pressxeber.info
pressxeber.info

Hava təhdidlərinə qarşı Azərbaycanın güclü immuniteti - ŞƏRH

37 dəfə baxılıb 26-06-2020, 15:57

Hava təhdidlərinə qarşı Azərbaycanın güclü immuniteti - ŞƏRH

 

Azərbaycan ordusunun döyüş qabiliyyəti təkmilləşdirilir, ölkə ən müasir silahların alınması istiqamətində bir çox dövlətlərlə hərbi-texniki əməkdaşlığı dərinləşdirir.

Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, ən müasir raket sistemlərinin silahlanmaya daxil edilməsi müstəqilliyin qorunması və ərazi bütövlüyünün bərpası üçün əsas şərtlərdən biridir.

Ölkəmizin arsenalında olan ən müasir silahların Aprel döyüşlərində tətbiq edilməsi də qələbəni şərtləndirən əsas amillərdən idi.

Nüfuzlu “Global Firepower” təşkilatının 2020-ci il üçün reytinqində Azərbaycan ordusu 138 ölkə arasında 64-cü yerdə, Ermənistan ordusu isə 111-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Global Firepower” hərbi güc və maliyyə baxımından maddi-texniki imkanları  qiymətləndirir. Bu zaman müəyyən bir ölkənin hərbi nüfuzunu 50-dən çox indikatordan istifadə etməklə dəyərləndirir.

Prezident, Ali Baş Komandan İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxış edərkən ordunun gücünə, döyüş qabiliyyətinə, arsenalına diqqət çəkib. Dövlət başçısı bildirib ki, Prezident kimi fəaliyyətində ordu quruculuğu birinci yerdədir.

Azərbaycanın hərbi-texniki əməkdaşlıq etdiyi ölkələrin sayı çoxdur – Rusiya, Çexiya, Türkiyə, Pakistan, Belarus, Ukrayna, İsrail və s. Gələcəkdə silah idxalı ilə bağlı coğrafiyanın genişləndirilməsi gözlənilir.

Xatırladaq ki, “Paris Air Show-2019” silah sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Fransanın “Nexter” silah istehsalçısı zirehli texnika, dəniz və hava platformaları üçün müxtəlif silah növləri, həmçinin robot texnikasının birgə istehsalını müzakirə ediblər.

Bundan əlavə, “Thales Group” şirkəti Azərbaycanda müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin istehsalı üzrə birgə müəssisə, həmçinin regional servis mərkəzi yaratmaq niyyətindədir.

Azərbaycanın perspektivdə dünya nəhənglərindən olan Çinlə də hərbi-texniki əməkdaşlığa başlayacağı gözlənilir.

Ölkəmiz hücum silahları ilə yanaşı, müdafiə sistemlərinin alınmasında da maraqlıdır, çünki Azərbaycana qarşı təhdidlərin qarşısının alınmasında məhz hava hücumundan müdafiə sistemləri mühüm rol oynayır.

Ali Baş Komandan bildirib ki, Azərbaycan bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə edib.

“Onların Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, - həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq”, - deyə, İlham Əliyev əlavə edib.

Azərbaycanın hava hücumundan müdafiə sistemləri içərisində Rusiya istehsalı olan “S-300”, İsrail istehsalı “Barak-8” kimi silahlar var.

Rəsmi təsdiqlənməsə də, ekspertlər hesab edirlər ki, Azərbaycan hava hücumundan müdafiədə ən güclü silahlardan biri, İsrail istehsalı olan “Dəmir günbəz”ə sahibdir.

Ermənistan həmişə daxili auditoriyaya işləyən bəyanatlar verərkən, Azərbaycanı Mingəçevir su anbarı ilə təhdid etməyə çalışır. Lakin Ermənistan özü də başa düşür ki, bu, mümkün deyil.

“Ermənistanın bunu etməyə gücü və cəsarəti çatmaz. Mən işlədiyim zamanlarda da oranı böyük bir alay müdafiə edirdi. İndi isə o zamankından da daha yaxşı müdafiə olunur. Ermənilərin Azərbaycanın müdafiə qüvvələrindən çox yaxşı xəbəri var”, - bunu keçmiş Bakı və Zaqafqaziya Hərbi Dairəsi Hava Hücumundan Müdafiə Komandanı, general-polkovnik Tofiq Ağahüseynov müsahibələrinin birində deyib.

Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SIPRI) silahların ən böyük idxalçıları və ixracatçılarına dair hesabatlarına əsasən, Azərbaycan 2009–2013-cü illə müqayisədə 2014–2018-ci illərdə silah idxalını 15 faiz artırıb.

Prezident İlham Əliyev qeyd edib ki, hava hücumuna qarşı müasir qurğular imkan verir ki, bizim ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun.

Eyni zamanda, Azərbaycan ən müasir pilotsuz uçuş aparatları da alır:

“Pilotsuz uçuş aparatları ən yüksək səviyyəli istehsalçıların istehsalıdır. Eyni zamanda, Azərbaycanda da bu istehsal təmin edilib”, - deyə, Prezident söyləyib.

Onu da əlavə edək ki, Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1 300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan strateji üstünlüyə malikdir. Azərbaycanın müasir silah-sursat, texnika ilə təchizatının bundan sonra da davam etdirilməsi gözlənilir, yəni bu sahədə hər hansı təxirə salınmadan söhbət gedə bilməz.

Azərbaycanın döyüş təyyarələri modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat helikopteri var.

Azərbaycanda müasir ordu quruculuğu şəxsi heyətin təminatı məsələlərinin yüksək səviyyədə həll olunması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə paralel şəkildə aparılır.

Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra olunur.

Prezident İlham Əliyev bildirib ki, bu, böyük vəsait tələb edir və dövlət həmin vəsaiti ayırır.

Qeyd edək ki, bu günə qədər 1 700 zabit bu proqramla əhatə olunub və onlara mənzillər verilib. İlin sonuna qədər isə əlavə 419 zabitə dövlət tərəfindən mənzillərin verilməsi planlaşdırılır.

Azərbaycan ordusundakı arsenal və şəxsi heyət arasında ruh yüksəkliyi Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasının təminatıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi