan data mərkəzləri ölkədə enerji tələbatını yeni səviyyəyə qaldırır. Məhz bu nöqtədə bərpa olunan enerji mənbələri həlledici rol oynayır. Dayanıqlı və ekoloji təmiz enerji təminatı olmadan rəqəmsal transformasiya mümkün deyil.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "yaşıl elektrik enerjisi" yalnız ixrac potensialı ilə deyil, həm də daxili istehlak baxımından strateji əhəmiyyət daşıyır: "Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik".

Azərbaycanın "yaşıl enerji" strategiyası eyni zamanda ölkənin geosiyasi mövqeyini gücləndirən mühüm alətə çevrilir. Xüsusilə Avropa bazarına "yaşıl elektrik" ixracı perspektivləri, Xəzər dənizinin külək enerjisi potensialının istifadəsi və regional enerji dəhlizlərinin inkişafı ölkəni yeni enerji xəritəsində əsas oyunçulardan birinə çevirə bilər.

Bu baxımdan, Azərbaycanın qarşısında duran vəzifə yalnız mövcud layihələri həyata keçirmək deyil, həm də innovasiyalara açıq, çevik və davamlı enerji ekosistemi qurmaqdır. Əgər bu kurs ardıcıl şəkildə davam etdirilərsə, yaxın onillikdə Azərbaycan təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də "yaşıl texnologiyalar" və rəqəmsal iqtisadiyyatın regional mərkəzi kimi tanına bilər.
"Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

"Yaşıl enerji" ilə bağlı rekord göstəricilər

Azərbaycanda son illərdə enerji sektorunda həyata keçirilən islahatlar artıq statistik rəqəmlərdən daha çox, canlı və dinamik nəticələrlə özünü göstərir. "Yaşıl enerji" ilə ənənəvi enerji mənbələrinin paralel inkişafı, həmçinin enerji sisteminin rəqəmsal əsasda yenidən qurulması ölkəni keyfiyyətcə yeni mərhələyə daşıyır. Bu mərhələdə əsas fərq yalnız istehsalın artması deyil, enerjinin daha ağıllı, daha çevik və daha səmərəli idarə olunmasıdır.

Aprelin 8-i, 17-si, 18-i, 20-si və digər günlərdə günün müəyyən saatlarında ölkə üzrə elektrik enerjisi istehlakının 36-41 %-inin məhz "yaşıl enerji" hesabına təmin olunması artıq təsadüfi göstərici deyil, formalaşmaqda olan yeni enerji reallığının əlamətidir. Xüsusilə aprelin 20-də qeydə alınan nəticə bu baxımdan diqqət çəkir: həmin gün ölkədə 64,4 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub, bunun 23,5 milyon kilovat/saatı və ya 36,5 %-i bərpa olunan mənbələrin payına düşüb. Bu enerjinin 15,9 milyon kilovat/saatı su elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, 7,6 milyon kilovat/saatı isə günəş və külək stansiyalarında istehsal edilib.

Bu rəqəmlər struktur dəyişikliyini ifadə edir. Enerji balansında "yaşıl pay" artıq epizodik deyil, sistemli xarakter almağa başlayır. Bunun fonunda 2026-cı ilin ilk rübündə istilik elektrik stansiyalarında 6 milyard 991 milyon kVt/saat elektrik enerjisinin istehsal olunması və bunun əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,6 % artması göstərir ki, Azərbaycan keçidi kəskin deyil, balanslı şəkildə həyata keçirir. Digər tərəfdən, külək elektrik stansiyalarında istehsalın 26 dəfədən çox artaraq 247,7 milyon kVt/saat təşkil etməsi bu sahədə sıçrayış xarakterli inkişafın göstəricisidir.
"Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

Ən diqqətəlayiq məqam isə yalnız istehsalın həcmi yox, bu enerjinin idarə olunma qabiliyyətidir. Çünki bərpa olunan enerji mənbələrinin əsas çətinliyi onların dəyişkənliyidir- külək həmişə əsmir, günəş daim eyni intensivlikdə parlamır. Azərbaycan isə bu dəyişkənliyi üstünlüyə çevirə bilən model qurmağa başlayıb.

Bu üstünlük beynəlxalq müqayisədə daha aydın görünür. Dünyanın bir çox inkişaf etmiş ölkələrində bərpa olunan enerjinin ümumi enerji balansında payı adətən 30 %-i keçməkdə çətinlik çəkir. Bunun səbəbi texniki məhdudiyyətlər və sistem dayanıqlığının qorunması zərurətidir. Azərbaycan isə bəzi saatlarda 41 %-lik göstəriciyə nail olmaqla göstərir ki, düzgün planlama və texnoloji yanaşma ilə bu sərhədləri aşmaq mümkündür.

Bu uğurun arxasında təbii resurslarla yanaşı, eyni zamanda çevik idarəetmə mexanizmləri dayanır. Enerji sistemində tarazlıq əsasən su elektrik stansiyalarının imkanları hesabına təmin olunur. Bu stansiyalar "yaşıl enerji"nin dalğalanmasını sanki bir amortizator kimi yumşaldır, sistemin ritmini qoruyur.

Eyni zamanda, yaxın vaxtlarda istifadəyə verilən "Abşeron" Batareya Enerji Saxlanc Sistemi bu sahədə yeni bir səhifə açır. Bu texnologiya enerjinin "yadda saxlanması" deməkdir- günəşin bol olduğu saatlarda toplanan enerji, ehtiyacın artdığı anlarda istifadə olunur. Beləliklə, enerji ilk dəfə olaraq zamanla rəqabət aparmağa başlayır.

Lakin əldə olunan uğurlar hələ başlanğıcdır. Enerji sisteminə inteqrasiya olunan "Qaradağ" günəş və "Xızı-Abşeron" külək elektrik stansiyalarının yaratdığı yeni reallıq göstərdi ki, böyük həcmdə bərpa olunan enerjinin şəbəkəyə qoşulması ciddi texniki hazırlıq tələb edir. Tezliyin tənzimlənməsi, sistemin dayanıqlığının qorunması və balanslaşdırma mexanizmlərinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 41 %-lik göstəriciyə nail olunub.

Gələcəyə baxdıqda isə çağırışlar daha böyük görünür. 2028-ci ilə qədər ümumi gücü təxminən 1500 meqavat olan əlavə bərpa olunan enerji mənbələrinin şəbəkəyə qoşulması planlaşdırılır. Bu isə mövcud imkanların bir neçə dəfə genişləndirilməsini, yeni ehtiyat güclərin yaradılmasını və daha mürəkkəb idarəetmə sistemlərinin tətbiqini zəruri edir.

Beləliklə, Azərbaycan "yaşıl enerji" sahəsində rekord göstəricilərin davamlılığını təmin edə biləcək bir sistem qurur. Və məhz bu sistem gələcəkdə ölkənin enerji təhlükəsizliyinin, iqtisadi dayanıqlığının və texnoloji inkişafının əsas dayaqlarından birinə çevriləcək.
"Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

Qonşu ölkələrlə müqayisə

Region ölkələri də "yaşıl enerji"yə keçidi sürətləndirməyə çalışır, lakin bu yol hər kəs üçün eyni istiqamətdə və eyni tempdə irəliləmir. Hər bir ölkənin seçdiyi model onun resurs bazası, iqtisadi prioritetləri və texnoloji hazırlığı ilə müəyyən olunur. Bu baxımdan Azərbaycan regionun enerji xəritəsində özünəməxsus, balanslı və perspektivli yanaşması ilə seçilir.

Türkiyə günəş və külək enerjisinə böyük sərmayələr yatıraraq qısa müddətdə ciddi nəticələr əldə edib və regionun aparıcı oyunçularından birinə çevrilib. Lakin bu inkişafın fonunda ölkənin enerji balansında idxal olunan resurslardan asılılığın hələ də yüksək qalması müəyyən həssaslıq yaradır. Yəni istehsal artır, amma enerji təhlükəsizliyi hələ tam müstəqil deyil.

Gürcüstan daha çox hidroenerji potensialına söykənir və bu sahədə ənənəvi üstünlüyünü qoruyaraq elektrik ixrac edən ölkə kimi mövqeyini saxlayır. Bununla belə, enerji mənbələrinin şaxələndirilməsi baxımından imkanları məhduddur. Külək və günəş enerjisinin genişmiqyaslı inkişafı hələ ilkin mərhələdədir və bu, uzunmüddətli dayanıqlılıq baxımından müəyyən boşluqlar yaradır.

İran və Rusiya kimi enerji nəhəngləri isə zəngin neft və qaz ehtiyatlarına güvənərək hələlik ənənəvi enerji modelini üstün tuturlar. Bu yanaşma qısa və ortamüddətdə iqtisadi baxımdan səmərəli görünsə də, qlobal enerji transformasiyası fonunda "yaşıl enerji"nin payının aşağı səviyyədə qalması gələcək üçün müəyyən risklər formalaşdırır.

