{category-title}

Sayımız azalır, gendər bərabərliyimiz pozulur, amma hökumət tədbir görmür - SOS!!!

 

Azərbaycanda əhalinin təbii artımında azalma baş verir. Bu haqda statistik təhlili Bakı Araşdırmalar İnstitutu (BAİ) Dövlət Statistika Komitəsinin (DSK) rəsmi məlumatlarına və rəqəmlərinə istinadən aparıb.

Ölkəmizdə son 30 ildə hər 1000 nəfərə düşən doğum göstəricisi 2 dəfə azalıb, ölüm sayı 24,6 faiz artıb, təbii artım təxminən 4 dəfə azalıb. 1990-2020-ci illərdə Azərbaycanda əhalinin tәbii artım, doğum və ölüm səviyyəsinin statistikasını araşdıran zaman BAİ-yə məlum olub ki, 1955-ci ildən sonra demoqrafik baxımdan ən pis vəziyyət 2020-ci ildə qeydə alınıb. Ötən il hər min nəfərə düşən təbii artım 5,1 nəfər olmaqla, son 75 ilin ən aşağı göstəricisidir. Hər 1000 nəfərə düşən doğulanların sayı 12,7 nəfər olmaqla, son 76 ilin ən aşağı, ölənlərin sayı 7,6 nəfər olmaqla, son 65 ilin ən yüksək göstəricisidir.

Rəsmi statistikaya görə, 2020-ci ildə doğulanların sayı 126571 nəfər, ölənlərin sayı 75647 nəfər olub, təbii artım 50924 nəfər təşkil edib.

DSK-nın Əhali statistika şöbəsinin müdiri Rza Allahverdiyev AYNA-ya açıqlamasında qeyd olunan statistik göstəricilərin Komitəyə məxsusluğunu təsdiq edib: “Bu göstəricilərin hamısı rəsmi məlumatlardır. Bakı Araşdırmalar İnstitutu isə rəsmi məlumata istinadən araşdırma aparıb. Rəqəmlər hamısı doğrudur və Dövlət Statistika Komitəsinin rəqəmləridir”.

Qurumun rəsmisinin sözlərinə görə, təbii artımda nisbətən azalma baş verib: “Bu göstəriciyə COVID 19-dan ölənlər və müharibədə şəhid olanlar da təsir edib. Doğum sayındakı azalma isə, 18-20 il bundan əvvəl doğulanların sayının az və həmin doğulanların sayının yarısının qız uşaqları olduğuna görə və həmin qız uşaqlarının indiki vaxtda ana olma yaşına çatdığı üçündür. Yəni ana yaşına çatan qadınların sayının azalması buna təsir edib”.

“Amma bir neçə ildən sonra bu tendensiya artmağa başlayacaq. Doğumlar artdıqca, artım da müşahidə edilməyə başlayacaq. 2000-ci illərdən sonra doğum nisbətən artmağa başladı, 176 minə qədər yüksəldi, sonra tədricən azalma başladı. Həmin say yenidən qalxaraq 141-142 minə qədər yüksəldi. Yəni təbii təsir özünü göstərəcək və doğumda yüksəlmə olacaq. Göstəricilərdə demoqrafik geriləmə və qorxunc rəqəmlər yoxdur. Burada narahatlığa səbəb olacaq bir amil də yoxdur”, - deyə Allahverdiyev bildirib.

İqtisadçı ekspert Eldəniz Əmirov AYNA-ya şərhində deyib ki, BMT-nin 2019-cu ilin yekun məlumatları əsasında “Ümumdünya Miqrasiya Hesabatı-2020” hesabatına görə, Ermənistan mühacirət edən insanların say mütənasibliyi ilə dünyanın ən mənfi göstəricilərinin qeydə alındığı 20 ölkə arasında 18-ci yerdə qərarlaşıb: “Səbəb isə çox sadədir - mühacirət dayanmır. Əksinə, dərinləşmə tendensiyaları var. Çünki Ermənistanın yürütdüyü işğalçı xarici siyasət nəticəsində üzləşdiyi durum onu bir dövlət olaraq gələcəyini sual altında qoymaqla bərabər, onu çıxması mümkün olmayan ağır sosial-iqtisadi duruma salıb. Bu isə erməni vətəndaşlarını mühacirliyə məcbur edir. Digər tərəfdən də son illərdə doğum səviyyəsinin də aşağı enməsi vəziyyəti acınaqlı hala salıb. Ölüm sayı doğumu üstələyir. Bu səbəbdən orada gənclərin sayı yaşlıların sayı ilə müqayisədə çox aşağıdır. Hətta BMT-nin hesabatlarının birində 2035-ci ilə qədər Ermənistanın əhalisinin 2.6 milyona enmə ehtimalı qeyd edilir”.

Azərbaycana gəldikdə, ekspertin sözlərinə görə, ölkəmizdə 2003-2018-ci illərdə əhali sayında təxminən 1,8 milyon artım baş verib: “Bunun 1 milyonu son 8 ilin payına düşüb. Bu dinamika davam edərək, 2019-cu il aprelin 6-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Körpə ölümü isə üç dəfədən çox azalib - 9,8 faizdən 3,1 faizə enib”.

Əmirov qeyd edib ki, demoqrafik vəziyyətin pisləşməsi bütün dünya ölkələrində son iki ildə müşahidə edilməkdədir: “Bunun da səbəbi məlum pandemiyadır. Məsələn, təbii artımda dünyanın əksər ölkələrini qabaqlayan Türkiyə kimi bir ölkədə 2020-ci ildə əvvəlki illərdə müşahidə edilən artım səviyyəsində təxminən 20%-dək bir gerilmə müşahidə edilib. Eyni vəziyyət demək olar ki, Azərbaycanı müqayisə edə biləcəyimiz bütün ölkələrdə var. Hələ bəzilərində daha faciəli durumdur”.

“Bunun da iki səbəbi var: Birinci səbəb pandemiyadır. Xəstəlik səbəbindən ölüm səviyyələri kəskin artdı, xəstəxanalarda risk amilinin olduğuna görə doğum azaldı. Bu isə birbaşa artım göstəricilərinin aşağı düşməsi deməkdir. İkinci və daha böyük səbəb isə insanların düşüncə tərzində baş verən dəyişiklikdir. Ölkələr inkişaf etdikcə, cəmiyyət üst səviyyədə formalaşmağa başladıqca insanlar çoxuşaqlılıqdan imtina edir, hətta bəzən, ümumiyyətlə uşaq arzusunda olmayan ailələrə rast gəlirik. Düşüncələr dəyişir”, - deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, hansı inkişaf etmiş ölkəni götürsək, təbii artımda mənfi dinamika görəcəyik: “Buna görə də mən daha çox diqqəti dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində müşahidə edilməyən, amma Azərbaycanın ən ciddi demokrafik bəlasına çevrilən bir məsələyə cəlb etmək istəyirəm. Bu, Azərbaycanda doğulan uşaqların cins tərkibində edilən qəddar basqıdır. Qız uşaqlarına qarşı, onların doğulmasına qarşı olan amansız münasibətdir. Əgər biz inkişaf etmiş sivil cəmiyyətlərdən danışırıqsa, bəli, onların heç birində belə hal yoxdur. Biz boşanma sayında özümüzü Avropa ölkələrinə bərabər etmək istəyirik, amma gender məsələsində özümüzü Afrika qəbilələrində olan insanların düşüncəsində aparırıq. Qız uşaqlarının sayının hər il daha qorxulu dərəcədə azalmasını görürük. Bu tendensiya davam edərsə, yaxın 30-40 il ərzində Azərbaycan doğrudan böyük demoqrafik problem yaşayacaq. Bizi narahat edən məsələ gender problemi olmalıdır”.

Sosioloq Nail Cəlil də AYNA-ya şərhində demoqrafik problemin səbəblərindən danışıb. Onun fikrincə, səbəblər daha çox sosial-iqtisadi amillər, informasiya faktoru, pandemiya vəziyyətindən irəli gələn qadağalarla əlaqəlidir: “Hesab edirəm ki, indiki azalmanın başlıca səbəbi hər üç faktorun əhəmiyyətli dərəcədə kəsişməsi, üst-üstə düşməsi ilə bağlıdır. Toylara qoyulan məhdudiyyətlər, qadağalar ənənəvi evliliklərin, nikahların sayını nəzərəçarpacaq dərəcədə artırdı. Digər tərəfdən, evliliklərin azalması fonunda boşanmaların artması, uşaqların sosial təminatının zəif olması səbəbindən (məsələn, uşaqpulunun ödənilməməsi, sosial müavinətlərin getdikcə azalan həcmi və s.) gənc ailələrdə 1-2 övladla kifayətlənirlər, nəsil artımında, ailələrin böyüməsində maraqlı deyillər”.

Mütəxəssis hesab edir ki, burada mühüm çıxış yollarından biri maddi və mənəvi həvəsləndirmə ilə ailənin böyüməsinin, demoqrafik artımın stimullaşdırılmasıdır: “Bundan ötrü qurulan yeni, gənc ailələlər daha fəal bir şəkildə dəstəklənməli, onların sosial problemlərinin, mənzil-məişət qayğılarının həllinə xüsusi diqqət yetirilməlidir”.

Sosioloq bildirib ki, hər bir halda sosial-demoqrafik proseslərə, ilkin əlamətləri qabarıq görünən demoqrafik böhranın aradan qaldırılmasına dövlətin müdaxiləsi zəruridir: “Hökumət bu istiqamətdə adekvat addımlar atmalı, həll proqramlarını və modelləri ortaya qoymalıdır. Əgər sərt karantin tədbirləri, qadağalar, məhdudiyyətlər daha bir il davam edərsə, son 70 ildə ilk dəfə Azərbaycanın əhalisinin geriyə sayılmasını - azalmasını müşahidə edə bilərik. Oxşar proseslər Rusiyada, Ermənistanda, Belarusda, Ukraynada artıq çoxdan yaşanır”.

“Bu, həm də informasiya faktoru - boşanmaların, natamam ailə modellərinin, "azad" münasibətlərin daha çox təbliğ edilməsi ilə bağlıdır. Hazırkı qadağaların qorunub saxlandığı bir şəraitdə hökumətin demoqrafik siyasəti demək olar ki, nəzərə çarpmır. Bu istiqamətdə yaşanan problemləri, obyektiv, subyektiv meyilləri nəzərə aldıqda hökuməti anlamaq olar, amma təqdir etmək qeyri-mümkündür. Çünki məhdudiyyətlər yoluxma ilə bağlı riskləri yalnız müvəqqəti zəiflədir, aradan qaldırmır”, - deyə Cəlil vurğulayıb.

Həmsöhbətimizin qənaətincə, belə şəraitdə hökumətin edə biləcəyi iki iş var: “Birincisi, məhdudiyyətlərin yumşaldılması, toylara müəyyən şərtlər daxilində icazə verilməsi, iqtisadi fəallığın təşviq edilməsidir. İkinci yol da var ki, bu da sosial siyasətin səmərəliliyinin artırılması, uşaqpulunun verilməsi, sosial yardım tədbirlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsidir. Lakin görünən odur ki, hökumət hələlik nə birinci, nə ikinci fəaliyyət xətti üzrə fəaliyyət platformasını formalaşdırmağa, hərəkət etməyə hazırdır. Hələlik hökumət vəziyyətə müdaxilə etmək, problemləri effektli şəkildə həll etmək potensialını qoruyub saxlayır, lakin bir müddət sonra vəziyyət mürəkkəbləşə və dövlət qurumlarının nəzarətindən, təsir dairəsindən çıxa da bilər”.

Son xəbərlər

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq

Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB

İlham Əliyev Kalaşnikovu qəbul edib

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA

Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt

Bütün xəbərlər