pressxeber.info
pressxeber.info

“Bağımızı zəbt edənlər ötən yay Mingəçevir SES-də yanğın olanda şadyanalıq edirdilər...” - GİLEY

105 dəfə baxılıb 4-07-2019, 11:53

“Bağımızı zəbt edənlər ötən yay Mingəçevir SES-də yanğın olanda şadyanalıq edirdilər...” - GİLEY

 Moderator.az redaksiyasına Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhər sakini, keçmiş hərbi qulluqçu Əliyeva Bahar Əli qızının Baş Prokuror Zakir Qaralova ünvanlanmış müraciəti daxil olub. Vətəndaş həmin müraciətin saytımız vasitəsilə ictimailəşdirilməsini xahiş edib. 

Müraciətdə deyilir:

"Hörmətli cənab Baş Prokuror!

Bəzilərinin qanunsuz hərəkətləri sayəsində həyatımızda yaranan süni problemlərlə yanaşı, mənim və doğmalarımın şəxsi təhlükəsizliyi də təhdid altında olduğundan Sizə müraciət edərək vaxtınızı almaq məcburiyyətində qalıram.
Məni- Azərbaycan Respublikası vətəndaşını, qanuni halalca mülkümü zəbt etməkləri azmış kimi, hədələyən, ölümlə təhdid edənlərin kimliyi barədə Sizdə təsəvvür yaransın deyə, başıma gələnləri bir az detallı şəkildə nəzərinizə çatdırıram.

Cənab Baş Prokuror! Artıq neçə ildir ki, qəyyumluğumda olan iki nəfər ikinci qrup əlil qardaşlarımdan birinin - Əliyev Etibar Əli oğlunun adına 1989-cu ildə- hələ Azərbaycan sovet höküməti tərəfindən (Maştağa qəsəbəsi, “Ləhic bağları” deyilən ərazidə)qanuni orderlə verilmiş bağımızı tanımadığımız adamlar zəbt ediblər. 12 sot bağın 9.6 sot hissəsi zəbt edilib, qalan 2.4 sot hissəsinə isə həmin adamlar tərəfindən kanalizasiya axıdılıb, çirkab suları ilə bağın bir hissəsini bərbad hala salıblar. Bu bəs deyilmiş kimi, həmin hissə üstəlik, zibilliyə çevrilib və zibilləri yandırmaqla bağın torpaq hissəsini də məhv ediblər. Bağdakı çoxsaylı əncir ağaclarını kəsib atıblar.

Sonradan topladığım məlumatlar əsasında öyrəndim ki, bağımızı zəbt edənlər Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Kəngərli kəndi,Vilayət 10 ünvanında qeydiyyata alınmış 20.10.1953 təvəllüdlü, şəxsiyyət vəsiqə nömrəsi AZE 02235310 olan Tamoyeva Sofiya və onun oğlu hesab edilən Naxçıvan Muxtar Respublikası, Babək rayonu Yuxarı Uzunoba kəndində qeydiyyata alınmış, şəxsiyyət vəsiqə nömrəsi AZE 15402870 olan, 08.06.1981-ci il tarixdə Rusiyanın Elista şəhərində doğulmuş Hüseynov Zaur adlı şəxslərdir.

Məlumat üçün bildirim ki, biz 1989-cu ildən bağımızın ətrafını ümumi olaraq 171 metr ölçüdə, hündürlüyü 2 metr olan qalın dəmir setka ilə hasarlamışdıq. Və həmin setkanı saxlamaq üçün yerə hər 1 metrdən bir 2,5 metr uzunluğunda qalın dəmir borular basdırmışdıq.

Bağın içərisində daşdan tikilmiş müvəqqəti istifadə üçün bir otaq və ondan əlavə dəmir vaqon otaq da var idi. İl boyu ailəliklə bağımıza gedib-gəlir, yay aylarıda qalırdıq ki, dənizə getmək rahat olsun. 

1994-cü ildə anam 56 yaşında vəfat etdi, Anamdan 8 il sonra 2002-ci ildə atamı da itirdik. Mənim və bacımın himayəsində qalan iki əlil qardaşımın qayğıları, az yaşlı uşaqlarımız və yaşadığımız məlum yoxsulluq ucbatından ata-anamın sağlığında olduğu kimi, bağımıza tez-tez gedib-gələ bilmədik... 

Təxminən 2007-ci ildə növbəti dəfə bağımıza gedəndə gördüm ki, bağın ətrafına çəkdiyimiz dəmir setka, basdırılmış borular, dəmir vaqondan olan ev yerli-dibli yoxdur. Daşdan tikilmiş otaq da uçurulub, içində olan əşyalarımız da yoxdur. Və bizim bağımızda yad, tanımadığım adamlar var. Onlar qardaşımın adına olan bağımızda daşdan bir daxma tikib özlərininki kimi rahat oturublar...
Onlara yaxınlaşdım ki, bura bizim bağımızdır, siz kimsiniz.
Mənə belə cavab verdilər: “Yox, bura artıq bizim bağımızdır, biz buranı almışıq. Sizinki o biri tərəflərdir, odeyyy, her yer boşdur, siz də gedin o biri tərəflərə...” 
Həmin vaxt ətrafdakı hər yer doğrudan da açıqlıq, çöllük idi. Amma bütün torpaq sahələri və bağların sənədlə sahibləri var idi. Və biz bütün qonşular on illərdir ki, biri- birimizi tanıyırdıq... Mən etiraz edərək dedim: 
“Siz gəlib bizim bağı dağıdıb zəbt etmisiniz. Mən sizi xatırladım, biz sonuncu dəfə bağdan çıxıb gedəndə siz bizim bağın arxa tərəfində olan "3881-42" saylı bağın içində, yerdən daş qırıqları yığıb bir yerə toplayırdınız...” .


Mənim onları sorğu-sual etdiyimi görüb kimlərəsə zəng etdilər, haralardansa bir neçə nəfər çağırdılar. Güya onlardan biri bələdiyyə idarəsindəndir, ikisi də onlara bağı satan qardaşlardır. Sahə müvəkkili də gəlmişdi ki, güya dava çıxa bilər. Mən tək idim, onlar 8-10 nəfər.Və başa düşdüm ki, onlar öncədən dəvət etdikləri adamlar ilə bu işə mütəşəkkil hazırlanıblar. Bu vəziyyətdə mübahisənin nəticəsi olmayacağını görüb çıxıb getdim...


Qısa müddət sonra təkrar bağımıza getdim. Artıq bizim daşdan tikilən otağın yeri də qalmamışdı. Qəsbkarlar yerləşib oturmuşdular və özlərini bağın əsil sahibi kimi aparırdılar. Onlarla bir daha mədəni şəkildə danışdım, nə anlatdımsa, faydası olmadı...
Bir dahakı dəfə gedəndə isə gördüm ki, düzəltdikləri daxmanın pəncərə-qapısını da götürüb gediblər.Yalnız üstü açıq divarlar qalıb. Qonşulardan soruşdum, dedilər ki, Saray qəsəbəsində təzə yer tapıblar, yığışıb gediblər ora. Deyiblər gəlib daşları da aparacaqlar. 

Bundan sonra mən həmişəki kimi arada gedib bağımıza baş çəkib geri qayıdırdım. Ancaq 2014-cü ildə növbəti dəfə bağımıza getdim və gözlərimə inanmadım. Eyni adamlar qayıdıb gəlmiş və yenidən bizim bağa yerləşmişdilər. Bu dəfə də bağımızdakı bir neçə qədim əncir ağacını kəsmişdilər. Həmin üstü açıq qalmış daxmanın üstünə şiferlər düzüb, onun üstünə də daşlar yığmışdılar, qapı-pəncərəni də yerinə qoyub orada oturmuşdular.

Mən yenə onlardan insan kimi mülayimcəsinə xahiş etdim ki, bizim bağdan birdəfəlik getsinlər. Əvəzində onların özünün və onlara qonaq gələn qohumlarının (qadın və kişilərin) hücumuna məruz qaldım. Onlara “özünüzə başqa bir yaşayış yeri tapın və bağımızdan birdəfəlik çıxıb gedin” dedim və getdim. Qısa bir müddət sonra bağa baş çəkmək üçün bir daha gedəndə gördüm, oturduqları daxmanın yanına yenə nəsə tikib artırıblar.

2017-ci ilin sentyabr ayının əvvəlində gedib onlarla bir daha danışdım, onlara bizim bağdan birdəfəlik yığışıb getmələri üçün 5 ay, yəni 2018-ci ilin mart ayına qədər zaman verdim. Və bir daha çıxıb getmələrini xahiş etdim. Getmədilər, əvəzində yenə də məni hədələməyə başladılar.

Onlarla insan kimi danışmağın heç bir mənası olmadığını tam anladım və 2018-ci ilin mayında sahə müvəkkilinə rəsmən müraciət etdim. Bağımıza onunla birlikdə getdim, bağın sənədlərini də apardım. Polis müvəkkili bağın kimə məxsus olduğunu bir daha dəqiqləşdirmək üçün Maştağa Bələdiyyə İdarəsindən nümayəndə dəvət etdi, sənədlərlə gələn rəsmi nümayəndə bağımızı zəbt edənlərin iştirakı ilə yeri bir daha ölçdü, koordinatlarını göstərdi, işarələdilər, bağın bizə məxsus olduğu bir daha sənədlərlə təsdiqləndi...


Nəticədə mən sahə müvəkkili və onun bələdiyyə idarəsindən dəvət etdiyi nümayəndənin yanında bildirdim ki, bağın ətrafına daş hasar çəkmək istəyirəm. Onlar razılaşdı və polis müvəkkili bağımızı zəbt edənlərə mənə mane olmasınlar deyə, tapşırıq verdi. Ertəsi gündən usta briqadası dəvət etdim. Daş gətirtdim və koordinatlara görə tam dəqiq şəkildə bizə məxsus olan bağımızın ətrafına daş hasar çəkdirməyə başladıq. Bizim tərəfdən mən tək gedirdim. 
Ustalardan xahiş etdim ki, bağımızı zəbt edənlər tərəfindən hər hansı bir provakasiya xarakterli hərəkət olsa, heç biri müdaxilə etməsin. Onların hərəkətlərinə reaksiya verməsinlər. Dedim, onlar tərəfindən hər hansı bir xoşagəlməz bir hadisə olsa, siz mənə xəbər verin, zəng edəcəyəm, sahə müvəkkili yaxınlıqdadır, gələcək. 

10-12 gün hasar tikintisi işi getdi və mən bir neçə dəfə bağımızı zəbt edənlərin yaratdığı problemlə əlaqədar sahə müvəkkilini çağırmaq məcburiyyətində qaldım.
Bağın daşla hasarlanma işi tam olaraq başa çatmadı. Çünki nədənsə bayaqdan məni müdafiə edən hüquq-mühafizə orqanı əməkdaşı bağımı zəbt edənlərin tərəfinə keçdi və “sən onları bağdan çıxara bilməyəcəksən, onlar artıq orada məskunlaşıblar”- deyib, məni dinləmək istəmədi. Bu ondan sonra baş verdi ki, həmin əməkdaş hasar çəkilən vaxt gəlib məndən 500 manat pul istədi, dedim mən sizə bir dəfə 100 manat vermişəm, ondan artıq mən sizə pul verməyəcəyəm. O da mənə dedi ki, mənə zənglər edirlər, bağı zəbt edənlərin arxasında yüksək rütbəli adamlar var. “Mən sənə və sənin bağ məsələnə görə işimdən ola bilmərəm”. Mən isə ona onun bir dövlət məmuru olduğunu xatırlatdım. Əsəbdən üzü qızardı, əlini yellədərək mənə belə dedi: “Mən olmasaydım, bunlar səni çoxdan öldürüb, quma basdırardılar, heç kim də axtarıb tapmazdı ki, hara yox olmusan, harada itmisən” və maşınını sürüb getdi. 

Sonrakı günlər daha başqa xoşagəlməz hadisələr yaşandı. Mən narahat oldum ki, ustalar məni qorumaq üçün hər hansı bir hərəkət etsələr, onları tutub cəzalandıra bilərlər. Onlar hamısı yazıq, kasıb, ailəsinə yavan çörək pulu qazanan zəhmətkeş insanlardır. Bu səbəbdən hasar çəkmək işini tamamlaya bilmədim, yarımçıq saxladım...

Bütün bunlar baş verə-verə mən Azərbaycan Respublikasının qanunla haqq və hüquqları müdafiə olunmalı bir vətəndaş kimi dəfələrlə onlayn və ya mətbuat vasitəsi ilə əlaqədar yerli- Sabunçu rayonu və mərkəzi qurum rəhbərlərinə müraciət etdim.
Lakin təəssüf ki, bu günədək heç bir real nəticə yoxdur. Bağımızı zəbt edənlər öz işlərindədir... 
Cənab baş prokuror! Onu da nəzərinizə çatdırım ki, bağımızı zəbt edənlərin dövlətçiliyimiz əleyhinə olan şəxslər olduğu qənaətinə gəlmişəm. Qonşulardan aldığım məlumata görə bilirəm ki, zəbt etdikləri bizim bağa dəstə ilə qadın ve kişilər yığışır, gecə yarısına qədər yemək-içmək, musiqi, mahnı oxumaq, rəqs məclisləri düzəldirlər. 

2018-ci ilin iyulunda Mingəçevir SES-də ölkənin işıqsız qalması ilə nəticələnmiş məlum hadisələrdən 2 gün öncə bəhs etdiyim hüquq-mühafizə orqanı əməkdaşı gecə saatlarında bağı zəbt edənlərlə birlikdə bizim bağımızda olub?! Hadisə günlərində (bütün respublikada isıqlar sönən, dövlətimizə qarşı təxribatlara cəhd edilən günlər) əlil qardaşıma məxsus zəbt olunmuş bağımızda bir dəstə dövlətə müxalif insanlar toplaşaraq şadyanalıq ediblər. Bağda işıq problemi olmayıb. Çünki məşhur iş adamlarındna birinin Nardarandakı malikanəsinə gedən işıq və su xətləri Maştağadan, bizim bağımızın yanından keçdiyi üçün həmin ərazidə heç vaxt işıqlar sönmür və qaz, su problemi olmur... 

Cənab Baş Prokuror! Təsəvvür edin ki, mən hər dəfə o adamların bağımızdan çıxıb getmələrini tələb etdikdə bəhs etdiyim hüquq-mühafizə orqanı əməkdaşı “onlar səni öldürüb quma basdıracaqlar” deyir. Həmin dövlət işçisi özü də əgər DİN-ə məlumat versəm, başıma yüz oyun açacağı ilə məni hədələyir. Təsəvvür edin ki, öz bağımıza gedəndə “bura niyə gəlmisən?” deyə məni sorğulayırlar. Bağı zəbt edənlərin arasında mənə hücumlar edən, məni təhqir edən ən fəal isə 99 MT 384 nömrəli zoğalı rəngli “Jiquli” markalı maşının sahibidir. O belə deyir: “Biz naxçıvanlıyıq, Azərbaycanı biz yaratmışıq, biz qurmuşuq, istədiyimizi də edərik. Sən kimsən, hələ ver sənədlərini səni “kqb” də yoxladım, görüm sən kimsən, sənin başına oyunlar açım...”

Onu da nəzərinizə çatdırım ki, 04.08.2018 tarixdə mənə zəng edərək hansı idarədən olduğunu deməyən, özünü müstəntiq kimi təqdim edən şəxs bildirdi ki, bağınızı zəbt edən adamlar həmin bağdan çıxmayacaqlar. Mən ondan bu sözlərinə görə rəsmi cavab istədim və bildirdim ki, yaxın günlərdə o adamlar həmin bağdan çıxmasalar, BMT- yə müraciət edəcəyəm, qəyyumluğumda olan əlil qardaşımın hüquqlarının qorunması üçün kömək istəyəcəyəm. Özünü müstəntiq kimi təqdim edən şəxs isə cavabında ironiya ilə güldü və dedi ki, hara, kimə istəyirsən yaz. “BMT 30 ildir Azərbaycan torpaqlarını ermənilərdən alıb Azərbaycana qaytara bilmir, gözlə, BMT sənə bağ qaytaracaq”-deyib telefonu bağladı. Adam da bağı zəbt edənlərlə eyni ləhcədə danışdığından onun gerçəkdın müstəntiq olub-olmadığını bilmirəm. 

Cənab Baş Prokuror! Əlaqədar qurumlara etdiyim müraciətlərin detallarını və onların nəticələrini sadalayıb vaxtınızı daha çox almıram. Əgər lazım bilsəniz, əməkdaşlarınız Sabunçu rayonunun müvafiq qurumlarından hər şeyi öyrənə bilərlər. 

Sizdən xahiş edirəm, səlahiyyətiniz və qanunlar çərçivəsində mənim və doğmalarımın təhlükəsizliyinə şərait yaradılması və o adamların kimliyinin araşdırılıb bizim bağdan çıxarılmaları, mənə, ailəmə qarşı etdikləri hədə- qorxulara son qoyulması və bizə qarşı mənəvi və eləcə də maddi ziyanın ödənilməsi üçün tədbir görəsiniz.

Cənab Baş Prokuror! Sizdən bir daha xahiş edirəm, təcili bu işi həll edin və məni, himayəmdə olan iki nəfər ikinci qrup əlil və bir tələbə ilə birlikdə çətin vəziyyətdən qurtarın. 

Hörmətlə: 

Azərbaycan Respublikası vətəndaşı: Əliyeva Bahar Əli qızı
 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi