pressxeber.info
pressxeber.info

“Narahat olmayın, “Qarabağ” qrupa düşəcək” – Vaqif Sadıqov

25 dəfə baxılıb 23-08-2019, 14:35

“Narahat olmayın, “Qarabağ” qrupa düşəcək” – Vaqif Sadıqov

 

AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində dünən Şimali İrlandiyada “Linfild”ə qarşı keçirdiyi oyunla (2:3) bağlı Qol.az saytının suallarını cavablandırıb.

- “Qarabağ”ın məğlubiyyətini necə şərh edərdiniz?

- Ağdam klubu rəqibdən qat-qat üstün oyun sərgiləyirdi. Ancaq yekun nəticə bizim xeyrimizə olmadı. Ona görə də çempionumuz cavab matçında mütləq qələbə qazanmalıdır və əminəm ki, qazanacaq da. “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanacağına inam böyükdür. Ancaq digər tərəfdən irad kimi deyə bilərəm ki, “Qarabağ” kimi hədəfi böyük olan komandaların bu cür komandalara nəinki məğlub olmağa, hətta onlardan qol buraxmağa da ixtiyarı yoxdur. Bizim komandamız səviyyə baxımından dəfələrlə rəqibdən üstün idi. Ümid edirəm ki, bu məğlubiyyətdən nəticə çıxarılacaq.

- Rəqib 90 dəqiqə ərzində 3-4 hücum etdi və bunların 3-ü qolla nəticələndi. “Qarabağ”dakı hansı səhvlər bu qolların buraxılmasına səbəb oldu?

- Oyun göstərdi ki, rəqibdən çox üstünük. İlk hücumdaca qapımızda qol gördük. Bu qolda komandamız müəyyən boşluqlar verdi. Belə boşluqların nəticəsində “Qarabağ” küncdən zərbə zamanı qapısında  2-ci qolu gördü. Rəqib üçüncü qolu da bizi əks hücumda yaxalayıb vura bildi. Amma ümumilikdə oyun komandamızın üstünlüyü şəraitində keçdi. Buraxılan boşluqlar hesabın bu cür olmasına gətirib çıxardı.

- “Qarabağ”ın yeni transferləri barədə fikirləriniz necədir? Dünənki matçda bu transferlərdən daha biri - Faysal Rerras da qol vurdu.

- Əsas məsələ fərqlənmək deyil. Ümumilikdə “Qarabağ”ın hər il etdiyi transferlər özünü doğruldur. Bu il də biz bunun şahidi oluruq. Komandamız əlavə olaraq eyni mövqeyə iki oyunçu alaraq futbolçular üçün rəqabət imkanı yaradır. Bunun nəticəsi kimi meydana çıxan hər bir yeni futbolçu ən yaxşı keyfiyyətlərini ortaya qoymaqla komandanın xeyrinə çalışır. Dünən də biz bunun şahidi olduq. Faysal zəif təsir bağışlamadı və fərqlənməyi də bacardı. “Qarabağ”da hər bir mövqedə yerli və əcnəbi futbolçular arasında rəqabət var. Rəqabət olan yerdə isə komanda istədiyinə nail ola bilir, inkiçaf edir. Mən dünənki oyunu izləyəndə bir şeyə təəssüfləndim ki, “Qarabağ” bu gün Avropa Liqasının deyil, Çempionlar Liqasının pley-offunda “Ayaks” kimi rəqibə qarşı oynamalı idi. Heyif ki, alınmadı.

- “Qarabağ”dan səfər matçında belə gözləntilər böyük idi. “Linfild” üzərində asanlıqla qələbə qazanacağını düşünənlər də çox idi. Bununla belə məğlub olduq və bundan sonra komandaya sosial şəbəkə üzərindən təzyiqlər artdı.

- Mən belə şeyləri qəbul etmirəm. Biz bir şeyi başa düşməliyik ki, cütün taleyi iki oyunun nəticəsində həll olunur. İndidən demək olar ki, “Qarabağ” azarkeşlərimizin önündə qələbə qazanaraq qrupa vəsiqə qazanacaq. Ən vacibi odur ki, yekunda biz Azərbaycan çempionunu qrupda görək.

- APOEL-lə oyundakı məğlubiyyətin “Linfild”lə matçda futbolçularımızda hansısa psixoloji təsiri qalmışdımı?

- Deməzdim. Çünki “Qarabağ”da peşəkar insanlar çalışır. Peşəkar yanaşma olan yerdə isə mütləq bir çıxış yolu tezliklə tapılacaq. “Qarabağ”ımız uğurlu çıxışlarını davam etdirəcək.

- Bakıdakı matçda tərəflərin şansını necə qiymətləndirirsiz? Ötən mövsümdə də “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində səfərdə Moldovanın “Şerif” klubuna məğlub olmuşdu, amma evdə 3 cavabsız qolla qalib gəldi.

- Artıq siz mənim yerimə suala cavab verdiniz. (gülür). Cavab oyununda ümumiyyətlə, “Linfild”in şansı yoxdur. Bir peşəkar kimi bunu deyirəm. Narahatlığa əsas yoxdur. Başqa cür ola bilməz. Hesab edirəm ki,”Qarabağ” hər matç baxımlı oyun sərgiləyir. Ümidvarıq ki, qrup mərhələsinə düşəndə də rəqibdən asılı olmayaraq ən yaxşı oyununu göstərəcək.   

- Cavab oyunu öncəsi “Qarabağ”a tövsiyələriniz nə olardı?

- “Qarabağ” son illərdə Azərbaycan futbolunda tarixi işlər görüb. Bunun davamını görmək arzusundayam. İnanıram ki, “Qarabağ” bu mövsüm də qrup mərhələsinə vəsiqə qazanaraq hədəfinə çatacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi