{category-title}
Xidmət rəsmisi: “15-18 yaşlı işçilərlə əmək müqaviləsi bağlayarkən əlavə öhdəliklər nəzərdə tutulmalıdır”
Bu gün ən çox müzakirə edilən məsələlərdən biri də uşaqların əmək fəaliyyətinə cəlb edilməsidir. Bəzən yeniyetmələrin normadan artıq iş fəaliyyətinə cəlb olunması ilə bağlı şikayətlərə rast gəlinir. Hər hansı faktla qarşı-qarşıya qaldıqda isə işəgötürən tərəf qanunvericilikdə bu məsələnin hansı şəkildə tənzimləndiyindən xəbərsiz olduğunu deyir.
Bəs işəgötürən tərəfin Əmək məcəlləsindən xəbərsiz olması uşaqların əmək fəaliyyəti zamanı hüquqlarının pozulmasına bəraət qazandıra bilərmi? Ümumiyyətlə Azərbaycanda uşaqların iş fəaliyyəti rəsmi qaydada hansı yaşdan, hansı şərtlərlə başlayır?
Bu və digər suallarımızı Oxu.Az-a müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Arif İmamverdiyev cavablandırıb.
- Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Azərbaycanda uşaq əməyi ilə bağlı hansı işlər görülür?
- 1950-ci ildən başlayaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü bütün dünya ölkələrində qeyd olunmağa başlayıb. Müvafiq olaraq 2009-cu il Azərbaycanda dövlət başçısının sərəncamı ilə “Uşaq ili” elan edilib. “Uşaq ili”nin elan edilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Həyata keçirilən tədbirlər sırasında uşaqların qanunvericiliyə uyğun olaraq işlə təmin olunması, tərbiyə müəssisələrində təhsilin və peşə hazırlığının təkmilləşdirilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara yönəldilmiş infrastrukturun təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, dövlət uşaq müəssisələrinin yüksək ixtisaslı kadr potensialı ilə təmin edilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış sahəsi üzrə qanunvericiliklə təsbit olunmuş təminatlarını reallaşdırmaq istiqamətində və s. tədbirləri qeyd etmək lazımdır.
Azərbaycan Respublikası 2004-cü il tarixindən Beynəlxalq Əmək Təşkilatının “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyaya (onun müddəalarını tamamlayan 190 nömrəli Tövsiyə daxil olmaqla) qoşulub.
Eyni zamanda Dövlət Əmək Müfəttişliyi Xidməti ötən dövr ərzində uşaq əməyi ilə bağlı işəgötürənlər üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil edib. Bütün qeyd edilən beynəlxalq müqavilələr, qanunvericilik aktları və həyata keçirilmiş tədbirlər uşaq əməyinin qarşısının alınmasının təşviqi üçündür.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçirdiyi nəzarət tədbirləri zamanı qarşısına qoyduğu ən ümdə məsələlərdən biri uşaqların əməyə cəlb olunmaması, cəlb olunduğu təqdirdə onların hüquqlarının qorunması, qanunvericilikdə onlar üçün müəyyən olunmuş imtiyazların və hüquqların tanınması və uşaq əməyinin istismarının qarşısını almaqdır.
- Bəs Azərbaycanda uşaqlara işləməyə icazə verilirmi? Ümumiyyətlə, icazə verilirsə, neçə yaşından bu qanuni hesab olunur?
- Uşaqlar onların yaşına, sağlamlıq vəziyyətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olan, mənəviyyatına təhlükə törətməyən əməklə məşğul olmaq hüququna malikdirlər.
Azərbaycanda işə düzəlmək üçün minimum yaş həddi 15-dir. Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Lakin, xüsusilə qeyd edilməlidir ki, on beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
- İşəgötürən təcrübəsi olmayan bu şəxsləri işə götürməkdən imtina edə bilərmi?
- Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Onların iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır.
18 yaşına çatmamış şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz.
- Uşaqlar işləyərkən iş saatının az olduğu deyilir, bəs bu, əməkhaqqına necə təsir edir?
- Bəli, 15-18 yaş arası şəxslərin iş saatı digər işçilərdən fərqli olaraq az olur. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır. Əməkhaqlarına gəlincə isə müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş məbləğdə tam ödənilir.
- Rəsmi əmək münasibətlərində olan uşaqlara başqa hansı güzəştlər edilə bilər?
- Əmək Məcəlləsinə əsasən, yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. Axşam saat 20:00-dan səhər saat 07:00-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.
Əmək şəraiti ağır, zərərli olan iş yerlərində yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.
- 15 yaşı olmayan uşaqları işə götürən rəhbərlərlə bağlı hansı tədbirlər görülür?
- 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır, bu şəxslərin işə qəbul edilməsinə yol verilmir. 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.