Mərkəzi Asiya ölkələri - Qazaxıstan və Özbəkistan isə iri günəş və külək layihələri ilə diqqət çəkir. Lakin bu təşəbbüslərin böyük hissəsi hələ planlaşdırma və ya icra mərhələsindədir. Yəni real istehsal və sistem inteqrasiyası baxımından nəticələr hələ tam formalaşmayıb.

Bu mənzərənin fonunda Azərbaycan fərqli bir model ortaya qoyur. Ölkə yalnız bir enerji mənbəyinə söykənmir - günəşin istiliyini, küləyin gücünü və suyun axınını vahid sistemdə birləşdirərək daha elastik və dayanıqlı enerji balansı yaradır. Bu müxtəliflik isə enerjinin idarə olunmasını daha çevik edir, riskləri minimuma endirir.

Digər mühüm üstünlük mövcud infrastrukturun və xüsusilə su elektrik stansiyalarının tənzimləyici roludur. Bu stansiyalar bərpa olunan enerjinin dəyişkənliyini tarazlayaraq sistemin "ritmini" qoruyur. Beləliklə, yüksək payda "yaşıl enerji"nin şəbəkəyə inteqrasiyasına təhlükə kimi yox, əksinə üstünlük kimi qiymətləndirmək olar.

Bundan əlavə, Azərbaycan "yaşıl enerji"ni yalnız daxili tələbatın ödənilməsi vasitəsi kimi deyil, strateji ixrac məhsulu kimi formalaşdırır. Bu yanaşma onu region ölkələri arasında fərqləndirən əsas cəhətlərdən biridir və enerji artıq istehlak resursu olmaqla yanaşı, geosiyasi və iqtisadi təsir alətinə çevrilir.

"Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

Regional liderliyə doğru

Mövcud dinamika göstərir ki, Azərbaycan "yaşıl enerji" sahəsində tədricən, lakin inamla regional liderliyə doğru irəliləyir. Bu gün həyata keçirilən layihələr, tətbiq olunan texnologiyalar və qurulan infrastruktur əslində gələcəyin konturlarını cızır, eyni zamanda enerji sisteminin dayanıqlığını təmin edən texnoloji və institusional bazanı da gücləndirir.

Beləliklə, ölkə başçısının mərhələli və uzaqgörən enerji siyasəti nəticəsində Azərbaycan tədricən nümunəvi model formalaşdırır. Bu model ölkənin enerji sistemini daha dayanıqlı edir, "yaşıl enerji"nin payını davamlı şəkildə artırır və onu regionun ən çevik enerji sistemlərindən birinə çevirir.

Qonşu ölkələrlə müqayisədə Azərbaycanın üstünlüyü bir neçə mühüm amilin vəhdətində özünü göstərir: resurs müxtəlifliyi, ardıcıl dövlət siyasəti, xarici investisiyaların effektiv cəlbi və ixracyönümlü strategiyanın düzgün qurulması. Bu model enerji təhlükəsizliyini möhkəmləndirmir, eyni zamanda iqtisadiyyatın yeni sahələr üzrə inkişafına da güclü təkan verir.

Bütün bu proseslər göstərir ki, yaxın illərdə Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın "yaşıl enerji" xəritəsində əsas aktorlardan birinə çevrilə bilər. Bu isə iqtisadi uğurla yanaşı, gələcəyin enerjisini bu gündən qurmaq bacarığının göstəricisidir.(Report)

Son xəbərlər

Ukrayna İsrailə etiraz notası təqdim edib

"Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

"Fənərbağça"da növbəti prezident seçkilərinin tarixi açıqlanıb

Prezident bir qrup sahibkarı təltif edib

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

“Zelenski burada oldu, Ciorcia Meloni də səfər edəcək”

İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sahibə Qafarova: MSK yüksək səviyyədə işləyir

FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

2 ay əvvəl evlənən qazi qəzada öldü - Foto

Aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri 6 həftədən sonra elan olunacaq

Milli Məclis Prezident İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib

Narkoloji xəstələrin fəaliyyətinə məhdudiyyət qoyulan işlərə qəbul qaydaları sərtləşdirilir

Azərbaycan və İƏT Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib

İlham Pirməmmədov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub

Milli Məclisin iclası başlayıb

Monqolustandan olan jurnalistlər Azərbaycana səfər barədə: Həyatımızdakı ən yaxşı səyahətlərdən biridir

Bəzi sayt rəhbərləri Kəbirə xanım Məmmədova haqqında şantaj xarakterli yazı yazanda yaxşı-yaxşı fikirləşin

Günün qoroskopu: Maliyyədə ortaq qərarlar önəmlidir

KİV: ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb

Bütün xəbərlər