{category-title}

 

Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür. Bu gün daha çox Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan Respublikasına rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. Ona görə də Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərinı təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə (1969-1982-ci illər) nəzər yetirmək lazımdır.

 

1969-cu ildən başlayan dönüş

 

Bildiyimiz kimi, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu.

Ulu öndər Heydər Əliyev fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə atırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.

Strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi.

Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Sonralar Ulu öndər Heydər Əliyev bu missiya və prosesi məhz belə dəyərləndirirdi: "O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana vətənini unutmayasan".

Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı. 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi hadisə idi. Bunun ardınca "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı.

Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi.

 

Ulu öndərin siyasi fəaliyyətində daha bir mühüm mərhələ

 

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də Onun xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini göstərən mühüm mərhələdir.

Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiyada idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş və idarəetmə potensialı və qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, Muxtar Respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi.

Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə daha da kəskinləşdi. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə gördüyü işlərin mahiyyətini və əzəmətini anlamaq üçün sadəcə bir neçə fakta nəzər yetirmək kifayət edir.

Belə ki, milli dövlətçilik ənənələrinin bərpa olunması yönündə görülən işlər sırasında Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa olunması və milliləşdirmə siyasətinin həyata keçirilməsi vurğulanmalıdır. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

O zaman Azərbaycanda hakimiyyətdə olan səriştəsiz qüvvələr korporativ maraqlar əsasında çıxış edərək sabitliyə və inkişafa mane olmaq yönündə xüsusi fəallıq göstərirdilər ki, bu da Naxçıvanın durumuna mənfi təsir edən destruktiv faktor qismində çıxış edirdi. Hətta iş o həddə çatmışdı ki, xarici güc mərkəzlərinin "marionetka"ları qismində çıxış edən hakimiyyətdəki "piyada"lar Naxçıvanda bir neçə dəfə dövlət çevrilişinə cəhd etdilər. Bunlardan ilki Xalq Cəbhəsinin Naxçıvandakı 24 oktyabr 1992-ci ildə silahlı dəstələrinin Muxtar Respublikada etdiyi çevriliş cəhdi oldu. Amma Ulu öndər Heydər Əliyevin siyasi məharəti sayəsində bəhs edilən çevriliş cəhdlərinin qarşısı alındı.

Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə "1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi.

Bütün bunlarla yanaşı, Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqi meyillərinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Sosial-iqtisadi və aqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə prosesinə start verildi və infrastruktur sahələrinin inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional miqyasda rasional strateji münasibətlər sistemi formalaşdırmaq lazım idi ki, Ümummilli lider Heydər Əliyev bu yöndə strateji addımlar atdı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması blokada şəraitində olan Naxçıvanın vəziyyətinə əhəmiyyətli dərəcədə müsbət töhfə oldu.

Beləliklə, siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, atdığı rasional, praqmatik addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

 

Müstəqil dövlətimizin xilaskarı

 

Bildiyimiz kimi, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzləşdi. Əvvəla, həmin dövrdə cərəyan edən proseslər və ortaya çıxan mənzərə onu göstərdi ki, Azərbaycan digər keçmiş SSRİ respublikaları ilə müqayisədə öz müstəqilliyini olduqca gec elan etmişdi. Məsələn, Litva 11 mart 1990, Rusiya 12 iyul 1990, Gürcüstan 9 aprel 1991, Estoniya 20 avqust 1991, Qırğızıstan 31 avqust 1991, Özbəkistan 1 sentyabr 1991-ci il, nəhayət, Tacikistan 9 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etdiyi halda, Azərbaycan buna yalnız 1991-ci il oktyabrın 18-də nail ola bildi. Təbii ki, bunun bir sıra obyektiv və subyektiv səciyyə daşıyan fundamental səbəbləri var idi. Bu səbəblərin başında isə həmin vaxt Respublikaya "rəhbərlik" edən subyektlərin qətiyyətsizliyi, Moskvanın kölgəsi altında, "kölə psixologiyası" ilə yaşamaq niyyətləri və bu rəhbərlərin xalqın ali mənafeyini mərkəzin imperialist maraqlarına qurban vermələri dayanırdı. Bütün mahiyyəti və mövcudluğu ilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını, prinsiplərini qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii situasiya, hətta imperiyanın mərkəzində dayanan Rusiyanın belə öz dövlət müstəqilliyini elan etməsi, həmçinin, xalqın azadlıq istəyi kimi faktorlar Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi. Məhz Azərbaycanın o zamankı iqtidarın müstəqillik ideyalarına etinasız olmasının nəticəsi idi ki, şəraitdən istifadə edən təcavüzkar Ermənistan strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Mövcud vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Ayaz Mütəllibov hakimiyyəti çarəni istefa verməkdə gördü.

