{category-title}

 

 

 

Qarabağda yeni provokasiya: “dil oyunu” nəyə xidmət edir? - TƏHLİL

 


Rusiya sülhməramlıları şərait yaratmasa, yaxud göz yummasa, Xankəndində 10 adam bir yerə toplaşa bilməz, nəinki özünü “parlament” və ya “hökumət” adlandıran qanunsuz qurumlar

Qarabağın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan hissəsində rus dili “ikinci rəsmi dil” elan olunub. Separatçıların oyuncaq parlamenti “dil haqqında qanun”a bu barədə əlavə edib. Müvafiq “qanun layihəsi” bu gün “parlament”də təsdiqlənib. Sənədə əsasən yazışmalar erməni dili ilə yanaşı, ehtiyac olarsa, rus dilində də aparılacaq, iki dildə çap məhsullarının, dərsliklərin, arayış kitabçalarının, müxtəlif ədəbiyyatın nəşri təşviq ediləcək. “Artsaxda Rusiya sülhməramlılarının uzunmüddətli mövcudiyyəti, çoxsaylı sosial və kommunikasiya problemlərinin birgə həllinin vacibliyi, tikinti, səhiyyə, elm və təhsil sahələrində əməkdaşlıq rus dilinin rolunun yenidən qiymətləndirilməsini zəruri edir”, – deyə “sənəd”də qeyd olunur.

Nə baş verir?

Əvvəla, qeyd etmək zəruridir ki, qərarın hər hansı hüquqi qüvvəsi yoxdur və ola da bilməz – bu, bizim üçün mübahisəsiz məsələdir. Amma hadisəni Ermənistanın növbəti qeyri-konstruktiv addımı və yaxud Qarabağdakı bir ovuc separatçının yığışıb, verdiyi əhəmiyyətsiz qərar kimi qiymətləndirmək səthi yanaşma olardı. Narahatlıq doğuran əsas məqam odur ki, Rusiya tərəfindən sülhməramlı əməliyyatın keçirildiyi Azərbaycan ərazisində, yəni faktiki olaraq, Rusiya dövlətinin cavabdeh olduğu zonada Azərbaycan dövlətinin suverenliyinə zidd addımlar atılır, Bakının iradəsindən kənar proseslər cərəyan edir. Təkcə oyuncaq parlamentin toplaşıb, hansısa qərarlar qəbul etməsi faktının özü artıq ciddi siqnaldır. Bu, bir daha göstərir ki, separatçı rejim və onun qurumları fəaliyyətini davam etdirir. Rusiyanın icazəsi olmadan isə bu, mümkün deyil. Sülhməramlıların komandanlığı şərait yaratmasa, yaxud göz yummasa, Xankəndində 10 adam bir yerə toplaşa bilməz, nəinki özünü “parlament” və ya “hökumət” adlandıran qanunsuz qurumlar. Artıq bu məsələdə Azərbaycanın ittiham edəcəyi, baş verənlərə görə məsul sayacağı tərəf Ermənistan deyil. Ermənistanın Qarabağdakı separatçılar üzərində təsiri ola bilsin ki, hələ davam edir, hərçənd, Paşinyanın şəxsi düşməni Vitali Balasanyan “Təhlükəsizlik Şurasının sədri” kimi separatçıların arasında əsas söz sahibinə çevrildikdən sonra onun Ermənistan hökumətinin təlimatı ilə hərəkət etdiyini söyləməyə əsas yoxdur. Amma bununla yanaşı, Ermənistandakı bəzi qüvvələrin, konkretləşdirsək, qarabağlı keçmiş prezidentlər Koçaryan və Sarkisyanın separatçılar üzərində təsirini istisna etmək olmaz. Lakin hətta belə bir təsir olsa belə, yenə də biz sülhməramlı əməliyyat zonasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdid mahiyyəti daşıyan əməllərdə Rusiya amilinin rolunu gözardı edə bilmərik. Bu səbəblə, Azərbaycan dövləti öz qınaqlarını, narazılıqlarını Rusiyaya ünvanlamalı, suallarına Moskvadan cavab istəməlidir.

Xatırlatmaq lazımdır ki, dil məsələsi ötən il 44 günlük müharibənin yekununda imzalanmış 10 noyabr Bəyanatından qısa müddət sonra gündəmə gətirilib. Bu barədə yayılan xəbərlərə Rusiya tərəfinin rəsmi mövqeyi, yumşaq desək, xoşagələn olmamışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 2 dekabr, 2020-ci il tarixində jurnalistlərin mövzuya dair sualına cavab olaraq demişdi ki, Moskva başqa ölkələrdə rus dilinin istifadə olunmasını alqışlayır, lakin bu dilə rəsmi status vermək həmin ölkələrin daxili işidir: “Əlbətə, biz bunu hər vəchlə alqışlayırıq və bundan sonra da rus dilinin yayılmasına və öyrənilməsinə dəstək verməyə hazırıq, bunu öz vəzifəmiz sayırıq”. O, əlavə etmişdi ki, Qarabağda rus dilinə rəsmi dil statusu verilməsi məsələsi danışıqların mövzusu deyil, bu, de-fakto situasiyadır.

