{category-title}

 Üzeyir İsmayılov
İş adamı
 
Bu köçün yolunu çoxdan gözləyirdi vətən...
Ana vətənə yollanmağın çoxdan həsrətindəydi bu el...

Ta 30 ilin o üzündən yola çıxan həsrətyüklü bu köç, nəhayət ki, sevinclə doğma torpağına dönür.
Bir zamanlar qurulu evlərindən, bütün yaşamlarından çar-naçar əl çəkərək, yurd-yuvalarını tərk etməyə məcbur qalan vətəndaşlarımız sevinc gözyaşları içərisində dədə-baba yurdlarına qayıdırlar. Vətəndə qəribçilik çəkən bu nisgilli insanlar könüllərində yaşatdıqları qayıdış ümidinin gerçəkləşmə məqamının xoşbəxtliyini yaşayırlar. Haqq uğrundakı savaşımızın Zəfəri sayəsində Qarabağa, Şərqi Zəngəzura sarı yol alan Böyük qayıdışın ilk bəxtəvərləri isə Zəngilanın Ağalı kəndinin sakinləridir.
  
Tariximizin ən möhtəşəm səhifələrindən birini məhz 19 iyul 2022-ci ildə qürurla çevirdik. O gün vaxtilə Ağalıdan zorla didərgin salınan insanlarımız vətənə əbədi yaşamağa döndülər. Zəngilanı, Ağalını yalnız böyüklərin xatirələrindən, solğun fotolardan tanıyıb sevən yeni nəsillərimiz bu torpaqda yaşayıb-yaratmağa, tikib-qurmağa, bu torpağa daha dərin köklərlə sarılaraq düşmənə çəpər olmağa getdilər. O gün Azərbaycan xalqı Ağalıya dönən insanların timsalında Vətən həsrətindən qurtulan, "məcburi köçkünlük yükü"ndən azad olan insanların necə böyük sevinc, ilahi hisslər yaşadığının şahidi oldu, onlarla birlikdə qəhərlənib, onlarla birlikdə güldü...
 
O gün xalqımızın gözlərindən axan sevinc gözyaşları ağ yollarla, üçrəngli ay-ulduzlu qələbə bayraqlarımızla bəzənmiş qayıdış karvanlarıyla yurdumuza dönən ağalıların arxasınca pak su çilədi...
  
"Böyük qayıdışın birinci kiçik addımı, bax bu gün atılır". Bizə tarixi torpaqlarımıza qayıdışın tezliklə gerçəkləşəcəyi müjdəsini Prezident İlham Əliyev Müstəqillik günündə verdi. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminin keçirilməsi zamanı dövlət başçısı İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşü zamanı söylədi ki, "Bu gün Böyük qayıdış dediyimiz prosesə start verildi".
Bəli, bu xoş xəbərin üzərindən qısa zaman ötəndən sonra artıq Ağalı sakinlərinin köçkünlük həyatları başa çatdı, birqərinəlik mənəvi məhrumiyyətlərdən sonra ömürlərinin yeni mərhələsinə qədəm qoydular. Bəxtəvər çağlara, firavan həyata qanad açdılar...
İyulun 19-dan etibarən Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi. Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən dördüncü köç karvanı isə iyulun 25-də Ağalıya yola salındı. Daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar. Ümumilikdə "ağıllı kənd" konsepsiyasına uyğun olaraq yenidən qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olundu. Beləliklə, Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi uğurla başa çatdırıldı.

Ötən gün isə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə start verildi. Məcburi köçkünlərin 12 ailədən (63 nəfər) ibarət növbəti qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Zəngilan şəhərciyi"ndən Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salındı. Böyük qayıdışa uyğun olaraq ikinci mərhələdə daha 25 ailənin (125 nəfər) köçürülməsi planlaşdırılır. Digər 13 ailə (62 nəfər) isə sentyabrın 10-da Ağalı kəndinə köçürüləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, Ağalı kəndinə köçürüləcək ailələr Bakı, Sumqayıt və Abşeron rayonlarında qəzalı binalarda, sanatoriyalarda, yataqxanalarda müvəqqəti məskunlaşmış ailələrdir ki, onların da içində Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri var. Həmin ailələr isə mövcud qanunvericiliyə əsasən, püşkatma əsasında ailə tərkibinə uyğun olaraq evlərlə təmin ediliblər. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Ağalı kəndi Azərbaycanda ilk "ağıllı kənd" konsepsiyası ilə qurulmuş möhtəşəm məkandır. Pilot olaraq Zəngilanda icra edilməsinə başlanılan layihə əsasında burada 200 evdən ibarət "ağıllı kənd" salınıb. Növbəti mərhələdə kənddə daha 150 mənzilin inşası nəzərdə tutulur. Ağalı kəndində reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri - yəni 5 komponent üzrə aparılıb. İnşa edilən 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. "Ağıllı kənd"də müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" və DOST, Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Eləcə də "ağıllı kənd"də "Gillmed" Tikiş Fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi tikilib.
Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb.
Ağalı əhalisinin məşğulluğunun təmin olunması üçün işlər davam etdirilir.

İki aya yaxındır ki, Ağalı əzəli sakinlərinə qovuşub.
Birqərinəlik ayrılığın ardından ağalılar əbədi yurdlarına dönüblər.

Hər açılan sabahı, doğan günəşi buradan xoşbəxtcəsinə salamlayırlar, günə sevinclə başlayıb, sevinclə yekun vururlar.

İndi Ağalıdan top-tüfəng səsi deyil, yenicə pöhrələnmiş ağacların yamyaşıl budaqlarında cəh-cəh vuran quşların, azadlıq nəğməsi oxuyan ruzigarların sədası ucalır, isti yuvasında körpəsinə laylay çalan anaların ünü gəlir...
Nəhayət ki, vətəndən - Ağalıdan doğma hənir gəlir...

 

Son xəbərlər

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Belarus Prezidenti Füzuli rayonuna səfər edib

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir

"Manaf Manafovu deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Azərbaycana qar yağır - FOTOlar

Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın

Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir

Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH

Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Tarixi ədalətə üz çevirib, özləri tarix olan MİNSK QRUPU – TƏHLİL

Gürcüstan baş naziri Türkiyədə SƏFƏRDƏDİR

“Qalatasaray” – “Fənərbağça” görüşünü bu hakim idarə edəcək

Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ

Ruben Vardanyanın həbs müddəti uzadılıb - YENİLƏNİB

Cəmil Rustəmxanli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

MİQ-ə sənəd verənlərə çağırış: kömək üçün bu ünvanlara gedin! - SİYAHI

Prezidentlərin təkbətək görüşü başladı

Şimali Kiprin parlament sədri Azərbaycana GƏLİR

Baş nazirə hücumdan şoka düşmüşəm - Paşinyan

NBA-da ilk yarımfinalçı müəyyənləşib

Hərbçimiz vəfat etdi

Bütün xəbərlər