Bundan sonra hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq "əlinə silah alan" hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi subyektlər lazım idi ki, Azərbaycanı anarxiya meyilləri ilə müşayiət edilən xaotik durumdan xilas etsin. Amma 1993-cü ilədək ölkəyə rəhbərlik edən şəxslər xarici qüvvələrin "piyada"sı kimi çıxış etməkdən başqa, xalqımız, dövlətçiliyimiz üçün heç bir önəm kəsb edə bilmədilər.

Beləliklə, müstəqilliyin ilk illərində Azərbaycan çox ciddi problemlərlə üzləşdi və sistematik strategiyanın həyata keçirilməməsi nəticəsində kataklizmlər iqtisadi, siyasi, sosial, hüquqi və digər sahələri iflic etdi, ölkədə vətəndaş müharibəsi, separatizm təhlükəsi artdı.

Bu durum 1993-cü ilə, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyilllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu öndər ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, müstəqilliyin əsaslarını möhkəmləndirmək istiqamətində addımlar atdı.

 

Yeni Azərbaycan Partiyasının yaradılması ictimai-siyasi gerçəkliklərdən doğan tarixi zərurət idi

 

Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Müstəqillik əldə etdikdən sonra xaotik və antaqonist siyasi proseslərin fonunda ölkəmizin qarşısında duran başlıca strateji vəzifələrdən biri də ictimai-siyasi institutlaşma prosesinin həyata keçirilməsi idi. Bunun başlıca istiqamətlərindən biri də plüralist prinsiplər əsasında müxtəlif orientasiyalara malik olan siyasi partiyaların təsis edilməsi və onların fəaliyyət mexanizmlərinin milli maraqlar və dəyərlər əsasında təşkilinə şərait yaradılması idi.

Beləliklə, hakim dairələrin törətdikləri süni maneələrə baxmayaraq, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.

Partiyanın uğurlarının davamlılığını şərtləndirən ən mühüm amil partiyada Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada xüsusilə qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən YAP-ın I Qurultayında o zaman ARDNŞ-in birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Əgər nəzərə alsaq ki, cənab İlham Əliyev həmin dövrdə həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri idi, onda qeyd edə bilərik ki, bu, partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi. Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. Əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, 2005-ci ildə keçirilən III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında artıq gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir.

Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün ölkə daxilində böyük nüfuza və geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.

 

Milli birlik və həmrəyliyin təminatçısı

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistematik strategiyanın əsasında siyasi sistemin təməl atributları və struktur elementlərinin dirçəldilməsi və təkmilləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi, inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, siyasi plüralizmin təmin edilməsi və bütün bunların əsasında demokratik transformasiyanın milli dəyərlərə və maraqlara müvafiq surətdə baş tutması kimi fundamental strateji vəzifələr dayanırdı. Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan Ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi.

Məhz sadalanan vəzifələrin yerinə yetirilməsi istiqamətində hüquqi-normativ bazanın yaradılması strateji əsas oldu. Beləliklə, xalqımızın Əbədiyaşar lideri Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gedərək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Konstitusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrübəsindən geniş istifadə edilməsi ilə yanaşı, respublikamızın tarixi ənənələri, spesifik özəllikləri və xalqımızın mentaliteti də nəzərə alınmışdı.