Putinin sözçüsünə Qarabağda rus dilinə xüsusi status verilməsi barədə sual ünvanlanır, o isə bunu ölkələrin daxili işi adlandırır. Hansı ölkə? Axı Peskov yaxşı bilirdi ki, söhbət Bakıda – Azərbaycan parlamentində irəli sürülmüş təklifdən getmir. Onun verdiyi mesaj bu idi ki, Moskva bu “de-fakto situasiya”ya isti baxır, çünki rus dilinin yayılması, populyarlaşdırılması Rusiyanın dövlət siyasətidir.

Sirr deyil ki, rus dili Moskvanın öz təsirini yaymaq, nüfuzunu genişləndirmək, möhkəmləndirmək üçün istifadə etdiyi əsas “yumşaq güc” vasitələrindən biridir. Xüsusən də “yaxın xaric” adlandırdıqları keçmiş SSRİ məkanı bu baxımdan Rusiya üçün çox önəmli, həyati əhəmiyyətli coğrafiyadır. Moskva geosiyasi rəqiblərinin bu coğrafiyaya nüfuz etmək cəhdlərinə çox ağrılı yanaşır, hətta bunu birbaşa Rusiya əleyhinə yönəlmiş qəsd kimi qəbul edir. Gürcüstan, Ukrayna və Moldova nümunələri hər kəsin məlumudur. Moskva vaxtilə Abxaziya, Cənubi Osetiya və Dnestrdə sülhməramlı əməliyyata başladıqdan bir müddət sonra yerli əhaliyə Rusiya pasportları paylamağa başlamış, 2008-ci ildə Gürcüstan ordusu Cənubi Osetiyada hərbi əməliyyata başlayanda bunu Rusiya vətəndaşlarına hücum kimi qiymətləndirərək hərbi müdaxilə etmişdi. Moldovanın Dnestr ərazisində, eləcə də Ukraynanın Donetsk və Luqansk regionlarının işğal olunmuş hissəsində də yerli əhalinin önəmli qismi Rusiya pasportu daşıyır. Bu amil Moldova və Ukrayna dövlətlərinin həmin ərazilərdə öz suverenliyini təmin etməsini xeyli çətinləşdirir. Məsələn, Ukrayna sabah itirdiyi əraziləri hərbi yolla geri qaytarmaq istəsə, qarşısında Rusiya Federasiyası Silahlı Qüvvələrini görəcək. Qarabağda erməni separatçılarının rus dili ilə bağlı qərarı da buna xidmət edir, onlar bu tip addımlarla özlərini sığortalamağı hədəfləyir, Rusiya isə öz növbəsində problemin qəti, birdəfəlik həllini istəmədiyi üçün “gec partlayan mina”ların basdırılmasında maraqlıdır ki, gələcəkdə ehtiyac duyanda onlardan istifadə etsin.

Yəni demək istədiyimiz odur ki, Rusiyanın indiyədək postsovet məkanında keçirdiyi sülhməramlı əməliyyatlar mərkəzi hökumətlərin nəzarəti itirdikləri ərazilər üzərində öz suverenliyini bərpa etməsi ilə nəticələnməyib.

Əlbəttə, bu, heç də o demək deyil ki, Qarabağda da eynisi baş verəcək və Rusiya burada Abxaziya və C.Osetiya, ya da Dnestr, Donbas modellərindən birini tətbiq edəcək. Azərbaycan rəhbərliyi bütün bu neqativ təcrübələrdən yaxşı xəbərdardır və şübhə yoxdur ki, bundan sonra da Rusiya ilə ikitərəfli əlaqələrini mümkün qədər isti saxlamağa çalışacaq, şimal ayısının aqressivləşməsinə əsas yaradacaq addımlar atmayacaq. Amma reallıq budur ki, biz öz qərarlarımızda, seçimlərimizdə, siyasətimizdə Rusiya amilini əvvəllər əgər bir dəfə düşünürdüksə, indi iki dəfə düşünmək zorundayıq. Çünki gələcəkdə Moskvanın Qarabağda hansısa təhlükəli ssenarini işə salmayacağına yüzdə yüz təminat yoxdur.
Müəllif: Şahin Cəfərli

Son xəbərlər

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq

Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - Foto

ACF-nin idman direktoru: Hazırkı yeniyetmə cüdoçuların itib-batmasını istəmirik

Ağdərədə sümük fraqmentləri aşkarlanıb

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb

Fərhad Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Laos Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq

Rusiya Volodimir Zelenskini axtarışa verib

Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ

Gimnastlarımız Avropa Kubokunda medal qazandı

Universitet müəllimi vəfat etdi

Müsavat Partiyasının qurultayı KEÇİRİLİR

Azərbaycan neftinin qiyməti 85 dollara düşüb

“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Bütün xəbərlər