{category-title}

Ziyalı ömrünün akkordları

 

 

və yaxud istedad sönməyən ulduzdur...


(Əmir Pəhləvanın ədəbi portreti)

  
Müasir Azərbaycan ədəbiyyatının  və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvanın (Hacılı Əmir Pəhlivan oğlu) yaradıcılığı və gerçəkliyə münasibəti həmişə diqqətçəkən olubdur. O, bir yazıçı, publisist və jurnalist kimi həmişə operativ  tərzdə işləyib, ötən əsrin 80-ci illərindən başlayaraq bu günlərimizə qədər, xüsusən də, müstəqillik illərində bir qləm sahibi kimi, necə deyərlər, ictimai-siyasi və ədəbi həyatın qaynar nöqtələrində olubdur...

  Əslən Naxçıvanlıdır... 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Elə həmin rayonun Cəlil Məmmədquluzadə adına orta məktəbini bitirib (1976). Bu məktəbin adının böyük və dahi bir ədibin – Mirzə Cəlilin daşıması, bəlkə də, ona ilk yaradıcılıq  impulsu verib, gənc Əmirin ürəyində yaradıcılıq işartıları oyadıb, istedadına təpər verib...

  Belə bir deyim və bilim var ki, insanın xarakteri, xasiyyəti öz doğulduğu məkandan qidalanaraq nəşvü-nüma tapır, bir sözlə, insan daha çox doğulduğu torpağa oxşayır. Əmir Pəhləvan da əsrarəngiz təbiəti, gözəlliyi, saflığı ilə fərqlənən Şahbuz bölgəsindən, onun müdrik, işgüzar, halallığa tapınan admlarından çox şey mənimsəyib, başqa sözlə, belə bir coğrafi və ictimai mühit ona ikinci bir həyat məktəbi olubdur...

 
  Belə olmasaydı o, jurnalist təkin çətin və istedad tələb edən bir peşəni seçməzdi... Əmir pərvanə oda şığıyan kimi əsgər həyatından sonra  – Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alır (1980-1985), yaradıcılıq fəallığı ilə diqqəti cəlb edir, mətbuatla sıx əlaqə qura bilir, eyni zamanda Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında "Gəncliyin səsi" proqramının yaradıcısı kimi fəaliyyətə başlayır (1981), səsi və sözü ilə Təbriz küçələrində “Qara gilə” sorağında cövlan edir...

   1985-ci ildə Əmir Hacılı ali məktəbin sonuncu kursunu bitirməmiş "Bakı", "Baku" axşam qəzetlərinə müxbir kimi işə götürülür, gənc jurnalistlərin müəllimi və ustadı olan Nəsir İmanquliyev məktəbini keçir (1985-1988). Sonra o, "Azərbaycan müəllimi" qəzetinə dəvət olunur, 1988-1990-cı illər arası burada müxbir işləyir. İlk, müstəqil mətbuatımızın cığırdaşı olan Azərbaycan Teatr Xadimləri İttifaqının orqanı  "İlham" mədəniyyət qəzetinin təsisçisi və baş redaktoru (1990) kimi tanınır, məşhurlaşır... Bu qəzet o dövrü əks etdirən çoxsaylı mətbu yazıları, sənət, teatr haqqında fikir, mülahizələri ilə mədəniyyət səlnaməsinə çevrilir... İnsaf xatirinə, deyək ki, o dövrdə Azərbaycan mühitində ilk demokratik xalqçı mətbu nəşri olan "İlham” qəzeti yeni dövr üçün cəmiyyətdə mədəniyyət və mədəniyyətdaşlığımızın çağdaş bünövrəsini qoyur. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist-jurnalist kimi tanınan Əmir Pəhləvanın "O Ay bir də doğmayacaq" adlı ilk kitabı da çapdan çıxır...


    Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə  Əmirin bütün yazılarında xalqın sərt və dönümsüz  tale yüklü problemləri  diqqət mərkəzinə çəkilir. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq əsarətə boyun əyməkdən qaçırlar. O, bütün bunları, sadəcə, təsvir eləmir, çəkilən əzablara, iztirablara, məşəqqətlərə qoşulur, inanır ki, yerdən "yuxarı" ulu bir varlıq var! Və bu ulu varlığa, bir də qələminə sığınır...


  Belə bir əqidə və inam, zamanı duymaq qabliyyəti, istedadla təşkilatçılığı birləşdirə bilmək bacarığı publicist, yazıçı - şair Əmir Pəhləvanı həm zamanın axarı, həm də istedadı qiymətləndirən, istedadın qədrini bilən Nüsrət Kəsəmənli, kinorejissor Vaqif Mustafayev kimi insanların qayğısı və köməyi, hardasa təhriki ilə kinoya gətirir. Daha doğrusu, o, qəzetdə  "deyə bilmədiyi" Azərbaycan həqiqətlərini – Azərbaycanın ağrı-acılarını ekran vasitəsilə dünya ictimayyətinə çatdırmaq istəyi ilə kinoya gəlir və ekran dili ilə - görümlü və duyumlu bir dillə bunları imkan daxilində dünyaya çatdıra bilir...


   O, "Step LTD" kinoşirkətini təsis edir (1995), şirkətin xəttilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Svilizasiya beşiyi – Çin”, “Tahirə” və başqa  15-dən çox sənədli ekran əsərlərinin müəllifi və rejissoru olur;  adlarından da, göründüyü kimi, bu filmlərində tariximizin, taleyimizin, türklüyümüzün, mənsub olduğumuz milli sivlizasiyamızın maraqlı səhifələrini canlandırmış, onlara ekran həyatı bəxş edərək dünya mədəniyyəti siferasına çıxarmışdır...


  Ekran canlıdır, görümlüdür, duyumludur və böyük missiyası var, ən ümdəsi sərhəd tanımır, ayaq tutub dünya arenasında addımlayır, tanıdır, tanıtdırır, çərəf və şöhrət gətirir...

 
  Bir mühüm faktı qeyd edək ki, Əmir Pəhləvan istedadlı bir sissenarist və bacarıqlı, yenilikçi bir rejissor kimi qərbləşməyə Paris dəbi kimi baxanların içində mədəni köləliyi "Fransız" adlı filmi ilə damğalayır. Bu filmin ideya-estetik qayəsini Mirzə Cəlilin dahiyanə şəkildə, milli yanarlıqla qələmə aldığı  “Anamın kitabı” ilə də müqayisə edirlər... Əslində bu filmə kino tənqidçilərinin bir cür, tamaşaçıların başqa bir cür baxışı var. Müəllif burda millətin ağrılı yerini göstərmək istəmişdir. Cəmiyyətdə yiyəsizlik, sahibsizlik, düşüncəsizlik, məsuliyyətsizlik və səviyyəsizlik baş alıb getdiyi bir məqamda bu reallığı göstərmək elə Mirzə Cəlil kimi milli heysiyyət və cəsarət istəyirdi... Əmir Pəhləvan bunu ekran dilində tragikomediya kimi sarkazm səviyyəsində təqdim edə bilibdir.  Əsərin qəhrəmanı ana dilində danışmaq istəmir. Bu nə deməkdir?! Anan səni dünyaya gətirəndə bağrına basıb ana dilində layla çalıb, əzizləyib. Sən ananın dilini necə unuda bilərsən?! Ana dilini unudursansa, vətəni, özünü, qan yaddaşını unudursan. Bu bizim xalqın taleində vaxtaşırı özünü biruzə verən milli faciəmizdir ki, Mirzə Cəlillər buna qarşı mübarizə aparıblar. O baxımdan Əmir Pəhləvanın ekran yozumunda “Fransız” filminin çox böyük tarixi əhəmiyyəti var...   Növbəti "Qarabağ şikəstəsi" filmi ilə o, Azərbaycanın acı taleyini, qismətinə qaçqınlıq düşmüş insanların vətən nisgilini sirayətedici incə bir yumorla ekrana gətirir. Bu filmlər yeniləşən Azərbaycanda sovet kino incəsənətinin standart stereotiplərini və şablonçuluğunu dağıdaraq  milli kinomuza, kino-dramaturgiyamıza yenilik gətirir...


    Onu da, xatırladım ki, Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallara çıxmış və ölkənin kino sənətini ləyaqətlə təmsil etmişdir. Bunun özü də, kino tariximizin ilkinlərindən idi... 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatında milli və rəsmi dövlət atributlarımızdan olan Bayrağımıza həsr etdiyi "Spasibo" adlı bədii filmi Hollivud sənədli  filmlər festivalında mükafata layiq görülmüş və Los-Ancelesin  18 telekanalında yayımlanmışdır. "Bakı nefti və Nobellər" adlı üçhissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən "Üç qitə" kinofestivalında 2 medala layiq görülmüşdür.  Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanmışdır ki, bütün bunlar Azərbaycan mədəniyyətinin çox mühüm və dəyərli faktlarındandır...


   Belə ki, Əmir Pəhləvan Azərbaycan kinosunu  Qərb auditoriyasına çıxarmaq kimi olduqca  vacib və mühüm bir  işi həyata keçirmişdir. Bütün qısqanclıqlardan uzaq, onu da, deyim ki, bir çox Avropa xalqlarının, eləcə də possovet məkanındakı dilləri bilməyi – poliqot olmağı Əmir Pəhləvana imkan yaratmışdır ki,  Azərbaycan mədəniyyətinin Avropa ölkələrinə inteqrasiysında müstəsna xidmətlər göstərə bilsin və bu sahədə onun əməyi və zəhməti böyükdür...


  Əmir Pəhləvanın yaradıcılığı, ədəbi-mədəni və ictimai fəaliyyəti çoxcəhətlidir, rəngarəngdir, müxtəlif rakurslarda və istiqamətlərdə işləkdir, özü də yüksək dərəcədə səmərəlidir... Onun  yaradıcılıq uğurları beynəlxalq standartlara uyğun gəldiyindən həmişə təmkin və təminatla Avropa mədəniyyəti siferasına daxil olur və Azərbaycan ədəbiyyatını, mədəniyyətini bacarıqla təmsil edir...

   
Ədəbi-mədəni faktlara və bunların yayılma coğrafiyasına diqqət yetirək. İndiyədək Əmir Pəhləvanın Azərbaycanda və dünyanın müxtəlif ölkələrində 50-dən artıq kitabı çap edilib. 30 kitabı Azərbaycanda, 5 kitabı Ukraynada, 8 əsəri digər slavyan ölkələrində, xeyli kitabı keçmiş possovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada, Türkiyədə çap olunub.

   
"Bakılı Nobel", "Neft taleli Nobel",“Ayrılıq”, “Səfir”  "İsa, Məryəm və Sona" sənədli romanları, "Bakı nefti və Nobellər" üç hissəli sənədli filmi DVD formasında Almaniyada işıq üzü görərək, yüksək tirajla dünya oxucularına və tamaşaçılarına təqdim edilib. Kursivlə qeyd edim ki, AMERIKADA NƏŞR OLUNAN ƏN NÜFUZLU ƏDƏBİ-BƏDİİ MƏTBUAT DƏRGİSİ - "DÜNYA ƏDƏBİYYATI BU GÜN" JURNALI POSTSOVET  MƏKANDAN 42 YAZIÇININ ƏSƏRLƏRİNI TƏBLİĞ VƏ TƏQDİR EDİR. ONLARDAN BİRİ DƏ MƏHZ, ƏMİR PƏHLƏVANDIR.


  Əmir Pəhləvan bir ziyalı kimi beynəlxalq arenada nüfuz qazanmışdır. O, xaricdə, xüsusən də Avropada Azərbaycan diasporunun beynəlxalq miqyaslı tədbirlərində yaxından iştirak edir. Əmir Pəhləvan Berlində 2006-cı ildən fəaliyyət göstərən və fəal mədəniyyət mərkəzi olan “Azərbaycan evi”nin əsas, nüfuzlu təşkilatçılarından biridir...


   Onun ən populyar, geniş oxucu arenasında yyılan – “O Ay bir də doğmayacaq”, “Qalxın, Cavid gəlir!”, “Əkilən başlardı, torpaq əkilmir”, “Turan türküləri”, “Səfir”, “Təbrizim, türk izim!”, “Kəngərlər”, “Türklüyün yol xəritəsi”,  “Yaşamağı bacarmaq lazımdır”, “Azərbaycan şərqiləri”,  “Vətən dahiləri” ( l – ll hissə ) kitablarının adlarını çəkə bilərik,  "İnsan və İblis" pyesi  isə Bakı Bələdiyyə Teatrında (1999), "İstədiyim yar idi…"  librettosu da Musiqili Komediya Teatrında (2009) səhnələşdirilib və maraqla qarşılanıbdır...

 
   İki monumental cilddən ibarət olan “Vətən dahiləri”  ensklopedik siqlətli kitabı Azərbaycan ədəbiyyatının nadir incilərindəndir. Birinci kitaba məzmunlu və əhatəli  “Ön söz”ü  Xalq şairi Sabir Rüstəmxanlı, ikinci kitaba isə ön sözü Xalq şairi Vahid Əziz yazıb. Kitablarda müxtəlif dövrlərdə yaşamış elm-sənət adamlarının, əfsanəvi və tarixi qəhrəmanların, tanınmış şəxsiyyətlərin həyat və yaradıcılıqları araşdırılıb və onların hər birinə şeirlər həsr olunub. Şeirlərin əksəriyyəti həsr olunduğu şəxsin kimliyinin və xidmətlərinin daha aydın və əhatəli dərk olunmasına yardım məqsədi daşıyır. Şeirlərdə əksəriyyəti müxtəlif talelər yaşamış bu tarixi şəxsiyyətlər haqqında müfəssəl duyğular lirik ricətlərlə verilir. Sanki, bu şeirlər bu şəxslər haqqında biblioqrafik məlumatların davamı kimi gəlir. Amma bu, ustalıqla mükəmməlcəsinə bədii boyalarla və bəlağətli oxşatmalarla həyata keçirilir. Kitabı oxuduqca bir daha əmin olursan ki, Azərbaycan türkləri ta qədimdən müəyyən intellektual və emosional keyfiyyətləri ilə fərqlənmişlər.

  
 Deyim ki, Əmir Pəhləvan ilhamla və yorulmadan böyük yaradıcılıq işi görmüş və sevib-seçdiyi şəxslərin yalnız ona məxsus bir tərzdə bitgin, canlı poetik portretlərini yaratmışdır...

  
  Nümunə üçün onun   böyük türk sərkərdələri Əmir Teymura və Nuru Paşaya həsr etdiyi ədəbi-bədii oçerki təqdim edirəm: “Dünyanın fateh sərkərdəsi Əmir Teymurun həmişə əziz olan parlaq xatirəsinə ithaf etdiyim bu yazıda öncə sərkərdənin uşaqlıq illərinə nəzər salaq. O, 1336-ci ilin 9 aprel tarixində, Mərkəzi Asiyada Keş şəhərinin yaxınlığındakı Hoca-İlqar kəndində dünyaya gəlib. Onun uşaqlıq və gənclik illəri Keş dağlarında keçib. Gənc olarkən Teymur ov etməyi, at yarışlarını, nizə tullamağı və ox atmağı çox sevirdi. O, hələ uşaq olarkən hərbi oyunlara böyük maraq göstərirdi. Tarağayın yanında qulluq edən atəbəylər 10 yaşından etibarən Teymurun tərbiyəsi ilə məşğul olmağa başlayıblar. Onlar Teymura idman oyunlarını və hərb sənətinin sirlərini dərindən öyrədiblər. Teymur çox cəsur və təmkinli insan olub. Ayıq mühakimə yürütmək keyfiyyətinə malik olan Teymur ən çətin anlarda ən düzgün qərarları qəbul etməyi bacarıb. Xasiyyətinin bu xüsusiyyətləri insanları ona cəlb edirdi. Teymur barədə mənbələrdə olan ilk məlumatlar 1361-ci ildən etibarən onun siyasi fəalliyyətə başlaması ilə meydana gəlib.
   Əmir Teymur 18 Fevral 1405 tarixində, Çinə səfərə gedərkən Otrar’da 69 yaşında öldü. Ölüm səbəbi qulunc idi. Dərhal, Səmərqəndə gətirilərək nəvəsi Xəlil Sultan tərəfindən, daha əvvəl ölmüş olan nəvəsi Məhəmməd Sultanın Ruh Abâd yaxınlarındakı mədrəsəsinə dəfn edildi. Teymur, nəvəsi Məhəmməd Sultanı taxtının varisi kimi görürdü. Ancaq Məhəmməd Sultanın 1404-ci ildə, gözlənilməz şəkildə gənc yaşında ölümünün ardından Teymur bu çox sevdiyi və ardılı olaraq gördüyü nəvəsi üçün Səmərqəndin seçmə bir təpəsində adına yaraşar bir böyük mozeleum inşasını əmr etmiş Məhəmməd Sultan bura dəfn edilmişdi. Mozeleum, abidə məzar, məscidi və mədrəsə strukturlarından meydana gəlirdi. Teymur da ölümünün ardından çox sevdiyi nəvəsinin yanına dəfn edildi. O zamandan sonra Gur Əmr, bütün Teymur xanədanın birlikdə yatdığı abidə məzar vəziyyətinə gətirildi. Teymurun ölümündən sonra oğlu Şahruh, digər oğlu Miranşah və nəvəsi Uluqbəy bura dəfn edildi. Gur Emir Mavzoleyi yeddi hissədən ibarət idi: Sağda müsəlmanların dua etdiyi hanaka, solda mədrəsə və mərkəzdə mosoleum, iki tərəfində abidəsi tamamlayan iki minarə. Mədrəsə və hanaka günümüzə çata bilməmişdir. Abidənin yüksək qübbəsinin altında üç sıra halında yan-yana yatan on qədər mərmər məzar daşı olmaqla birlikdə Yalnız Teymurun mezartaşı qara rəngdə nephritis daşıdır ancaq bura simvolik məzardır. Gerçək məzar bu salonun altındakı salonda var və ziyarətə açıq değildir.Teymurun bədəni, daş lahdinin içində yatmaqdadır. İslam ənənəsi ilə başı Məkkədəki Kəbəyə istiqamətlidir. Orta Asiya ənənəsində müqəddəs ölülərin məzarlarına qoyulan at quyruğunun burada da olduğu mozelenin təmiri əsnasında ortaya çıxarılmışdır.


Atabəylər ocağından od almısan,
Şəmsəddin tək Turanımda ucalmısan,
Tarix deyə bilməz sənə, qocalmısan,
Əmir Teymur, əbədiyyən gənc qalmısan,
Alqış olsun yürüşünə səfərinə,
Türk dünyamı yaşatdığın zəfərinə!


Ulu Əmir! Turan yolun, yolumuzdu,
Vuran qolun qolumuzdu,
Türk imanın İslam, Quran yolumuzdu.
Alqış olsun yürüşünə səfərinə,
Türk dünyamı yaşatdığın zəfərinə!


Sən Babəkin, Eldənizin davamçısı,
Sən Allahın şər üstündə öz qamçısı,
Sən İblisə qarşı türkün yardımçısı,
Alqış olsun yürüşünə səfərinə,
Türk dünyamı yaşatdığın zəfərinə!


Əbədidir bu açdığın yolun sənin,
Oğuz, səlcuq, karluk, qıpçaq qolun sənin,
Sevər səni Ata, Ana – dolun sənin,
Alqış olsun yürüşünə səfərinə,
Türk dünyamı yaşatdığın zəfərinə!”

   
 “Tarixi şəxsiyyət Nuru Paşa Qafqaz İslаm Оrdusunun kоmаndаnı vəzifəsinə 29 yаşında təyin оlunub. Gənc yaşında göstərdiyi qəhrəmanlıqlara görə, ona növbədənkənаr gеnеrаl-mаyоr rütbəsi vеrilib. O da təsadüfi deyil ki, Nuru Paşa 1918-ci ilin mаyındа Аzərbаycаnа gələrək Qafqaz İslаm Оrdusunun yаrаdılmаsındа və təşkilаtlаnmаsındа, Аzərbаycаnа türk qüvvələrinin vаxtındа gətirilməsində, nəhаyət, Аzərbаycаnın düşmənlərdən təmizlənməsində böyük rоl оynаyıb. Nuru Paşanın qоşunlаrı 1918-ci il iyunun 17-dən sеntyаbrın 14-dək bir-birinin аrdıncа uğurlu döyüş əməliyyаtlаrı аpаrаrаq Аzərbаycаn tоrpаqlаrını bоlşеvik-dаşnаk qüvvələrindən təmizlədi və həmin ilin 15 sеntyаbrındа Bakını аzаd еdib. Onun qəhrəmanlıqlarından bəhs edən bu şerimdə Nuru Paşanın şəxsiyyətinə olan hörməti tam səmimiyyətimlə dilə gətirməyə çalışmışam:


Paşam dirigözlü açar səhəri,
Döyüşlərdə kişnədər ağ kəhəri,
Boz qurd kimi ucalar hər zəfəri,
Sən qalib ordunun komutanısan!


Göy üzündə şimşək kimi çaxardı,
Yer üzünə alov töküb yağardı,
Yağıları süngüsünə taxardı,
Sən qalib ordunun komutanısan!


Bakımızın xilasgarı, Qacarı,
Çətin anda bura saldın güzarı,
Darvazası, həm kilidi, açarı,
Sən qalib ordunun komutanısan!


Saqqallı, yaraqlı xoxan gədalar,
Üz üstə uzanan, yatan gədalar,
Döyüş meydanından qaçan gədalar,
Sən qalib ordunun komutanısan!


Silaha sarıldın könüldən, candan,
Vartuşlar can verdi sənə bir yandan,
Beləcə qurtardın Bakını qandan,
Sən qalib ordunun komutanısan!


Qaranca danışır qara köpəklər,
Düşüblər tələyə, tora köpəklər,
Yambızı qaysaxlı yara köpəklər,
Sən qalib ordunun komutanısan!


Dillər əzbəridi sənin soyadın,
Külək nə aparar daşdan, qayadan,
Türk oğlu bəllidi süddən, mayadan,
Sən qalib ordunun komutanısan!


Turanı türklərsiz qalamaq olmaz,
Odsuz samavarı odlamaq olmaz,
Türkün taleyi ilə oynamaq olmaz,
Sən qalib ordunun komutanısan!


Yürüşün mübarək, adın mübarək,
Ocağın mübarək, odun mübarək,
Daddın qələbənin dadın, mübarək,
Sən qalib ordunun komutanısan!


   Əmir Pəhləvan belə bir böyük işin öhdəsindən məharətlə gəlib. Mahiyyət etibarilə poetik publisistik ensiklopediya məzmunu daşıyan əsər Dədə Qorqudla başlayıb, çağdaş şəxsiyyətlərlə qurtarır. İkinci kitab bütünlüklə yeni dövr Azərbaycan ədəbiyyatı və mədəniyyəti xadimlərini əhatə edir.

 
  Əmir Pəhləvanın müəllifi olduğu “Vətən dahiləri" kitabı tək Azərbaycanı deyil, həmçinin bütün Avrasiya coğrafiyasını əhatə etdiyindən bu gün üçün daha da aktualdır. Əlbəttə, bu insanların böyük əksəriyyəti həm Azərbaycan, həm də türk-slavyan dünyası ilə bağlıdırlar. Kitabda dahi rus mütəfəkkiri Lev Qmulyovun anası Anna Axmatovaya xüsusi yer ayrılması və ona ithaf edilən şeir olduqca dəyərlidir və mühüm əhəmiyyət daşıyır. Yaxud da, rus şərqşünaslıq elminin banilərindən biri Mirzə Kazım Bəyə ithaf edilən şeir bu və ya digər formada avrasiyaçılıq baxımından xüsusi əhəmiyyətə malikdir. O cümlədən, Nəsrəddin Tusi, Əmir Teymur, Nəimi, Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Faiq Bağırzadə və başqa şəxsiyyətlər Avrasiya coğrafiyasında böyük təsirə malik söz sahibləri kimi Azərbaycan oxucularına, bir daha, Əmir Pəhləvanın baxış bucağından təqdim edilir…

 
  Dahilər heç vaxt ölmür. Onların keçdiyi əzablı, məşəqqətli, keşməkeşli tarıx yol bizim qan yaddaşımızdır. Şərəf və qürur mənbəyi olan bu müqədəs YOL bizim həyat və tale yolumuzdur.  Əmir Pəhləvan özünəməxsu bir ədəbi formatda onların bizlərə və vətənə bəxş etdikləri böyük bir mənəvi irsi qan yaddaşımızda yenidən canlandırmağ nail olmuşdur... Fikrimizcə, Əmir Pəhləvanın “Vətən dahiləri” iki cildlik kitabı Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə yeni bir töhfədir!

 
   Əmir Pəhləvanın şəxsiyyəini və yaradıcılığını qədrşünaslıqla qiymətləndirən, dəyərləndirən böyük Azərbaycan şairləri Məmməd Arazın və Bəxtiyar Vahabzadənin fikirlərinə şərhsiz diqqət kəsilək:


Xalq şairi Məmməd Araz:


“Əmir Pəhləvan Buz bulaqlı-Batabatlı Şahbuzun şair oğludur. “Bir qəlbin səmimi duyğularla dolu lirika aləmidir. 


Mən də can verirəm - Şahbuzdan ötrü,
Babamın, atamın qəbri ordadır,
İlk səsim, ilk sözüm, ilk məhəbbətim,
Uşaqlıq dünyamın səbri ordadır.


   Bu misraları uca-uca dağların, qayaların doğurduğu əks-sədaların ekizi sayıram. Məncə, çoxlarının publisist, yazıçı-dramaturq, kinorejissor və ssenarist kimi tanıdığı Əmirdən onu bir təkcə bu şeiriyyət ayırır. Lirika dünyasında Əmir Pəhləvan Şahbuzun şairidir. …Mənə elə gəldi ki, qoynunda bu əzəli və əbədi şərqiləri oxuduğu Azərbaycanımız da elə Şahbuzdur. Bütün dünya başdan- başa Şahənşahlar yurdu Şahbuzun şahlıq taxtına dayanıb durub” - deyirdi: 


Bir əlçim Günəşəm, bir əlçim Alov,
Torpağın köksündə çağlayan qanam,
Şahbuz dağlarından üzü sabaha,
Yeriyən bir parça Azərbaycanam.


   Vətən sevgisi onun ən kiçik bir hissəsinə olan sevgi qədərdir. Əgər sən öz evini, küçəni, el-obanı sevmirsənsə, onda sənin dünya vətəndaşı, şəxsiyyət olmağın da imkan xaricindədir. Mən sevinirəm ki, Əmir Pəhləvanın şeir gülzarındakı çiçəklər Şahbuz ətirlidir, tuti dilli nəğmələr Şahbuz ahənglidir, xınalı qafiyələr Şahbuz gözəlləmələridir. Bunları oxucuya mən - Məmməd Araz deyirəm. Bu sözlərin ünvanı yalnız bu gün deyil, “Azərbaycan şərqiləri”ni zamanı aşan bir kitab sayıram. Olsun ki, 50 il, 100 il, beş əsr sonra da... Əmir Pəhləvanın bu qadir, əfsanəvi, nəğməli “Azərbaycan şərqiləri” həmişə doğma Şahbuzumuzun şirin dilində ötəcək.
Mən buna inanıram. Özümə, sözümə inandığım qədər.”


    Xalq şairi Bəxtiyar Vahabzadə. Onun Əmirə ünvanladığı məktubda oxuyuruq: 
“Sizi, ulu Məmmədəminin yaratdığı Universitetin məzunları sırasında barmaqla sayılan millətçi gənclərimizdən biri hesab edirəm. Bizim millətimizin bu günündə ürəyi böyük Turan - böyük Türkiyə - böyük Azərbaycan eşqi ilə yanan ziyalılarımıza çox ehtiyacımız var. Mən sizin yaratdığınız müstəqil milli mətbuata - “İLHAM” kültür qəzetinə, çəkdiyiniz fövqəlmilli və həm də satirik ifşaçı bədii filmlərə, şeirlərinizə, dramaturji yaradıcılığınıza, xüsusilə, Bakı Bələdiyyə Teatrında 1999-cu ildə böyük qalmaqalla səhnəyə qoyulmuş “İnsan və İblis” tarixi-fəlsəfi pyesinizə çox yaxından bələdəm.
Sizin kimi - millətimizin gözünün işığı olan bir ziyalıya qarşı baş verən haqsız təqiblərdən - terror və təhdidlərdən də xəbərim var. Nə edəsən ki, bizim cəmiyyət istədiklərini öncə özü öldürür, sonra da göylərə qaldırır. Bu mənhus ənənə Turan əşirətli xalqlara qarşı bu günəcən düşmənlərimizin gizli işləkləri nəticəsində sürüb gəlir və sonda Azərbaycan türkünün ayağına yazılır. Halbuki bu əxlaqsızlığı başımıza indiyəcən vurmuş və vurmaqda olan namərdlər, satqınlar və xainlər olmuşlar.
Oğlum Əmir, səni mənəvi övlad saymağımı sözgəlişi hesab etmə. Həqiqətən mənim “Gülüstan” poemamda qaladığım milli azadlıq ocağının bir közü də Əmir Pəhləvandır. Eşidəndə ki, “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız Qalası”, “Bakı nefti və Nobellər”, “Avtoritet” və s. filmlərin ssenari müəllifi və rejissoru Əmir Pəhləvan, həmçinin oxucuların görüşünə “Turan türküləri” adlanan yeni kitabında həm də öz şeirləri ilə gəlir, sevincim birə min oldu. Bu gözəl kitabdakı poeziya həqiqətən Turan ruhunun parlaq ifadəsidir. Ümidvaram ki, bu kitab son türkünüz olmayacaqdır, qədim Azərbaycanımızın, Ulu Tanrının müqəddəs poeziya qəsrinə “Xoş gəlmisən” deyirəm”.

 
  Onun “Sərkərdə ” (2013) və “Zemlya Velikix” (2014) poemalarında da türk dünyasının tarixi əks edilib. “Zemlya Velikix” kitabında qırğız xalqının şərəfli qəhrəmanlıq tarixi, qırğız türklərinin kişiliyi, qeyrəti vəsf edilib. Kitab Qırğızıstan prezidenti Almazbək Atambekova həsr olunub.  Qirğzistan Prezidenti möhtərəm Almazbek Atambekov başda olmaqla, Taktakul Satılqanov, Yusif Balasaqunlu, Çingiz Aytmatov və Manas eposu haqqında poetik düşüncələr və tarixi faktlar oxucuların marağına səbəb olub. Bu kitabda, əslində, Türklüyün Ruhu yad edilib, bu ruhun daşıyıcıları olan  dahi şəxsiyyətlərini türk dünyasına nümunə göstərilmiş, böyük turançılığın panturanizm olmadığı  söylənilmişdir.

    
 Qırğızıstan Respublikasının Prezidenti  Almazbek Atambekov 2014-cü ildə yazıçı – dramaturq Əmir Pəhləvanı “Türkün Yol xəritəsi” və “Sərkərdə ”, “Manas bayatıları”, “Dahilər yurdu” kitablarına görə ölkənin yüksək mükafatı sayılan -“Aykol Manas” və “Ak İlbirs” mükafatı ilə təltif edibdir. Kitablar Azərbaycan, Gürcüstan, Dağıstan və Şimali Qafqazda da yayılıb...

 
  Əmir Pəhləvan steorotiplərdən, şablonçuluqdan uzaq, orjinal  ədəbi, bədii və ictimai fəaliyyəti ilə Avropada və Rusiyada Azərbaycan diaspor təşkilatlarında və Türk dünyası ölkələrində tanınan ziyalılarımızdandır. Təsadüf hesab etmək olmaz ki, Əmir Pəhləvan  Qırğızıstan, Qazaxstan və Quzey Kibriz Türk Cümhuriyyətlərinin Dövlət mükafatları Laureatidır. Qırğızıstan Respublikasının “Manas” mükafatçısıdır. Həmçinin o,  “Humanatarian aword”-Amerika, “Qran Pri”- Almaniya, “Nant”medali-Fransa, “Üç qitə” medalı – Fransa,”Qızıl lent”- Azərbaycan, “Dünya səfiri” – Amerika-Yaponya, ” World Literature Today” jurnalının mükafatı – Amerika və başqa mükafatların sahibidir... Əlbəttə, Avropanın böyük dövlətləri tərəfindən verilən mükafatlar çox önəmlidir, gözəldir. Əmir Pəhləvan Los Angeles-də "İnsanlıq” mükafatını alıbdır. Deyilənə görə, bu mükafatı Əmir Pəhləvana qədər possovet məkanında heç kəs almayıbdır...


  Təkcə Əmir Pəhləvanın həyatında deyil, Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox böyük, əzəmi hadisələrdən biri də budur ki, Qazaxıstan Respublikasının sabiq  Prezidenti, Türk dünyasının əvəzsiz lideri, Qazax xalqının əbədi atası elan edilmiş Nursultan Nazarbayev Abışoviç  yazıçı-publisist, kinorejissor Əmir Pəhləvanın 60 illik yubileyinə təbrik məktubu göndərib və onun şəxsiyyətini, yaradıcılığını yüksək qiymətləndiribdir...
   Qazaxıstan Respublikasının Prezident Aparatından Nursultan Nazarbayevin Əmir Pəhləvanın 60 illik yubileyinə təbrik məktubu barədə məlumatı Prezidentin köməkçisi Klara xanım Muxamova telefonla bildirib və bu əvəzsiz qiymətə malik rəsmi məktub faksimelisi ilə Azərbaycan mətbuatında dərc edilibdir...

  
Yeri gəlmişkən, o dövrdə mətbuatda dərc edilmiş rəsmi xronika və şəkillərdən əldə etdiyimiz dəyərli bir faktı da qeyd edim ki, Əmir Pəhləvan hər jurnalistə nəsib olmayan ilk Azərbaycanlı jurnalistidir ki, Türkiyənin Cumurbaşqanı Süleyman Dəmirəllə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri Heydər Əliyevin rəsmi görüşünün iştirakçısı olub və hər iki liderə kitabını avtoqrafla təqdim etmək kimi xoşbəxt anlar keçirmək səlahiyyəti əldə edibdir...


   Əmir Pəhləvan geniş yaradıcılıq diapozonuna , orjinal dəst xətdə, özünəməxsus üsluba, lakonik deyim tərzinə malik, yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil edən istedadlı, təpərli, işgüzar, yollardan yorulmayan, daim axtaran qələm əhlidir... Vətəninə, torpağına, müstəqil dövlətçiliyinə - müasir Azərbaycan birliyinə sıx bağlı vətənpərvər, vətəndaş ziyalılarımızdandır... O, bütün şüurlu ömrünü Azərbaycan mətbuatının, jurnalistikamızın, mədəniyyətimizin çiçəklənməsinə, inkişafına, təbliğinə -- dünya miqyasında tanınmasına sərf edibdir... Harada yaşamaından asılı olmayaraq Azərbaycan və Azərbaycan dövlətçiliyi  onun üçün əvəzedilməz bir müqəddəslikdir. Özü belə deyir: “Mənə görə Qafqaz bütün dünya xalqlarının ana beşiyidir. Avropada bu gün onların sivil hesab etdiyi toplum məhz böyük və kiçik Qafqaz sıra dağları arasında ümumdünya etnoslar izdivacından törəyib. Odlar diyarı Azərbaycan Qafqazın göz  bəbəyidir, Günəşidir. Mənin üçün Azərbaycan bəşəriyyətin cənnət bir guşəsidir. Bakı mənim şah damarımdır. Bakı məni bir körpə kimi böyüdüb. Mavi Xəzər laylamı çalıb. Ali təhsilimi Bakıda almışam. "Bakı"-"Baku" qəzetlərində işləmişəm. Bakı şəhərinin "mətbuat yayımı" firmasının rəhbəri olmuşam. İki oğul payı verib Bakı mənə. Bakı bu gün mənim arxamdı, Bakını çox sevirəm, bakılılara sonsuz sevgilərim var...”


   Müsahibələrinin birində belə bir etirafda da, bulunubdur: “Oxucularımın və tamaşaçılarımın gözlərindən yayınaraq, nə artıq tərifə, nə də əskik tənqidə bürünə bilmərəm. 40 illik  jurnalist təcrübəsi olan bir insan kimi səmimi etiraf etmək istəyirəm ki, gözəl parıltılarda, qulaqları çığırtılarda olanların  xəstə dünyasında Ziqmund Freydə böyük ehtiyac var: “Mən sadə adamam, amma sadəlövh deyiləm. Öz daxili senzuram var. Bu, ləyaqət senzurasıdır.”

 
   Harada olur-olsun, millətinn və dövlətinin qarşısında həmişə alnıçıq olan Əmir Pəhləvan ilhamlı, məhsuldar bir yazıçı-publisist, araşdırıcı jurnalist, şair, kino-dramaturq, kino-rejissor kimi 60 illik ləyaqətli ömrünün dolaylarındadır və bu xatırlatdığımız faktlar şərəfli bir ziyalı ömrünün fəxr ediləcək həyat və fəaliyyətindən qəlpələrdir, hər qələm əhlinə nəsib olmayan ziyalı ömrünün akkordlarıdır...  Belə bir deyim də var: “İstedad sönməyən ulduzdur!” Əmir Pəhləvanən ömrünün elə çağıdır ki, ədəbiyyat camemizin üfüqlərində onun istedadının ulduzu daha parlaq görsənir...

 
Qələm dostları dediyi kimi, 60 yaşın ekvatorunu adlayan, 40 illik yaradıcılıq təcrübəsi olan  Əmir Pəhləvana uzun ömür, can sağlığı,  Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafı naminə ağır, məsuliyyətli yaradıcılıq yollarında mətin addımlarla irəliləməyi, yeni-yeni uğurlar qazanmağı arzu edirik.

 

 

Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas, doktor-profesor.

29.07.2019.

Son xəbərlər

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Bütün xəbərlər