Müstəqillikdən sonra ölkəmizin qarşısında duran növbəti vəzifə milli həmrəylik və bütövlüyü təmin edəcək fundamental mənəvi faktor olan milli ideologiyanın müəyyən edilməsi və ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli istifadə mexanizminin həyata keçirilməsi idi. Amma müstəqilliyin ilk illərində mövcud olan siyasi hərc-mərclik və vahid dövlət siyasətinin olmaması bütün sahələrdə olduğu kimi, milli ideoloji siyasət sahəsində də güclü mərkəzdənqaçma meyillərinin müşahidə olunmasına və nəticə etibarilə bu sferada ciddi boşluqların yaranmasına səbəb olmuşdu.

Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya isə yalnız 1993-cü ildəki siyasi dönümdən sonra müəyyənləşdirildi. XIX-XX əsrlərin hüdudunda yaşayan milli maarifçilərimizin idea əsaslarını qoyduğu azərbaycançılıq Ümummilli lider Heydər Əliyevin çıxışlarında özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva edən, milli həmrəyliyi təmin edən təkmil ideologiya halını aldı. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi.

Bir məqamı qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Onun rəhbərliyi dövründə respublikanın təhlükəsizlik orqanlarından Antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Və azərbaycançılıq ideologiyasının rüşeymi də, milli özünüdərk prosesinin rüşeymi də elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə Ulu öndər öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə Ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Hesab edirik ki, bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi.

Beləliklə, xalqın tələbləri ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev müstəqillik dövründə azərbaycançılıq ideologiyasından milli həmrəyliyi və bütövlüyü təmin edən mexanizm qismində istifadə etdi. Azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilən və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən mənəvi mexanizm səciyyəsi daşıdı.

 

Ulu öndərin neft strategiyası bugünkü iqtisadi uğurlarımızın təməlidir

 

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf və tərəqqi strategiyasının mühüm istiqamətlərindən birini də müstəqil enerji siyasəti təşkil edir. Ümummilli liderin gərgin əməyi və qətiyyəti sayəsində neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Ulu öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu məqsədlə müəyyənləşdirilən ən uğurlu marşrut Bakı, Tbilisi və Ceyhanı birləşdirən boru kəmərinin çəkilməsi idi. Həmin dövrdə müxtəlif xarici qüvvələrin təxribatlarına və təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi nəticəsində, ən əsası isə, Ulu öndərin qəti əzmkarlığı sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə reallığa çevrildi.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası, çəkilişinə nail olduğu Bakı-Tbilisi-Ceyhan kəməri ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də, regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artmasına səbəb olub. Sirr deyil ki, bu gün Azərbaycanın bənzəri görülməyən sürətlə inkişafı, dünyada nüfuz sahibi olması, müxtəlif məsələlərə münasibətdə öz mövqeyini ortaya qoyması, heç bir dövlətdən və qurumdan asılı olmayan həqiqi müstəqilliyə malik olması məhz Ulu öndərin düşünlümüş enerji siyasətinin uğurla davam etdirilməsi sayəsində mümkün olmuşdur.

 

Ulu öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirilir

 

Bu gün isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir. Məhz bunun qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və səmərəli xarici siyasət kursunun həyata keçirilməsi müasir Azərbaycan dövlətinin gücünü artıran fundamental faktor kimi çıxış edir.

Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli inkişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli inkişafa təkan verməkdədir. Yəni uğurlu sosial siyasətin fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi eyni zamanda, perspektiv inkişafın təməl komponentlərini təşkil edir.

Vurğulanması zəruri olan məsələlərdən biri də budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Başqa sözlə, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar.

 

Ramiz Poluxov

 

Dosent, Tibb elmləri doktoru,  ATU Uşaq cərrahiyyəsi kafedrasının müdiri

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər